Çox adamın mövhumat haqda fikirləşdiyi, ondan qurtulmağın yollarını düşündüyü indiki dövrdə aşağıdakı dialoqa şahid olduq:
– Niyə insan mövhumata qapılır? Necə etmək olar ki, inanclı adam mövhumata qapılmasın, irtica niyyətli dindar missiyalara qoşulmasın?
– Ona normal iş yeri açmaq lazımdır…
– Elə bu?
– Ona normal təhsil vermək lazımdır. Ona ədalətli cəmiyyətdə yaşamaq imkanı yaratmaq lazımdır. Ona dünyanın üz tutduğu mütərəqqiliklərə yol açmaq lazımdır. Ona dünyanın müxtəlifliyini görmək imkanı lazımdır.
– Bunlar bəs edəcəkmi?
– O, ədalətin mövcud olduğu cəmiyyətdə normal yaşaya bildikdə, sıxıntılardan qurtulduqda, başqalarının və özünün faciə içində olmadığını gördükdə, dini inancını mövhumatdan qoruya biləcək. Üstəlik, hiss etməlidir ki, nə o kimisə təqib edə bilər, nə də onu və onun dini inancı təqib edilə bilməz, əksinə, qorunur…
– Bəs buna necə nail olmaq mümkündür?
– Nə vaxtsa bu suala çox mürəkkəb cavab verməyə məhkum idik. Insan oğlu həm bu problemə görə, həm də digər problemlərə görə necə bir cəmiyyət qurmaq haqda fikirləşirdi. Hətta maarifçilik də vəziyyəti dəyişdirmirdi. Nəhayət, anlaşıldı ki, problemlər təkcə insanların düşüncəsi ilə bağlı deyil, yeni ictimai qaydalara uyğun yeni cəmiyyət qurmaq lazımdır. Ədalətli, hamının bərabər olduğu, hamının haqlarının qorunduğu rifahlı cəmiyyət. Belə bir model tapıldı. Demokratik, dünyəvi respublika quruluşu. Bu da inkişafı, rifahı təmin etdi. Insan sıxıntılardan maksimum dərəcədə qurtuldu. Elə biz də mücərrəd anlayışlarla, bəlli insan qrupları ilə döyüşmək əvəzinə, sadəcə, demokratik bir toplum qurmalıyıq.
– Əks halda mümkün deyil?
– Birincisi, azadlıqları verəcəksən və onları dövlət olaraq qoruyacaqsan. Ikincisi, demokratiyanın köməyi ilə cəmiyyətə hər cür bəla gətirən problemləri aradan qaldıracaqsan. Baxın, korrupsiya nə edir cəmiyyətdə. Təhsili dağıdır. Mədəni həyatı məhv edir, keyfiyyətli səhiyyə xidmətini əlçatmaz edir. Sosial problemlərin həllinə imkan vermir. Korrupsiya ədaləti məhv edir – məhkəmələri zülmxanaya çevirir. Idarəçilik cəmiyyətin əzablarına yol açır. Cəmiyyət korrupsiya sistemi ilə əlacsız duruma düşür, inkişafdan qalır və belə bir vaxtda insan mövhumatın təsirinə düşəcək dərəcədə zəifləyir.
– Hətta korrupsiya mövhumatın artmasının səbəbidir?
– Bəli, o da.
… Dərhal xatırladım ki, bu dialoq nə uydurmadır, nə yazı yaradıcılığı. Hətta ondan sonra yadıma saldım ki, korrupsiya nəinki dini mövhumata, hətta siyasi mövhumata da yol açır. Məsələn bu günlərdə deputat Jalə Əliyeva bəyan etmişdi ki, Heydər Əliyev haqda keçmiş zamanda danışmaq olmaz, o indi də yaşayır. Ümumiyyətlə, bu hakimiyyətin illərdir əkdiyi mədhiyyə toxumları da mövhumat xarakterlidir. YAP-çıların hər kəlməsində bir mövhumat izi tapmaq olar. Elə götürək korrupsiya ilə bağlı Azərbaycanın dünyadakı yerinə aid hesabatdan sonra digər deputatın – Zahid Orucun tutduğu mövqeni…
Bilirsiniz ki, Beynəlxalq Şəffaflıq Təşkilatı dekabrın 1-də Korrupsiyanı Qavrama Indeksi ilə bağlı yeni hesabatını açıqlayıb. Bu hesabata görə, Azərbaycan 2,4 balla 183 ölkə arasında 143-cü sırada qərarlaşıb. Biabırçı bir mənzərədir və biz bunu həmin hesabatsız da bilirik. Amma əvvəllər olduğu kimi, yenə də hakimiyyətin adamları onu qərəzli sayır. Biri də deputat Zahid Orucdur. Yada salıram ki, bu il Ilham Əliyev özü çıxışlarının birində demişdi ki, korrupsiya üzərimizdə olan bir ləkədir, həm də böyük ləkədir. Bax, həmin ləkəni göstərən bir hesabata qərəzli demək elə mövhumatdır.

Mövhumatı gücləndirən korrupsiya
•