Bayden Türkiyəni “lider dövlət” elan etdi

ABŞ-ın vitse-prezidenti Ankarada mühüm mesajlar verdi

ABŞ-ın vitse-prezidenti Cozef Bayden Türkiyəyə səfər edib. Səfərin ilk gününü paytaxt Ankarada keçirən vitse-prezident Türkiyə prezidenti Abdulla Gül və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəklə görüşüb. Bayden bu gün Istanbulda keçiriləcək Qlobal Sahibkarlıq Sammitinə qatılacaq və bir neçə gün öncə əməliyyat olunan baş nazir Rəcəb Tayyib Ərdoğanı onun evində ziyarət edəcək.
Baydenin səfərinin əsas gündəmini Yaxın Şərqdəki son vəziyyət və PKK-ya qarşı birgə mübarizə təşkil edir. Cozef Baydenlə görüşdən sonra açıqlama verən Türkiyə prezidenti Abdulla Gül iki ölkənin PKK terror təşkilatına yönəlik mübarizənin daha da gücləndirilməsinə qərar verdiklərini bildirib.
Görüşdən əvvəl açıqlama verən Cozef Bayden Türkiyəyə dost-müttəfiq ölkə olduğu üçün səfər etdiyini söyləyib. Gül-Bayden görüşü təxminən 2 saata yaxın davam edib. ABŞ-ın vitse-prezidenti Türkiyəni Iranın nüvə proqramından dolayı Tehran rejiminə qarşı sanksiyalar qəbul etməyə çağırıb. ABŞ rəsmisi Türkiyənin Yaxın Şərqdəki gücündən və Suriyada baş verənlərlə bağlı mövqeyindən məmnunluq keçirdiyini bildirib.

Bayden Abdulla Güllə görüşdən sonra isə Ankarada Atatürkün məzarının yerləşdiyi “Anıtkabir”i ziyarət edib. Atatürkün mavzoleyinə çələng qoyan vitse-prezident “Anıtkabir” xatirə kitabına bu sözləri yazıb: “ABŞ adından Türkiyənin böyük qurucusu Mustafa Kamal Atatürkün xatirəsinə ən dərin ehtiramımı bildirirəm. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan insanlar necə idarə olunmaq istədiklərini bildirmək üçün daha çox əmək sərf edərkən Atatürkün Türkiyənin inkişafındakı demokratik təməllərindən ilham ala bilərlər”.
ABŞ-ın vitse-prezidenti Ankaradan sonra Istanbula gəlib. Baydeni gətirən özəl təyyarə “Atatürk” Hava Limanına enməmişdən bir neçə saat əvvəl dövlət qonaq evində və ətraf məhəllələrdə təhlükəsizlik tədbirləri artırılıb. Amerikalı mühafizəçilər qonaq evinin avtodayanacağını xüsusi itlər vasitəsilə yoxlayıb.
Qeyd etdiyimiz kimi, Cozef Bayden bir neçə gün əvvəl keçirdiyi cərrahiyyə əməliyyatından sonra ev şəraitində müraciət olunan Ərdoğanı da ziyarət edəcək. Ona görə də amerikalı mühafizəçilər Ərdoğanın evinin yerləşdiyi Istanbulun Kısıklı məhəlləsində təhlükəsizlik tədbirləri görüblər.

“Türkiyə ilə əməkdaşlıq etmədiyimiz məsələ yoxdur”


ABŞ-ın vitse-prezidenti Türkiyəyə 3 günlük səfərindən əvvəl “Hürriyet” qəzetinə müsahibə verib. Bayden bildirib ki, ABŞ və Türkiyənin taktikaları fərqli olsa da, strateji məqsədləri eynidir. O, ABŞ və Türkiyənin əməkdaşlıq etmədiyi bir məsələ olmadığını da söyləyib. Vitse-prezident PKK məsələsində də Türkiyə və Iraqla ortaq çalışdıqlarını, müxtəlif üsullarla terror təşkilatına ağır zərbələr vurduqlarını deyib.
Cozef Bayden müsahibəsində ABŞ-Türkiyə münasibətlərinin indiyəqədərki əlaqələrdən daha yaxşı olduğunu xatırladıb: “ABŞ NATO-ya qarşı bütün təhdidlərin qarşısının alınmasından tutmuş, nüvə silahlarının çoxalmasının önlənməsi, Avropanın raket müdafiə sistemi, dəyişən Yaxın Şərqdəki hadisələr, terrorizmə qarşı mübarizəyə qədər bütün məsələlərdə Türkiyəni dost və yaxın müttəfiq olaraq görür”.
Suriyadakı hadisələrlə bağlı Türkiyənin mövqeyinə toxunan Baydenin sözlərinə görə, ABŞ-ın Suriyaya dair mövqeyi açıqdır. Suriya hakimiyyəti öz xalqına qarşı zülmə son qoymalı və Bəşər Əsəd vəzifədən getməlidir: “Suriyanın sabitliyi önəmlidir. Məhz buna görə də bu ölkədə dəyişikliyə israr edirik. Suriyadakı hazırkı durum qeyri-sabitdir. Daimi sabitlik xalqına silah çevirmək əvəzinə onları dinləyən və ehtiyaclarını ödəyən hökumətin idarəçiliyi zamanı mövcud ola bilər. Türkiyə Suriya məsələsində liderlik etdi. Baş nazir Ərdoğan rejimin öz xalqını qətlə yetirməsi səbəbindən Bəşər Əsədi hakimiyyətdən getməyə çağırdı. Türkiyə rəhbərliyinin Suriya xalqına dəstək məqsədilə beynəlxalq ictimaiyyətə müraciət etməsini rəğbətlə qarşılayıram”.

Elxan