«Birləşmiş Ştatlar ölkədə siyasi müxalifətin, müstəqil mətbuatın, dini azlıqların əzilməsinə güzəşt etməyəcək»
ABŞ-ın Azərbaycan hökumətinə qarşı sanksiyalarını nəzərdə tutan qanun layihəsi hazırlanması xəbəri xarici mediada müzakirə mövzusuna çevrilib. Çexiya mətbuatı Birləşmiş Ştatların Azərbaycanda insan haqlarının pozulması, tənqidçilərin susdurulması, söz azadlığının məhudlaşdırılmasına görə hökumətə qarşı sanksiyalar hazırlandığı barədə materıal yayımlayıb. “Prague Post” qəzetinin yayımladığı “ABŞ Azərbaycana qarşı sanksiyalar barədə qanun layihəsi təklif edir” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Azərbaycan hökumətinin Azad Avropa/Azadlıq radiosunun Bakı ofisində axtarış aparıb, büronu qapatmasından, eləcə də tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayılovanın həbsxanaya salınmasından bir il sonra ABŞ KonqresindəNümayəndələr Palatasının üzvü Kris Smit Azərbaycan hökumətində təmsil olunan yüksək vəzifəli şəxslərə Amerika vizasının verilməsini qadağan edən qanun layihəsi təqdim edib.
Qanun layihəsi barədə ilk dəfə məlumat dekabrın 16-da Xədicə Ismayılova ilə bağlı “Azərbaycanda təqiblər” adlı dinləmələrdə səsləndi. Dinləmələrlə respublikaçı konqresmen Smit özü də iştirak edirdi.
Jurnalist bu ilin sentyabrında çıxarılan hökmə əsasən, 7 il 6 ay azadlıqdan məhrum edilib. Xədicə Ismayılovaya qarşı irəli sürülən ittihamlar isə prezident Ilham Əliyev və onun ailə üzvlərinin xaricdəki daşınmaz əmlakları, holdinqləri, Azərbaycandakı bir sıra şirkətlər üzərində sahibliyini təsdiqləyən səhm paketləri barədə araşdırma yazılarına cavab kimi qiymətləndirilir.
Dinləmələrdə iştirak edən Azad Avropa/”Azadlıq” radiosunun baş redaktoru Nenad Peciç Xədicə Ismayılovaya qarşı ittihamları, eləcə də radionun Bakı ofisinin qapadılmasını “hökumətin korrupsiyası barədə məlumat verən jurnalistlərin cəzalandırılması, müstəqil jurnalistikanin susdurulması məqsədilə ölkənin ən yüksək rəhbərliyi tərəfindən məqsədyönlü və koordinasiya olunmuş addım” kimi qiymətləndirib.
Eyni zamanda, Helsinki Komissiyasinin sədri olan Smit qanun layihəsi barədə danışarkən deyib: “Birləşmiş Ştatlar Azərbaycanda insan haqlarının pozulmasıyla bağlı dəhşətli vəziyyətə artıq göz yuma, kor qala bilməz”. Onun sözlərinə görə, “Azərbaycan Demokratiya Aktı” adlı layihə göstərir ki, hakimiyyət öz ölkəsində siyasi müxalifəti, müstəqil mətbuatı, dini azlıqları əzəndə Birləşmiş Ştatlar güzəştə getməyəcək.
Respublikaçı Kris Smit sanksıyaları nəzərdə tutan qanun layihəsi barədə məlumat verdiyi vaxtda Avropa Şurasının baş katibi Torbörn Yaqland da Azərbaycanın Insan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasına nədərəcə əməl etməsi barədə rəsmi araşdırma aparılması barədə bəyanatla çıxış edib. Avropa Şurasının baş katibi Azərbaycanda tənqidçi səslərin susdurulduğunu, söz azadlığının məhdudlaşdırıldığını vurğulayıb.