Avropa Birliyi Ukraynaya görə Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzatdı.
Bu barədə dekabrın 21-də Avropa Şurası məlumat yayıb.
Beləliklə sanksiyalar 2016-cı il iyulun 31-dək qüvvədə qalacaq.
Sanksiyalar energetika, bank və hərbi sənaye sahələrinə aiddir.
Bu sanksiyalar Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə ilk dəfə 2014-cü il iyulun 31-də tətbiq edilib.
Qərb Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.
Moskva ittihamı rədd edir.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 9 mindən çox adam ölüb.
Tərəflər hazırda Minskdə əldə edilmiş atəşkəs rejiminə demək olar ki, əməl edir.