Rüfət Səfərov istefa versə də, Zakir Qaralov onu əmrlə prokurorluq orqanlarından xaric etdi; Onun evində axtarış aparıldı; Xanımı “Azadlıq”a danışdı; Atası Əliyevə üz tutdu
Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyi barədə siyasi bəyanatla ölkə gündəmini zəbt edən Rüfət Səfərovla bağlı yeni xəbər var (O, məşhur YAP-çı, “91-lər”in üzvü, keçmiş deputat və Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi olmuş Eldar Sabiroğlunun oğludur). Hüquq-mühafizə orqanlarına yaxın mənbədən redaksiyamıza daxil olan məlumata görə, Respublika Prokurorluğu R.Səfərovun müstəntiq kimi fəaliyyətini araşdırmaq üçün komissiya yaradıb, Zərdaba göndərir.
Məlumatı R.Səfərovun özü də təsdiqləyib. O, qəzetimizə açıqlamasında deyib ki, fəaliyyətini yoxlamaq üçün mərkəzdən komissiya gələcəyi haqda rayon prokuroru onu xəbərdar edib.
“Hazırda xəstəyəm, buna baxmayaraq iş otağımdayam. Bir az əvvəl rayon prokuroru qəbuluna çağırdı və bildirdi ki, Respublika Prokurorluğundan mənim işimi yoxlamağa komissiya göndərirlər. Mən də soyuqqanlı şəkildə dedim ki, xoş gəlirlər. Mən istefa ərizəmi yazıb, Baş Prokurorluğa göndərmişəm. Yəqin ki, bunlar məni öz ərizəmlə istefaya göndərməyəcəklər, nəsə “aşkarlayıb” prokurorluq orqanlarından xaric edəcəklər. Amma bu heç nəyi dəyişmir. Mən fikrimdə qətiyəm”, – deyə R.Səfərov bildirib.
Rüfət Səfərov əlavə edib ki, prokurorluq orqanlarından istefası barədə ərizəsini bu gün Baş prokuror Zakir Qaralova ünvanlayacaq. Onun istefa qərarını fərqli tərəflərə çəkmək istəyənlər isə yanılırlar: “Bu qərarı qəbul etməyimdə heç kimin təsiri olmayıb. Qərarı şüurlu şəkildə özüm qəbul etmişəm, peşman da deyiləm. Yeniyetmə olsaydım, bəlkə də kimlərsə mənə təsir edə bilərdi. 34 yaşım var, ali təhsilliyəm və verdiyim qərarların fərqindəyəm. Cahil insan deyiləm ki, kimsə məni yoldan çıxarsın”.
Rüfət Səfərovun həyat yoldaşı Nuray Səfərova da qəzetimizə açıqlama verib. Bildirib ki, bu qərarına görə həyat yoldaşını dəstəkləyir və sonadək onun yanında olacağını bildirir: “Həyat yoldaşım haqq yoldadır. Əgər bu yoldan qorxub geri çəkilərsə, mən özüm onu tərk edərəm”.
Qeyd edək ki, R.Səfərov qəzetimizə ötən müsahibəsində həyat yoldaşının atasının Yevlax icra başçısının birinci müavini olduğunu bildirmiş və əlavə etmişdi ki, əgər qorxurlarsa, gəlib qızlarını apara bilərlər. Və xanımı da bu qərarla razı deyilsə, onu tərk edə bilər.
***
Rüfət Səfərov Azadlıq Radiosuna müsahibəsində isə baş prokuror Zakir Qaralovun 1 il əvvəl ona fəxri təşəkkür etdiyini xatırladıb: “Pis işçi olsaydım, 1 il əvvəl Qaralov mənə fəxri təşəkkür verməzdi. Fəaliyyətimdə nə icra, nə əmək intizamsızlığı olub. Bunu özləri də təsdiqləyə bilərlər. Sadəcə, fikirlərim, baxışlarım bu rejimlə üst-üstə düşmür. Haqsızlıqlara, özbaşınalıqlara artıq dözə bilmirəm”.
Səfərov atdığı addıma görə Zərdab rayon prokurorunun onu acıladığını da deyib. Bildirib ki, xəbər saytlarında və öz şəxsi Facebook səhifəsində yer alan bəyanatlarından sonra dekabrın 21-də səhər saatlarında ona bir neçə dəfə Zərdab rayon prokuroru zəng vurub və narazılığını bildirib:
– 3-4 dəfə zəng vurub, məni hərəkətlərimə görə qınayıb, deyib ki, «Baş Prokurorluqdan tələsdirirlər, deyirlər, harada qaldı bunun ərizəsi?». Mən də hazırda xəstəyəm, yüksək hərarətim var…
– Belə çıxır ki, siz hələ də baş prokurora istefa ərizənizi göndərməmisiniz?
– Xəstəyəm, hərarətim çox yüksəkdir, bir azdan özümə gəlib göndərəcəyəm. Uzağı, günortaya qədər göndərəcəyəm…
– Baş Prokurorluqda dünəndən yaydığınız bəyanatları neçə qarşılayıblar?
– Təbii ki, qınayırlar. Zərdabın prokuroru telefonda dedi ki, «sən prokurorluq orqanına ləkəsən». Hesab edirəm ki, düz də deyir.
– Sizə Zərdabın prokurorundan başqa zəng vuran olub?
– Yox, olmayıb. Heç gözləmirəm də… Zəng vurub nə deyəcəklər ki?.. Gözlədikləri 3-4 cümləlik ərizədir, bir azdan faksla göndərəcəyəm.
– İki gündür sosial şəbəkələr sizin addımınızdan, bəyanatlarınızdan yazır. Ailənizin, atanızın münasibəti necə oldu buna?
– Dünəndən nəinki atamla, ümumiyyətlə, şəcərəmdə olan heç kəslə ünsiyyətim, əlaqəm yoxdur. Atamın öz yolu var, o, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. Heydər Əliyevin misilsiz əsgərlərindəndir. Mən onun mövqeyinə qarışmıram. Ancaq ondan tələbim də budur ki, o da mənim mövqeyimə hörmətlə yanaşsın.
– Bundan sonrakı fəaliyyətiniz maraqlıdır…
– Bilmirəm niyə belədir, ya cəmiyyətdə maarifləndirmənin aşağı olmasındandır, ya başqa səbəbdəndir, kim öz sözünü deyirsə, deyirlər, görəsən hansı müxalifət partiyasına üzv olacaq?.. Axı niyə mütləq hansısa partiyaya üzv olmalıyam? Mən öz fikirlərimdə müxalifətdəyəm. Gərək elə kiminsə partiyasına üzv olam? Hələ ki, sərbəst, heç bir partiyanın üzvü olmadan öz fikirlərimlə, düşüncələrimlə bu rejimə qarşıyam. Sonrası necə olacaq, hansısa partiyaya üzv olacağam, ya yox, bunu zaman göstərər.
– İndiyə kimi hansısa partiyanın üzvü olmuşdunuzmu?
– Kənd Təsərrüfatı Nazirliyində işləyəndə, orada YAP-ın bir özəl təşkilatı yaradılmışdı. Mən də həmişə bildirirdim ki, dövlət təşkilatında hər hansı siyasi partiyanın özəyinin yaradılması biabırçılıqdır. O təşkilatın bir sədri vardı, mən oradan işdən çıxınca baş beynimi aparmışdı ki, «gəl keç partiyaya». Sona qədər də imtina etdim. Prokurorluqda işlədiyim 5 ildə də partiya üzvü ola bilməzdim, çünki prokurorluq orqanlarında fəaliyyət göstərən şəxslər siyasi fəaliyyətlə məşğul ola bilməzlər.
***
Modern.az saytı isə R.Səfərovun atdığı addıma və verdiyi açıqlamalara görə onun atası E.Sabiroğlunun YAP-dan çıxarılıb-cıxarılmayacağı ilə maraqlanıb. Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev buna ehtiyac duymadıqlarını deyib: “Hesab etmirəm ki, ata oğluna görə cavabdehdir. Burda təəccüblü heç nə görmürəm. Azad ölkənin azad vətəndaşıdır. O, öz seçimində sərbəstdir. Hesab edirəm ki, atasının yolunu gedir. Bu məsələdə Yeni Azərbaycan Partiyasının mövqeyi ola bilməz. Burada bir vətəndaş konkret siyasi mövqeyini bəyan edib. Təəssüf ki, həmin şəxsin atası Yeni Azərbaycan Partiyasının sıralarında olmuş şəxsdir. Çünki mətbuatda Eldar Sabiroğlunu YAP-ın yaradıcılarından biri, ”91-lər”in üzvü kimi təqdim edirlər. Amma, bu, əslində belə deyil. Eldar Sabiroğlu nə “91-lər”dən biri, nə də YAP-ın yaradıcılarındandır. Sadəcə olaraq, o, YAP-ın sıralarında olub və YAP tərəfindən deputat seçilib. Eldar Sabiroğlu bir neçə dəfə siyasi mövqeyini dəyişib. O, bu gün də YAP-ın üzvü olaraq konkret ünvanlara qarşı ittihamlar səsləndirir. Bu da onun xarakterindən irəli gəlir”.
***
Günün sonunda isə Baş Prokurorluq R.Səfərovun işdən çıxarılması barədə məlumat yayıb. Məlumatda deyilir ki, R.Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib. Məlumatda həmçinin qeyd edilir ki, icra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar olaraq, hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.
***
O da məlum olub ki, prokurorluq əməkdaşları Rüfət Səfərovun evində axtarış aparıb, evdəki kompüter və telefonları götürüblər. Məlumatı Rüfətin atası Eldar Sabiroğlu yayıb.
Oğlunun həbs olunacağını da istisna etməyən Eldar Sabiroğlu Rüfətin ətrafında baş verən son hadisələrlə əlaqədar prezident İlham Əliyevə müraciət edib.
“Rüfətin atdığı addıma görə, Respublika Prokurorluğu onu prokurorluq orqanlarından xaric etdi. Bu, normal haldır və Rüfətin hərəkətinə adekvatdır. Ancaq bir şey var ki, məni çox təəccübləndirir. Rüfət söz deyib, əlində silah dövlətə qarşı çıxmayıb. Hansısa xarici təşkilatla bir əlaqəsi yoxdur. Dövlət əleyhinə hər hansı bir çağırışla çıxış etməyib. İndi Rüfətə elə basqılar var ki, təsəvvürə gətirmək belə çətindir“, – deyə Eldar Sabiroğlu müraciətində yazır.
Məşhur YAP–çı baş verənlərə görə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi ittiham edib: “Bu cür hərəkətlər Azərbaycanın hansı qanunları ilə bir araya sığır? Söz deyib, dediyi sözə görə də cəzasını alıb. O zaman bir komissiya da göndərib, bir axtarış da aparsınlar, bəlkə bir şey tapdılar. İnsanları bax, bu cür vəziyyətə gətirməklə, iqtidara qarşı münasibət formalaşdırırlar. Mən bilmirdim ki, Ramiz Mehdiyev dövlət deməkdir. Onunla bağlı mənim məlum yazılarım, Prezident Aparatı rəhbərini görünür, çox qıcıqlandırıb və indi də qisas almaq istəyir. Heç şübhəsiz ki, Baş Prokurorluğa bu barədə öz tövsiyələrini də verməmiş deyil“.
Eldar Sabiroğlu prezidentə müraciətində vurğulayır ki, məhkəmə qərarı olmadan şəxsin əmlakını müsadirə etmək, evində axtarış aparmaq qanunsuzluqdur: “İndi dediklərimdən də istifadə edib, mənə qarşı olanlar qisaslarını daha da sürətləndirəcək və bəlkə Sizə də mənim və oğlum haqqında olmazın yalan informasiyalar çatdıracaqlar. Aparılan axtarış işləri onu göstərir ki, oğlumu həbs də edə bilərlər. Eybi yox. Amma sizdən xahişim budur ki, bu məsələdə Ramiz Mehdiyevin müdaxiləsinin qarşısını kəsmək üçün aidiyyəti orqanlara tapşırıq verəsiniz.
Cənab Prezident, Sizdən yalnız bunu xahiş edirəm“.
Qeyd edək ki, bu, Eldar Sabiroğlunun gün ərzində dövlət başçısına ikinci müraciətidir. Media vasitəsilə etdiyi birinci müraciətində o, siyasi istiqamətinin dəyişməz olduğunu, Heydər Əliyev, İlham Əliyev siyasətini dəstəklədiyini vurğulayıb.
azadliq.info