Vicdan məhbusu Anar Məmmədlinin səhhətində ki, problemlər kəskinləşib. Bu barədə Anar Məmmədlinin vəkili Elçin Sadıqov məlumat yayıb. Vəkil Anar Məmmədlinin saxlandığı 13 saylı Cəzaçəkmə Müəsissəsinə gedən yolun və görüşə buraxılmada yaranan problemlərdən də söz açıb: “Bu gün 13 saylı Cəzaçəkmə Müəsissəsində saxlanılan Anar Məmmədli ilə görüşə getmişdim. Jurnalist, keçmiş siyasi məhbus Əvəz Zeynallı da mənimlə birlikdə getmişdi. Həmin Cəzaçəkmə Müəssisəsinin yolları həmişəki kimi çox bərbad idi. Palçıqlı, daşlı, çala-çuxurlu yollardır. Bəzi yerlərdə yollardan daşları yığırdıq ki, avtomobilin altı sürtülməsin.
Bir təhər gedib 13 saylı Cəzaçəkmə Müəssisəsin çatdıq. İkimizdə görüş üçün müraciət etdik. Mən vəkili, Əvəz Zeynallı isə isə dostu kimi. Əvvəl ikimizi də buraxmadılar. Cəzaçəkmə Müəssisəsindən mənə dedilər ki, sizin görüş məktubunuza İmran Tağızadə (Penitensiar Xidmətin rəsi müavini olub) imza edib. O, indi Penitensiar sistemdə işləmir. Ona görə buraxmırıq. Mən bunun qanunsuz olduğunu bildirdim və tələb etdim ki, rəhbərliklə danışsınlar. Vəzifəli şəxs hər dəfə dəyişəndə, yenisindən yenə də icazə almaq lazım deyil. Rəhbərliklə məsləhətləşəndən sonra məni buraxdılar. Əvəz Zeynallını isə buraxmadılar.
Anar Məmmədli ilə görüşüm. Hər kəsə salamları var. Hamını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi. Səhhəti yaxşı deyil. Onun müalicəsi və müayinəsi düzgün aparılmayıb. Mədə ağrıları çox kəskinləşib”, deyə vəkil qeyd edib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2013-cü ilin dekabr ayının 16-da həbs olunub, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir, 5 il 6 ay azadlıqdan məhrum edilib. Bir sıra yerli və beynəlxalq təşkilatlar Anar Məmmədlinin günahsız olduğunu vurğulayır və onun dərhal azad edilməsini istəyirlər. “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Anar Məmmədlini vicdan məhbusu kimi tanıyıb.