Prezident Ilham Əliyev tarix elmləri namizədi, siyasi elmlər doktorudur.
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiki-Həqiqi üzvüdür.
Dövlət müşaviri Vahid Axundov iqtisad elmləri, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə tarix elmləri doktorudur. PA Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev hüquq elmləri namizədidir. PA Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə fizika-riyaziyyat elmləri doktoru, PA Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov filologiya elmləri namizədidir.
PA Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev və PA Ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tarix elmləri doktorudur. Əli Həsənov həm də professordur. Dövlət Idarəçilik Akademiyası “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiridir.
PA Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov siyasi elmlər namizədi, Azərbaycan Respublikasının Iqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin Iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov, PA Aqrar siyasət məsələləri şöbəsnin müdiri Azər Əmiraslanov və PA Kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov iqtisad elmləri namizədidir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin bioqrafiyasında alim olduğu göstərilməyib. Güman ki, Artur müəllim də hansısa bir sahə üzrə ən azı elmlər namizədidir. Çünki 1977-1978-ci illərdə “AzINMAŞ” Neft maşınqayırması ETI-nin direktoru olub.
Baş nazirin birinci müavini Yaqub Eyyubov texnika elmləri doktoru, professordur. Baş nazirin digər müavini Elçin Əfəndiyev isə filologiya elmləri doktoru, professordur.
Sənaye və energetika naziri Natiq Əliyev geologiya-mineralogiya elmləri namizədi, Kənd Təsərrüfatı nazir Ismət Abbasov iqtisad elmləri namizədidir. Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov 1990-cı ildə SSRI Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb. Nəqliyyat naziri Ziya Məmmədov Beynəlxalq Nəqliyyat Akademiyasının Həqiqi üzvüdür. Təhsil naziri Misir Mərdanov fizika-riyaziyyat elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin (BDU) ali riyaziyyat kafedrasının müdiri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədr Qərib Məmmədov AMEA-nın Həqiqi üzvü, BDU-nun torpaqşünaslıq kafedrasının müdiri, Rabitə və Informasiya Texnologiyaları naziri Əli Abbasov AMEA-nın həqiqi üzvü, Dövlət Iqtisad Universitetinin informasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiridir. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev fəlsəfə elmləri namizədi, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov iqtisad elmləri namizədidir. Bakı meri Hacıbala Abutalıbov fizika-riyaziyyat elmləri doktoru, professordur…
Dəyərli “Azadlıq” oxucuları, ümumiyyətlə, dövlət və hökumət strukturlarında onlarla yox, yüzlərlə “alim” adlandırdığımız kəslər vəzifə tutur. Və bu alimlərin necə fəaliyyət göstərdiklərini Azərbaycanda hər kəs yaxşı bilir. Doğrusu, bu yazını şərhsiz təqdim etmək fikrində idim. Iki fakta görə fikrimdən yayındım.
Birinci fakt: Avropanın Böyük Britaniya, Fransa, Almaniya və Italiya kimi dövlətlərində yüksək vəzifə sahiblərinin elmi adları-filanı yoxdur. (Bəlkə də o səbəbdəndir ki, adını çəkdiyim dövlətlər analoqsuz inkişafa nail ola bilmir, rüşvət və korrupsiyanın qarşısını almaqda acizdir və vətəndaşlarını it günündə yaşadırlar).
Ikinci fakt: Allahın Azərbaycana yüngülvari bir qar yağışı rəva bilməsi cümlə Azərbaycanda həyatı iflic etdi. Saatlarla tıxaclarda qalan on minlər, işıq və qaz kəsildiyi üçün soyuqdan dizlərini qucaqlayan milyonlar yüksək vəzifəli alimlərin Azərbaycanı necə müdrikcəsinə idarə etdiklərinin şahidi oldular…

Azərbaycan: alimlərin idarə etdiyi məmləkət
•