Ilk Avropasayağı operanın bəstəçisi…


Azərbaycan musiqisinin korifeyi Müslüm Maqomayev

Müslüm Maqomayev Azərbaycan musiqisi tarixində böyük iz buraxmış, əbədi yaşayan sənətkarlarımızdandır. Onun operaları, simfonik əsərləri, mahnıları, kino və dramatik teatr üçün musiqisi milli klassikamızın parlaq səhifələrindəndir. Müslüm Maqomayev eyni zamanda, Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olmuşdur. O, əslən Qax rayonunun Ilisu kəndindəndir. Atası Məhəmməd Abdul oğlu gənc yaşlarında Ilisu kəndində dəmirçilik etmiş və sonralar Vladiqafqaz şəhərinə köçmüşdür. Burada çeçen qızı ilə evlənərək həyatını davam etdirmişdir. Ailənin böyük oğlu olan Abdulmüslüm 1912-ci ildən opera dirijorluğu fəaliyyətinə başlamışdır. “Şah Ismayıl” (1916) və “Nərgiz” (1935) operalarının müəllifidir. 1927-ci ildə Maqomayevin redaktəsi ilə “Azərbaycan Türk Xalq Mahnıları”nın ilk məcmuəsi (Üzeyir Hacıbəyov tərəfindən yazılmış və işlənmişdir) nəşr olunmuşdur.
Müslüm Maqomayev Azərbaycan bəstəkarlıq məktəbinin banilərindən biri, Üzeyir Hacıbəyovun silahdaşı, həmkarı, məslək dostu olub. Onun milli bəstəkarlıq məktəbinin təkamülündəki rolu danılmazdır.
Tale əzəldən Müslüm Maqomayevə həddən ziyadə mürəkkəb rol hazırlamışdı. Dahi Üzeyir Hacıbəyovun müasiri, məsləkdaşı olmaq və onun nəhəng şəxsiyyətinin təsiri altına düşməmək –  bu, hər kəsə müəssər olmur. Hacıbəyov yaradıcılığında dünyaya obyektiv baxış, müdrik təmkinlilik və ahəngdar özünüifadə hökm sürürsə, Maqomayev mahiyyətcə subyektivdir, kəskin emosionallığa, romantik ifadə tərzinə meyllidir.
Maqomayev Azərbaycan bəstəkarlıq yaradıcılığının Avropa  janrlarına uyğunlaşdırılmasında vacib rol oynamışdır. O, həm Hacıbəyovun ideyalarını işləyərək, həm də milli musiqi üçün yeni janr üfüqlərini açaraq, bu prosesi sürətləndirmək istəmişdir. Maraqlıdır ki, müəllif “Şah Ismayıl” operasının (I redaksiya -1919) Hacıbəyovun “Leyli və Məcnun”unun janr tipinə ünvanlandığını bəyan etsə də, muğam operasının qanunlarından xeyli uzaqlaşmışdır. Əksər hallarda ariya və başqa klassik opera nömrələri əvəzinə muğamlardan istifadə edən Maqomayev muğam operasının ancaq formasını həyata keçirmiş, lakin onun muğamatla dərin məğzini kənara qoymuşdur. “Şah Ismayıl”ın konsepsiyasında, artıq ilk redaksiyalardan başlayaraq, klassik operanın qanunauyğunluqları əhəmiyyətli yer tutmuşdur.
Maqomayevin “Nərgiz” operasının əhəmiyyəti də danılmazdır. O, milli incəsənət salnaməsində avropasayağı ilk opera kimi əbədi qalacaqdır. Müslüm Maqomayev nəinki milli operanın inkişafında yeni dövrə keçidi işarə vermiş, ümumiyyətlə, milli musiqinin artan kamilliyini, bəstəkar yaradıcılığının ən mürəkkəb formalarını mənimsəmək iqtidarında olduğunu təsdiqləmişdir.
Zəngin və rəngarəng yaradıcılıq xəzinəsi
Klassik operanın nəinki forması, habelə “Koroğlu” mövzusunun özü də Maqomayevi cəlb etmişdir. Məlumdur ki, 1928-ci ildə Maqomayev “Koroğlu” operası üzərində işləməyə başlamışdır. Bəstəkarın Azərbaycan Opera və Balet teatrı ilə bağladığı müqavilə, həmçinin, I pərdənin fraqmentləri olan qaralama klaviri və bir sıra müəllif eskizləri buna dəlalət edir. Lakin naməlum səbəblər üzündən əsər tamamlanmamışdır.
Maqomayevin yaradıcılıq axtarışlarının digər qolu da simfonik musiqi olmuşdur. Əgər Hacıbəyov simfonik düşüncə prinsiplərini, əsasən, musiqili-səhnə janrları çərçivəsində işləyirdisə, Maqomayev öz yaradıcılığında simfonik musiqiyə müstəqil janr kimi baxırdı. Onun çoxsaylı orkestr yazıları, o cümlədən “Azərbaycan çöllərində” rapsodiyası, “Marş-RV-8″, ”Azad Azərbaycan qadınının rəqsi”, “Dərviş” və s. əsərləri Azərbaycan simfoniyasının təşəkkülündə özünəməxsus hazırlıq mərhələsi olmuşdur. Maqomayevin orkestr əsərləri isə milli simfoniyamızın proqramlı qolunun müjdəçisi sayıla bilər. Sonralar bu xətt Q.Qarayev, F.Əmirov, Niyazi, S.Hacıbəyov, C.Hacıyev, V.Adıgözəlov, A.Əlizadə və başqalarının əsərlərində geniş inkişaf tapdı. Başlıcası odur ki, Maqomayev XX əsr Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq bədii kəşfi olub. F.Əmirov və Niyazi tərəfindən həyata keçirilmiş muğamın simfonikləşdirilməsi ideyasını qabaqcadan duymuşdur. Əvvəlcə Maqomayev bunu öz simfonik əsərlərində yalnız nişan alır: “Azərbaycan çöllərində” və “Ceyran” rapsodiyaları muğamın ümumi kompozisiya və lad-tonal məntiqinə əsaslanırsa, “Pişdəramədi çahargah”, “Dəraməd şüştər”, “Təsnif şur”, “Rəng şüştər” pyesləri muğamın ayrı-ayrı şöbələrinin orkestr versiyaları kimi qavranılır. “Şah Ismayıl” operasının son redaksiyasında isə bəstəkar bu sahədə yeni addım ataraq səhnələrdən birini (“Əbu Həmzə və Ibn Tahir”) tamamilə rast muğamının materialı üzərində qurmuşdur.
1936-cı ildə Maqomayev “Dəli Muxtar” baletini yazmağa başlayır, lakin vaxtsız ölüm bu işi bitirməyə aman vermir. Bizə gəlib çatmış ssenari əsərin musiqi və ümumi konsepsiyasının müəyyən dərəcədə işlənməsindən xəbər verir. Bəstəkarın niyyəti həyata keçməsə də, onun Azərbaycan musiqisində yeni janr sahəsinə müraciəti diqqətəlayiqdir. Maqomayevin bu cəhdi dörd il sonra səhnəyə qoyulmuş ilk  Azərbaycan baleti – Ə.Bədəlbəylinin “Qız qalası”nın yaranması ərəfəsində bir növ “qələm sınağı” olmuşdur.
Fərqli xalqların musiqisini araşdırırdı
Müslüm Maqomayev respublikamızda musiqi folkloru sahəsində də mühüm işlər görmüşdür. Bütün həyatı boyu bəstəkar xalq musiqi nümunələrinin toplanması və işlənməsinə böyük maraq göstərmişdir. Maqomayev Üzeyir bəylə birgə tərtib etdiyi məlum məcmuədən (1927) başqa, 300-ə yaxın xalq melodiyasını nota salmış və onlara şərh vermişdi. Bu nümunələr içərisində mahnılar, rəqslər, təsniflər, rənglər, habelə rast muğamının Qurban Primovun çalğısından edilmiş nadir not yazısı var ki, onu Azərbaycan musiqisində muğam tematizmini notlamağın ilk təcrübəsi hesab etmək olar. Bununla da Maqomayev etnomusiqişünaslıqda ən mürəkkəb problemlərdən birini qaldırmış və həmin sahədə bir sıra Azərbaycan bəstəkarları – Niyazi, T.Quliyev, Z.Bağırov, N.Məmmədovun axtarışlarının sələfi olmuşdur.
Eyni zamanda, Azərbaycan musiqisində Maqomayev başqa xalqların folkloruna böyük maraq göstərmiş ilk bəstəkarlardandır. Onun özünün notladığı xalq melodiyaları içərisində gürcü, Iran musiqisi diqqəti cəlb edir. Arxiv mənbələrində həmçinin ərəb, türk, rus, ukraynalı, qırğız folklorunun nümunələri də var ki, bunları bəstəkar, zənnimizcə, müxtəlif xalq melodiyaları məcmuələrindən götürmüşdür. Deyilənlər Maqomayevin bədii dünyagörüşünü səciyyələndirən daha ümumi tendensiyanı – bəstəkarın başqa millətlərin mövzularını qavramaq qabiliyyətini əks etdirir. Bu həmçinin, “Xoruzbəy” komediyasında da baş verir. “Türk” süjetindən başqa, burada müxtəlif milli mənbələrə əsaslanan iki süitanı yada salmaq məqsədəuyğundur: birinə ləzgi, yunan, yəhudi, kumık mahnıları, digər süitaya isə çarlston, indus, Çin, “Kintauri” və “Qaraçı macar” rəqsləri daxildir. Bəstəkarın digər xalqların musiqisinə yüksək marağını bir əlyazma da nümayiş etdirir: bu, Hindistan və Çinin ənənəvi musiqisinin xüsusiyyətləri barədə müəllifin qeydləridir.
Müslüm Maqomayev bir çox əsaslı yaradıcı ideyaları sınaqdan keçirib milli bəstəkar yaradıcılığının tərəqqisini stimullaşdırmışdır. O, keçilməmiş sənət zirvələrini cəsarətlə fəth etmiş, bir sıra gözəl ideyalar irəli sürmüşdür. Bu ideyalar Azərbaycan musiqisinin sonrakı təkamül mərhələlərində də böyük rol oynamışdır. Parlaq istedad sahibi Müslüm Maqomayevin təkrarolunmaz musiqi dünyası XX əsr Azərbaycan musiqisinin ən gözəl səhifələrindən biri kimi daim yaşayacaq…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir