Tanınmış iş adamı, AST şirkətlər qrupunun prezidenti, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov rəsmən müflis elan olunub. Bununla bağlı Moskva Arbitraj Məhkəməsi qərar çıxarıb.
Məhkəmə qərarında deyilir ki, borclunu müflis elan etmək və müsabiqəni açıq elan etmək lazımdır.
İddiaçı qismində isə “Банк Москвы” bankı çıxış edib.
Bank AST şirkətlər qrupunun sahibinin müflis elan edilməsi ilə bağlı ərizəni məhkəməyə oktyabrın 1-də təqdim etmişdi. Ərizədə deyilirdi ki, bank 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına qədərki müddətdə “Ruslayn 2000” və “Tropicano Finance” şirkətlərinə 230 milyon dollar məbləğində 3 kredit verib. Bu şirkətlərin AST şirkətlər qrupuna birbaşa aidiyyəti var. Benefisiar T.İsmayılov isə pulları müqavilədə nəzərdə tutulduğu vaxtda qaytarmaq üçün şəxsən göstəriş verib.
Amma banka nə kreditlər üzrə faizlər, nə də əsas borc qaytarılmayıb. Nəticədə oktyabrın 1-dək İsmayılovun ümumi borcları 286 milyon dollara çatıb.
İsmayılov özü də məhkəməyə müflis elan olunması barədə ərizə təqdim etmişdi.