Böyük azadlıq yürüşü

Çox şeydən yazmaq olar. Amma bütöv region üçün maraq kəsb edən detal daha çoxdur. Mənə elə gəlir ki, “buludlar hələ tündləşir”, havanın açılması bir müddətdən sonra olacaq. Deyəsən, elə Suriya ilə Iran probleminin həlli də vaxt baxımından az fərqlənəcək. Hər iki rejimin ətrafındakı həlqə daralır.

Bunlar, yəni bizimkilər öz xarici siyasətlərinin prinsiplərinə bir daha sadiq olduqlarını göstərdilər. Bu prinsip nədir? Mən səni sevəcəm, sən sevməsən də! Onları başa düşürəm. Az qala Yer də ayaqlarının altında od tutub yanır!
Təsəvvür edin. Bütün mürtəce rejimlər həlqəyə alınıb. Təklik isə yaman pis, olduqca pis şeydir. Bunlar təklikdən qorxurlar. Mən baş verənləri sözün əsl mənasında “böyük azadlıq yürüşü” adlandırardım. Təbii, burada geosiyasi və geoiqtisadi maraqlar var. Amma onların bir dekonstruksiyası hiss edilir.
Daha heç kim mürtəce rejimlərlə iş görmək istəmir. Əgər bu qovğa bu gün Aralıq dənizi və Fars körfəzini əhatə edirsə, sabah onun Xəzər sahillərinə də yol tapacağı şübhəsizdir. Xəzər hövzəsində elə də güclü avtoritar rejimlər yoxdur, vaxtında onlar oyuncaq evlər kimi bircə anın içində uçacaqlar. Bəs bu prosesləri bu hakimiyyətin analitikləri və ideoloqları görmürmü? Nədən onlar öz siyasətlərinə korrektələr etmirlər?..
Məmurun mülkiyyəti
Bunlar nədən qorxur? Məşhur bir deyim var ki, məmurun mülkiyyəti sözün əsl mənasında dövlətdir! Vəzifəni itirdin – mülkiyyətini itirdin! Bunlar ölkədə belə bir iqtisadi sistem qurublar. Kim hakimiyyətdən, böyük vəzifədən uzaq düşürsə, yeni mülkiyyət bölgüsü başlayır. Mülkiyyət ölkədə “yüngül əxlaqlı qadın”a çevrilib, bir əldən o biri ələ keçir. Bunlar əmindirlər ki, vəzifələrini və hakimiyyətlərini itirəcəkləri təqdirdə mülkiyyətlərini əllərində saxlaya və özünküləşdirə bilməyəcəklər. Hətta indinin özündə də, siyasi sistem bir tam olaraq özünü saxlayanda belə, hamı vəzifəsini itirməyə ehtiyat edir, səbəbi də bir az əvvəldə qeyd etdik. Öz günahlarıdır! Ölkədə nomenklatura sistemi yaratmamışdan öncə bunu düşünməli idilər! Lakin düşünmək iqtidarında və gücündə deyildilər, çünki vəzifədən əvvəl heç nələri yox idi! Qərbdə tarix və inkişaf tamam başqa nöqtədən başlayıb. Qərb idarəçilik modelinin mənası budur ki, mülkiyyət hüququ və mülki cəmiyyət atributları dövlətə nisbətən daha ilkindir, daha əvvəl formalaşıb. Bu təməl üstündə qurulan dövlət fərqli mahiyyət kəsb edir, hakimiyyət dəyişiklikləri permanent mülkiyyət bölgüsü yaratmır, çünki mülkiyyət institutu dövlətə nəzərən daha ilkindir! Üstəlik, bu sindromdan təkcə Azərbaycan əziyyət çəkmir. Rusiyada da bu vəziyyətdir. Hələ bir qədər də irəli gedərək qeyd edim ki, A.Toynbi tədqiqatlarında düz 21 sivilizasiya tipi və onların əsasında 21 cəmiyyət növü müəyyən etmişdi, lakin onlardan cəmi ikisini əsl “Qərb cəmiyyəti” adlandırmışdı. Indi özünüz təsəvvür edin. 19 sivilizasiya tipində işlər bizdə olduğu kimi bərbaddır. Bəli, bundan sonra S.Hantinqtonun sivilizasiyaların toqquşması haqdakı məşhur nəzəriyyəsinə necə inanmayasan?! Nə etmək olar? Arxeoloq Yeri qazaraq orada bir mədəniyyət nişanəsi, bioloq mikroskopa baxıb bir həyat və üzvi proses əlaməti axtaran kimi biz də ənənlərimizin, mədəniyyətimizin içində azadlıq, demokratiya və fərdiyyətçilik rüşeymləri axtarmalı və onları inkişaf etdirməliyik.
Biz çox vaxt ənələrin rolunu nəzərə almırıq.  Bizlərə elə gəlir ki, onların ömrü haradasa bir neçə on ildir. Amma indi baxanda görürsən ki, 70 illik sovetlər elə bir ənənə yarada bilmədi, əksinə müxtəlif milli ənənələr bu idarəçiliyin süqutunu sürətləndirdi. Ənənələr qanundan irəlidə olur. Qanun ənənəyə söykənəndə daha işlək və daha effektiv olur. Amma vay o günə ki, ənənələr özündə mülki cəmiyyət, azadlıq elementləri və fərdiyyətçilik ehtiva etməyə! Ona görə də təəccüblənməyin. 20 il ərzində demokratiya sahəsində elə bir irəliləyiş yoxdursa, buna bir daha təəccüblənməyin. Zira görün toylar və yas mərasimləri sahəsində nə qədər “irəliləyiş” var! Toylar əsl kulinariya sərgisini, qəbiristanlıqlar isə lap muzeyləri xatırladır…