Təhsilimiz PISA güzgüsündə

Təhsilimizin səviyyəsinin bu dərəcədə kəskin aşağı düşməsi ölkəmizi nə qədər geri salacaq?!

 

BMT Inkişaf Proqramı UNESCO-nun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq Institutunun (TPBI) dəstəyilə bu il noyabrın 24-25-də Slovakiyanın paytaxtı Bratislavada “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində təhsildə korrupsiyaya qarşı mübarizə” adı altında beynəlxalq konfrans keçirilib. Konfransda maraqlı bir hesabat da dinlənilib. Hesabatda qeyd olunur ki, təhsil sahəsində korrupsiya halları ölkənin iqtisadi yüksəlişinə mane olmaqla yanaşı, şagirdlərin bilik və bacarıqlarının inkişafını zəiflədir, bunun da nəticələrini aradan qaldırmaq həddən artıq baha başa gəlir. Hesabatda xüsusi olaraq o da vurğulanır ki, PISA (Programme for International Student Assessment) qiymətləndirmələrində ABŞ məktəblilərinin orta göstəricilərinin 25 pillə yuxarı qalxması bu ölkədə bir nəslin həyatı boyunca ümumi daxili məhsulun 115 trilyon dollar artması ilə nəticələnəcək. Böyük maraq kəsb edən bu məsələlərə təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı münasibət bildirib. Onu oxucuların diqqətinə çatdırırıq.

 

Bir daha köhnə bayatılar haqqında…

Təhsil məsələləri o qədər çeynənib ki, artıq cəmiyyət bu haqda danışmaqdan da iyrənib. Ziyalılar, ekspertlər və yazarlar bu barədə nə qədər danışıb, elektron və yazılı mətbuatda nə qədər çıxışlar edib, nə qədər həyəcan təbili çalıblar. Amma, necə deyərlər, dəyirman öz işindədir, çaxçax baş ağrıdır. Təhsilimizsə gözümüzün önündə ilbəil sürətlə geriləməkdə davam edir…
Diqqətli oxucuların yadında varsa, məlum konfransı keçirən TPBI 2007-ci ildə dərc etdirdiyi “Korrupsion universitetlər, korrupsion məktəblər: nə etmək olar?” adlı hesabatında bizim TQDK-nın fəaliyyətini yüksək qiymətləndirmişdi. Bu qurumun hamıya örnək olası fəaliyyəti haqqında Rusiyanın ORT kanalında böyük bir veriliş də hazırlanmışdı. Əlbəttə, yaxşıya yaxşı deyərlər, pisə də pis! Indi gəlin birgə fikirləşək: Necə ola bilər ki, hökumətin bir qurumu – TQDK beynəlxalq arenada müsbət imic qazana bilir, amma digər qurumu – Təhsil Nazirliyi haqqında yaxşı bir söz eşitmirik?! Əksinə, onun haqqında eşitdiklərimiz yalnız pis şeylər olur. Bəlkə bu, daha çox həmin qurumlardakı idarəçilik üsulları ilə bağlıdır?..

Gələk PISA məsələsinə…

Nədir PISA? Bu, Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development – OECD) 2000-ci ildən bəri həyata keçirdiyi proqramdır. Devizi “Yaşamaq üçün öyrənmək!” olan və hər üç ildən bir keçirilən bu proqramın əsas hədəfi ayrı-ayrı ölkələrdə 15 yaşlı şagirdlərin bilik və bacarıqlarının səviyyəsini müəyyənləşdirməkdir. Azərbaycan bu proqrama 2006-cı ildən qoşulub. Xatırladıram ki, həmin ilin PISA qiymətləndirməsinə görə şagirdlərimiz 57 ölkə arasında riyaziyyat üzrə 31-ci yerdə qərarlaşa bildi. Digər fənlər üzrə nəticələr isə lap biabırçı oldu: oxu savadından 54-cü, təbiət fənlərindən isə 55-ci yeri tutduq. 65 ölkə arasında keçirilən növbəti – 2009-cu il qiymətləndirməsində isə daha rüsvayçı mənzərə ilə qarşılaşdıq: Oxu savadı – 64-cü yer; təbiət fənləri – 63-cü yer; riyaziyyat – 45-ci yer. Burada ən böyük faciələrimizdən biri Tunis, Iordaniya, Qətər, hətta adını çox nadir hallarda eşitdiyimiz Trinidad və Tobaqodan da geridə qalmağımızdır. Digər faciəmiz isə odur ki, Azərbaycan 2006-cı ildə riyaziyyat, oxu savadı və təbiət fənləri üzrə, uyğun olaraq, 31, 54, 55-ci yerləri tuturdusa, 2009-cu ildə kəskin aşağı düşərək 45, 63, 64-cü yerləri tutdu…

PISA nəticələri dünyada necə tanınır?

PISA-nın nəticələrinə ayrı-ayrı ölkələrdə nə dərəcədə önəm verildiyini aşağıdakı iki misalın timsalında izah etmək istərdim.
Birinci misal. 2001-ci il dekabrın əvvəlində PISA-2000-in nəticələri açıqlandı. Bəlli oldu ki, o vaxtadək haqqında miflər danışılan Almaniya 32 ölkə arasında 21-ci yeri tutub. Bu xəbər yayılandan dərhal sonra Almaniyada sözün həqiqi mənasında böyük bir şok yaşandı. Ən kiçik kütləvi informasiya vasitələri belə bu tükürpədici mövzudan yazdı. Alman xalqı dəhşətə gəlmişdi: “Niyə bu qədər inkişaf etmiş Almaniya PISA qiymətləndirməsində aşağı nəticə göstərib? Nə baş verib?”. Bundan sonra Almaniya bundestaqında təhsillə bağlı dinləmələr keçirildi və təhsil naziri istefaya göndərildi. O vaxtdan başlayaraq bu ölkədə təhsil sahəsində köklü islahatlar aparıldı. Nəticə isə göz qabağındadır…
Ikinci misal. Keçən il dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində bir skandal yaşandı. Ana müxalifət partiyası CHP-nin başqanı Kamal Kılıcdaroğlu Təhsil Nazirliyinə qarşı sərt ittihamlarla çıxış etdi və Türkiyənin PISA-2009-da 42-ci yeri tutmasının nədənini sordu. Halbuki bizə baxanda bu o qədər də pis göstərici deyildi. Amma buna baxmayaraq məsul şəxslərdən haqq-hesab sorulurdu. Elə bu səbəbdən də tez bir zamanda Türkiyə təhsil nazirini görəvdən götürdülər.
Dəyərli oxucular! Xatırladıram ki, PISA tədqiqatlarını aparan OECD qiymətləndirmə sahəsində dünyada çox nüfuzlu təşkilat sayılır. Bütün dövlətlər onun apardığı təhlillərin nəticələrini tanıyır və qəbul edir. Yəqin ki, bunu Almaniya və Türkiyə dövlətləri ilə bağlı çəkdiyim yuxarıdakı iki misaldan açıq-aydın hiss etdiniz. Öz inkişafını təhsildə görən dövlətlər ətək-ətək pullar tökürlər ki, belə təşkilatlar onların təhsillərinin keyfiyyətini qiymətləndirsin. Müasir rəqabət dövründə bu, həmin dövlətlərə hava və su kimi lazımdır. Çünki bununla onlar, əvvəla, təhsil sahəsində kimdən irəli, kimdən geri olduqlarını bilirlər, ikincisi isə ondan istifadə edərək gələcək təhsil strategiyalarını müəyyənləşdirirlər.

Bəs Mərdanov necə, PISA nəticələrini tanıyırmı?!

“Bu günədək beynəlxalq təşkilatların əksəriyyəti müəyyən məsələlərə qiymət verərkən Azərbaycanla bağlı heç vaxt ədalətli mövqe tutmayıblar. …Bu təşkilatın (PISA proqramını həyata keçirən OECD-ni nəzərdə tutur – Ə.O.) Azərbaycan təhsilinə verdiyi qiymət də həqiqətə uyğun deyil”. Bu sözləri “525-ci qəzet”ə təhsil naziri Misir Mərdanov deyib. Məəttəl qalası işdir: Necə olur ki, almanlar kimi dəqiq, elm və təhsildə yüksək nəticələrə nail olmuş bir xalq PISA-nın nəticələrini ciddi qəbul edir, amma Mərdanov bunu qərəzçiliyə yozur?
Almaniya və Türkiyədən fərqli olaraq, biz həmin siyahıda sondan əvvəlki – 64-cü yeri tutmuşuq, amma indiyədək Misir Mərdanova güldən ağır söz deyən olmayıb. Yuxarıda qeyd etdiyim kimi, həmin dövlətlərdə PISA nəticələrindən şoka düşən hökumət təhsil nazirlərini işdən çıxardılar. Bizdə isə deyəsən, tərsinə olacaq, Mərdanov PISA-nı ölkədən çıxaracaq. Belə ki, mətbuatın yazdığına görə, o, ətrafındakılara OECD ilə əlaqələri kəsmək tapşırığını verib və sərt şəkildə: “həm pullarımızı yeyirlər, həm də ağıllarına gələni yazırlar”, – deyib. Bunun isə bircə anlamı var: Güzgüyə baxıb əyər-əskiyini düzəltmək əvəzinə, vurub güzgünü sındırmaq…

PİSA ABŞ-a 115 trilyon vəd edir, bəs bizə?!

TBPİ-nin hesabatında o da qeyd olunur ki, PİSA qiymətləndirmələrində ABŞ məktəblilərinin orta göstəricilərinin 25 pillə yüksəlməsi fantastik nəticələrə – ölkədə ümumi daxili məhsulun təsəvvürolunmaz dərəcədə artımına gətirib çıxaracaq: nə az, nə çox – 115 trilyon dollar.
Bizim təhsil isə PİSA nəticələrinə görə üç ildə yaxşılaşmaq əvəzinə kəskin pisləşib. Onda istər-istəməz belə bir şokedici sual ortaya çıxır: Təhsilimizin səviyyəsinin bu dərəcədə kəskin aşağı düşməsi ölkəmizi nə qədər geri salacaq?!