İlham Əliyev indi də “bp”ni “işdən çıxarır”

“Bakinski raboçi” qəzetinin baş redaktoru Rəhman Hacıyevin “Britaniya mətbuatının ”Məkrli Albionu” məqaləsini “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun ABŞ əleyhinə məşhur yazısının davamı da hesab etmək olar. Ancaq R.Hacıyev daha mühüm məqamları açıqlayıb.

Məqalədə bütün vasitələrlə iddia olunur ki, “The Washington Post” kimi “The Guardian” qəzeti də qətiyyən müstəqil deyil və birinci ABŞ Dövlət Departamentinin, ikinci isə Ingiltərə hakimiyyətinin siyasi iradəsini ifadə edir. R.Hacıyev bəzi faktları sadalayaraq şübhəyə heç bir əl yeri qoymur və sübut edir ki, bütün dünyada məşhur olan bu nəşrlər dövlətlərinin siyasi maraqlarını ifadə edirlər.
R.Hacıyevin məntiqi ilə, ABŞ və Böyük Britaniyanın əleyhinə yazılan bu yazılar da Azərbaycan hakimiyyətinin “siyasi senzurasından” keçməsə, nəşr oluna bilməz.
Biz də onu yazırıq! Deyirik ki, rəsmi qəzetlərdəki hansısa məmur və ya xarici dövlətlər barədə tənqidi materiallar birbaşa Prezident Administrasiyasında hazırlanır. Bəs, niyə onda etiraz edir və məqalənin, tutaq ki, Bəxtiyar Sadıqova məxsus olduğunu isbatlamaq istəyirsiniz?
Digər tərəfdən, R.Hacıyevin Prezident Administrasiyasında senzuradan keçən bu məqaləsinin xüsusi mənbələrə əsaslandığı görünür. Demək, Ilham Əliyevin Administrasiyasında “xüsusi xidmət orqanlarının informasiyaları əsasında” tam əmindirlər ki, “The Washington Post” və “The Guardian” ABŞ və Böyük Britaniyanın Azərbaycan siyasətinin güzgüsüdür.
Bəs, biz nə deyirik? Deyirik ki, Azərbaycan hakimiyyəti artıq ABŞ və Qərbdə tam bir diktatura rejimi kimi təsbit olunur və ölkəmizin imici bərbad vəziyyətdədir, sivil dövlətlər bu hakimiyyətin demokratik islahatlar aparacağına qəti şəkildə inanmır. Deyirik ki, Azərbaycanın xarici siyasəti fiaskoya uğrayıb, çünki mövcud rejim yalnız cibini və var-dövlətini artırmaq haqda düşündüyündən, Qərb bu hakimiyyətə korrupsioner, rüşvətxor kimi baxır…
Əgər doğrudan da (hərçənd, buna əminik) “The Washington Post” Ilham Əliyevin Dubayda 4 villa aldığını yazmaq və bütün dünyaya bəyan etmək tapşırığını ABŞ Dövlət Departamentindən alıbsa, deməli, biz doğru deyirik: Azərbaycan hakimiyyəti ABŞ-ın hədəfindədir; əgər doğrudan da “The Guardian” ölkədəki ictimai-siyasi vəziyyəti Afrika, Ilham Əliyevi Qəzzafi və Ben Əli ilə müqayisə edən yazıların sifarişini Ingiltərə hakimiyyətindən alıbsa, demək, Azərbaycan-Böyük Britaniya münasibətləri bərbad vəziyyətdədir.
Dünyanı idarə edən ən böyük güclər – ABŞ və Ingiltərə Azərbaycan hakimiyyətini hədəf seçibsə, bəs, hanı sizin daxili və xarici siyasətdəki uğurlarınız? Rusiya Dağlıq Qarabağ münaqişəsində ermənilərin tərəfini tutursa və buranı poliqon sayıb ADNA terroru törədirsə, Iran Azərbaycana qarşı gündə bir bəyanat verirsə, rəsmilərin etiraf etdiyi səviyyədə burada casus şəbəkəsini qurubsa və ölkəni qarışdırmaqla məşğuldursa, Rafiq Tağını öldürürsə, Avropa və ABŞ kimi nəhəng dövlətlər hakimiyyəti yıxıb-sürüyürsə, hanı sizin öyündüyünüz sabitliyiniz, hanı bərabərhüquqlu tərəfdaşlığınız, hanı balans siyasətiniz? Hara uçdu?
Nooldu, Azərbaycanı bölgənin lider dövlətinə çevirdiyiniz barədə döşədiyiniz yalanlar hara getdi?
“Kimsə bizimlə hədə dilində danışa bilməz”, – deyə Avropaya meydan oxuyan hakimiyyətin dövlətçilik təfəkkürü məhz bu boydadır: “The Washington Post”a qarşı “Azərbaycan”, “The Guardian”a qarşı “Bakinski raboçi”! Ölkə daxilində belə, ictimai rəyə təsir etmək imkanından məhrum olan “Azərbaycan”la “The Washington Post”u müqayisə etmək səviyyəsində düşündüklərindəndir ki, Azərbaycanı dünyanın nəhəng dövlətlərinə qarşı qoyublar.
Azərbaycanın “Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş” olması nağıllarına elə inanıblar ki, hətta Böyük Britaniyanı “Bakinski raboçi”də şantaj edirlər, “The Guardian”dakı tənqidlər qarşılığında “bp”yə problem yaradılacağına işarə vururlar. Ildə 240 milyarddan artıq dövriyyəsi olan (Azərbaycanda Ümumi Daxili Məhsul 50 miyard dolların altındadır) və ildə Azərbaycanın dövlət büdcəsindən artıq xalis gəlir əldə edən “bp”ni gör nəylə şantaj edir bunlar?
Təfəkkürün ölçüsünü görürsünüzmü? Bunların düşüncəsi hakimiyyətə qarşı çıxanları işdən qovmaq səviyyəsindədir. Bir Rafiq Əliyevlə bacara bilmirlər, “bp”ni “işdən çıxarmaqla” hədələyirlər.
Belə siyasətin məntiqi nəticəsi, əlbəttə, Ilham Əliyevi bütün dünyanın hədəfinə çevirəcək!