“Bakcell”dən jurnalistlər üçün ikigünlük seminar

“Bakcell” ötən həftənin cümə və şənbə günləri Qalaaltıda jurnalistlər üçün “Mobil Telekommunikasiyaya giriş” adlı ikigünlük seminar təşkil edib. Tədbirdə “Bakcell” şəbəkəsinin üstünlükləri, mobil video məzmun, loyallıq proqramları, əşyaların interneti, abunəçilərin mobil operatorlardan gözləntiləri və s. haqqında jurnalistlər məlumatlandırılıb.

İlk təqdimat “Bakcell” şirkətinin əlavə dəyər xidmətləri yarımbölməsinin rəhbəri Elçin Quliyev “Mobil videoməzmun” mövzusunda olub. Təqdimatda mobil şirkətlərin gələcəyə hesablanan konsepsiyaları və planları barədə beynəlxalq təcrübədən misallar gətirilib.

Müştərilərin inkişafı bölməsinin rəhbəri Zaur Cəlilov isə “Loyallıq proqramı nədir? Ulduzum nümunəsi” mövzusunda danışıb. Məlum olub ki, “Ulduzum” proqramında əsas hədəf abunəçilərin maksimum keyfiyyətdə sərfəli xidmətlərlə təmin olunmasıdır. Məhz bu səbəbdən “Bakcell” cari ildə Dubayda keçirilən “The Telecoms World Middle East Awards 2015” mükafatlandırma mərasimində Orta Şərq, Mərkəzi və Şərqi Asiya və Şimali Afrika ölkələrində fəaliyyət göstərən 250 şirkət arasında birinci yeri tutub. Jurnalistlərə “Ulduzum”a qoşulan hər kəsə hansı güzəştlərin təqdim olunduğu, bu proqramdan istifadənin ailə büdcəsinə hansı qənaəti gətirdiyi əyani şəkildə göstərilib.

Seminarda daha bir maraqlı mövzu “Əşyaların interneti” (M2M) ilə bağlı olub. “Bakcell” şirkətinin yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov, “Abunəçilərin bizdən gözlədikləri nədir?” mövzusunda şirkətin müştəri xidmətləri üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu, ““Bakcell” şəbəkəsi və müştəri təcrübəsi” mövzusunda şirkətin yeni texnologiyalar və keyfiyyətin qiymətləndirilməsi departamentinin rəhbəri Roman İqnatenko çıxış ediblər.

Tədbirdə maraqla qarşılanan və çoxlu suallar doğuran mövzulardan biri qeyd etdiymiz kimi  “Əşyaların internet”i olub.  Məhz bu təqdimatda bir zamanlar fantastik filmlərdə gördüyümüz  cihazların artıq günün reallığına çevrildiyi məlum olub. Bu cihazlar sırasında maraq doğuranlar əsasən sağlamlığa nəzarət edən ağıllı saatlar, qida rasionunu tənzimləməyə yardım edən ağıllı çəngəl və ağıllı fincan olub. Ağıllı çəngəl və ağıllı fincan sahibinin nə qədər yeyib-içdiyini hesablayır.

“Bakcell” şirkətinin müştəri xidmətləri üzrə baş direktoru Selda Korkmaz isə şirkətin müştərilərlə münasibətindən bəhs edib. O qeyd edib ki, “Bakcell”in ilk işi və hazırda daha çox prioritet təşkil edən abunəçiləri sevindirməkdir: “Əsas məqsədimiz müştərilərimizə xidmət etməkdir. İstəyirik ki, Azərbaycanın əhalisi qədər müştərimiz olsun. Şirkət üçün bütün təbəqələr, xüsusilə də gənclər önəmlidir. Bildiyiniz kimi, Azərbaycanda əhalinin 7,4 milyonu internet istifadəçisidir. Onlardan 2,6 milyonu sosial şəbəkəyə üzvdür. 7 milyon insan isə telefon işlədir”.

Xəyal