Bir həbs nədir ki?..

zumrud-yagmur-yeniZümrüd Yağmur

Bütün insanlıq ölməyi gözə alaraq dünyaya gəlmirmi? Bütün valideyinlər gözündən belə qoruduğu övladının bir gün dünyadan gedəcəyi həqiqəti ilə onu dünyaya gətirmirmi? İnsan ölümün gerçəyi ilə yaşamırmı?

Milyon illərdir bu gercəyin hər addımdakı hənirtisini hiss edə-edə sevib, günah edib, ağlayıb sevinmirikmi? İnsanlıq yaşamını ölümlə bərabər sürdürmürmü?

Ölümün soyuq həqiqəti varkən, bir həbsdən, dəyənəkdən, etirazdan qorxmaq da nədir?!

Dünyanın tarixi savaşlar və etiazlar tarixidir. Dünya bu eturazlar və savaşları ilə sanki ölümə daha çox yürümək üçün çabalamayıb?

Ölümə yürüməkdəykən, həbslər, etirazlar niyə bizi belə qorxudur? Niyə Azərbaycan xalqı insan ruhundakı azadlıq eşqini görməzdən gəlir, niyə bu sevdanı dünyəviliyə və adi, xırda hisslərə əsir edir?

Bəlkə də son günlər tarixi anlar yaşayırıq. Bəlkə də Azərbaycan üçün şərəf və ləyaqət nümunələri ilə üzə-üzəyik… Hər şey o qədər sürətlə baş verir ki, gündəmi izləmək və dəyərləndirmək çətin olub. Nə baş veir?

Günahsız insanlar tutulur.

Dünya Azərbaycan məmurlarına sanksiyalardan danışır.

Ukrayna və Gürcüstan vətəndaşlarının Avropaya vizasız gediş haqqı tanınır.

Bu arada biz nə edirik? Nə edirik biz, ey mənim qorxunu, biganəliyi özünə yol arxadaşı seçmiş həmvətənim?

Hamımız bu ölkəni zindan sayırıq, düşünürük ki, burda heç vaxt heç nə düzəlməyəcək. Deyirik ki, bizdən heç nə çıxmaz, heç nəyi bacarmayacağıq.

Və bir də tez-tez “inşallah” deyib Allaha sığınırıq, ya da bu ümidsizliyin içində sığınmış kimi görünməyə çalışırıq.

Əgər səmimiyiksə, Allaha necə sığına bilirik axı biz?

Onun yaratdığı qanunauyğunluqlara riayət etmədən, əlimizi daşın altına qoymadan “inşallah” deyib, niyə bizim güzaranımızı Allahın düzəldəcəyinə ümid edirik?

Allah onun qanunayğunluqları ilə yaşamayan, əlini daşın altına qoymadan “inşallah” deyib, Allahı əməlindən, qəlbindən sürgün edərək dilinə köçürən bir millətə yardım etməz.

Allah bizə yardım etsin – bunumu istəyirik? Olmayacaq…

İstidə üşüyənə, soyuqda tərləyənə rast gəlindimi? Yox! Mübarizə aparmadan azad olana da rast gəlinməyəcək!..

Həbs olunanların yaxınlarına “Allah qapısını açsın” deyib təsəlli verirsən. Açılarmı o zindan qapıları, əgər sən, o, biz həmin qapıları dartıb açmağa çalışmasaq?

Bu gün sənin ətrafında tarixin şərəf şəhifəsi yazılır, sən isə onun bir parçası olmağa gecikirsən. Bir xarici ölkədə mərd qadını, mübarizə aparan birinin videosunu, hərəkətini görüb təqdir edirsən, amma Xədicəyə dəstək olmursan, onun anası Elmira xanıma bir “eşq olsun”u çox görürsən.

Bu gün Elvinin anası Zülfiyyə xanım oğlunun arxasındadır, haqqa tapınıb dayanır, dik durur.

İntiqam Əliyev günahsız olduğunu bildiyindən zalımın qarşısında əyilmir. Onun gənc qızı Nərmin atası ilə qürur duyduğunu deyib yazılar yazır.

Tofiq bəy Nərgizin acısını divarlar arasında mətanətlə yaşayır…

Bu gün tarix yazılır dostlar, fərqində belə deyilsiniz…

Bir gün ağlamışdım… Güney Azərbaycanda azadlıq sevdalıları haqda bir yazı oxumuşdum. Edama gedənlərin zundan hekayətlərini oxuyub ağlamışdım…

Bu gün Qüzeydə o tarix yaşanır əslində, biz görməzdən gəlirik, çünki görsək, ona münasibət bildirməliyik. Qorxuruqmu, yoxsa, bütün bu olanların bizə aid olmadığınımı düşünürük?

Bu həbslər, ayrılıqlar, ədalətsizliklər bizim susqunluğumuzdan doğdu. Biz susduq, talandıq, əzildik, döyüldük, rəzil günə salındıq, ölkəmizdən utanan hala gəldik, yenə susduq.

 

Bir yığın adamın bizi bizdən oğurlamasına, dəyərlərimizi, əxlaqımızı, sərvətimizi talayıb məhv etməsinə göz yumduq. Biz susduq, onlar böyük olduğunu zənn etdi.

Biz susduq və bu günə gəldik.

O günə ki, ölkəmizi tərk edə bilmək üçün hər şey etməyə hazırıq.

O günə ki, gələcəyimizə artıq ümidimiz yoxdur.

Biz özümüzü susqunluq və hər şeyə böyun əyməyimizlə gələcəksiz buraxdıq…

Nəyin uğruna? Yaşamağınmı? Bu, yaşamaqmı?! Deyil! Bu, sadəcə və sadəcə sağ qala bilməkdir!

Bütün bunlara niyə dözdük ki, biz? Ölümdənmi qorxduq? Sürünməyi gözə alıb, belə yaşamağı yaşamaqmı zənn etdik?

Yoxsa, işin ucundakı həbsxanadanmı qorxduq?!

Ölüm varkən…

… Bir həbs nədir ki?!

Biz ölümü gözə alıb dünyaya gəlmədikmi?