«Qara polkovnik»in «kredit qalmaqalı»na görə həbs edilən oğlu «Azadlıq»a danışdı
Azərbaycan Beynəlxalq Bankının (ABB) Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəliyinin keçmiş rəhbəri, “kredit qalmaqalı”na görə həbs edilən Adil Hüseynov “Azadlıq”a danışıb. Məlumat üçün deyək ki, Adil Hüseynov DIN-nin keçmiş əməliyyat müvəkkili, ağır cinayətlərdə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov tərəfindən qətlə yetirilən “Qara polkovnik” kimi tanınan Fətulla Hüseynovun oğludur.
Adil Hüseynov bu il mayın 13-də Beynəlxalq Bankla bağlı baş verən “kredit qalmaqalı”na görə həbs edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə ittiham elan olunub. Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib. Qeyri-rəsmi məlumatlara görə, hazırda Kürdəxanı Təcridxanasında saxlanılan Adil Hüseynov Beynəlxalq Bankdan 319 milyon manat götürərək mənimsəməkdə ittiham olunur.
Adil Hüseynov əvvəlcə ona qarşı irəli sürülən ittihamlara aydınlıq gətirərək bildirib ki, bu ittihamların heç bir əsası yoxdur. Onun sözlərinə görə, “kredit qalmaqalı”na səbəb olan kreditlər veriləndə o, Azərbaycanda olmayıb: “Mən Beynəlxalq Bankın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəliyinin rəhbəri kimi işimin başında olmuşam. Özümün də kredit vermək, ümumiyyətlə hər hansı maliyyə əməliyyatı keçirmək səlahiyyətim yoxdur. Mənə qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır. Deyirlər ki, mən istintaqa hansısa sənədlər təqdim etmişəm. Heç bir sənəd təqdim etməmişəm. Çünki bu məsələlərin mənə heç bir aidiyyatı yoxdur”.
Adil Hüseynov daha sonra Fuceyrə əmirliyində inşasına nəzarəti həyata keçirdiyi zavodlardan danışıb. Adil Hüseynov bildirib ki, həmin zavodlar ona məxsus deyil: “Zavodların sahibi Xəqani Bəşirovla Hüseyn Marayevdir. Qeyd edim ki, bu zavodlar Beynəlxalq Bankdan götürülən kreditlər hesabına tikilib”.
“Qara polkovnik”in oğlu bir daha bildirib ki, “kredit qalmaqalı”na heç bir aidiyyatı yoxdur: “Məhkəmə zamanı prokuror dedi ki, siz burada girovsunuz”.
Adil Hüseynovun anası ölkə başçısı Ilham Əliyevə müraciətində bildirmişdi ki, kimlərsə oğluna qarşı qərəzli münasibət sərgiləyir. Adil Hüseynov hələlik bu barədə heç nə deyə bilməyəcəyini bildirib: “Bu barədə hələlik heç nə deyə bilmərəm. Zaman göstərər. Bir daha qeyd edirəm ki, bu məsələlərdə mənim hər hansı rolum olmayıb. Buna əmin ola bilərsiz. Mən haqq-ədalətin bərqərar olmasını gözləyirəm”.
Adil Hüseynov səhhəti barədə isə bunları deyib: “Hələ ki, sağam. Ölməyimi gözləməsinlər”.