Onlar iqtidarı vətəndaşları radikallaşdırmaqda suçlayır
Azərbaycan Islam Partiyası ardıcıl təqiblərə məruz qalması ilə bağlı cümə günü əbyanat yayıb. Müəlliflər hakimiyyəti konstruktiv qüvvələri ləkələməyə, radikallığa cəlb etməklə dağıdıcı adlandırmaq fikrinə nail olmağa cəhd etdiyini bildirirlər.
Müəlliflər Bakı şəhər icra hakimiyyətinin sərbəst toplaşmaq azadlığını faktiki qadağan etməsini ölkənin taleyüklü məsələlərinin həllində rəsmi Bakının xalqın mövqeyi və iradəsi ilə hesablaşmaq düşüncəsinin olmaması kimi dəyərləndirir. Sənəddə partiyanın ölkənin ərazi bütövlüyünün bərpası, daxili problemlərinin həllilə bağlı nəzərdə tutulan aksiyaların keçirilməsinə icazə verilmədiyi nəzərə çatdırılır. Bakı şəhər icra hakimiyyətinin aksiyalar keçirilməsilə bağlı bütün müraciətlərə hər hansı əsas gətirmədən rədd cavabı verməsini müəlliflər sərbəst toplaşmaq azadlığının qadağan olunması sayır. Buna baxmayaraq partiyanın Bakı şəhər icra hakimiyyətinə qarşı məhkəmə iddiası ilə bağlı ərizəsini 1 saylı inzibati-iqtisadi məhkəmənin əsas gətirmədən rədd etməsini nəzərə çatdırır. Sənəddə bütün bunlar bir mərkəzdən idarə edilən ssenariləşdirilmiş təxribat, insanları radikallığa, qarşıdurmaya cəlb etmək niyyəti kimi dəyərləndirilir. Müəlliflər həm də tərəfdaşlarını səbrli olmağa, belə təxribatlara uymamağa çağırırlar.