Gürcüstan və Ukraynanın AB ilə vizasız rejimə keçməsi dövlət maraqlarına təhdiddir?
Yaxşı xəbərlər eşidirik. Təəssüflər olsun ki, bu xəbərlər Azərbaycanla bağlı deyil. Ümumiyyətlə, Azərbaycan xalqı uzun müddətdir ki, yaxşı nümunələri digər ölkələrin timsalında görür və həsəd çəkir. Hansısa ölkədə demokratik seçki keçirildiyindən, hansısa ölkədə vətəndaşların borcunun silindiyindən, hansısa ölkədə dövlətin vətəndaşın marağına xidmət edən qanun layihəsi hazırladığından xəbər tuturuq. Hətta istirahət və müalicə üçün də qonşu ölkələrə üz tuturuq.
Bugünlərdə isə daha bir xəbər eşitdik. Məlum oldu ki, Avropa Birliyi Gürcüstan və Ukrayna ilə viza rejimini ləğv edir. Yəni, hər iki ölkənin vətəndaşları Avropa Birliyi ölkələrinə rahat şəkildə gedə biləcək, viza dərdi çəkməyəcək. Əslində, bu demokratiyanın təntənəsidir, Avropaya inteqrasiyanın verdiyi üstünlükdür, dövlət maraqlarına xidmətin nəticəsidir. Ukrayna və Gürcüstan hökumətləri başa düşür ki, demokratik idarəetmənin alternativi yoxdur və dövlətin maraqları bunu təlbə edir.
Amma Azərbaycan hökuməti bu gəlişmələrdən dərs götürmək əvəzinə, yeni “arqument” istehsal etməyə başlayıb. Hökumətimizin təmsilçiləri isə hesab edir ki, Avropa Birliyi ilə viza rejimin ləğvi, Avropa ilə yaxınlaşmaq dövlətin müstəqilliyini təhdid edir. Bəli, bəzi millət vəkillərimiz bu məsələyə münasibət bildirərkən qeyd edib ki, Gürcüstan və Ukraynanın addımları təhlükəlidir və dövləti təsir altına salır.
Sən demə Avropa Birliyinə üzv olan 28 ölkənin hamısı milli matraqları satışa çıxarıblar. Sən demə Azərbaycan hökumətindən başqa heç bir hökumət dövlətini sevmir. Belə çıxır ki, Almaniya, Fransa, İtaliya kimi ölkələr bu quruma qoşulduqlarına görə təsir altına düşüblər. Məsələ burasındadır ki, dünyanın ən zəngin ölkələri məhz Avropa Birliyi ölkələridir. Müsəlmanların, o cümlədən Azərbaycan vətəndaşlarının ən çox mühacirət etdiyi ölkələr Avropa Birliyi ölkələridir.
Göründüyü kimi Azərbaycan hökuməti korrupsiyadan, saxtakarlıqdan, hüquqsuzluqdan imtina etməmək üçün, Avropa Birliyi ilə viza rejiminin ləğvi məsələsinə absurd don geyindirmək istəyir.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycna hakimiyyəti ÜTT-yə üzv olmamaq üçün də oxşar bəhaənlər uydurmuşdu. Hansıki, bu hakimiyyətin təzim etdiyi Rusiya da ÜTT-yə üzv olub. Məsələ burasındadır ki, dünyanın 160-dan artıq ölkəsi ÜTT-nin üzvüdür. Belə çıxır ki, 160 hökumət dövlət maraqlarına xəyanət edib və təkcə YAP hakimiyyəti məsum qalıb?
Əlbəttə ki, yox. Sadəcə olaraq ÜTT-yə üzv olmaq məmurların monopoliyasına zərbədir, gömrükdəki qeyri-leqal pul dövriyyəsinin əleyhinədir.
Demək istəyirik ki, hökumətin viza məsələsinin ləğvinə, AB-la inteqrasiyaya belə “müdrik” münasibəti təsadüfi deyil. Gürcüstan və Ukrayna hökumətlərindən fərqli olaraq, Azərbaycan hakimiyyəti komnada maraqlarını güdür. Bu hakimiyyət nümunəni demokratik ölkələrdən yox, Rusiyadan, Şimali Koreyadan götürür.
Ona görə də sadə vətəndaş rəsmi təbliğata uymamalıdır. Avropa Birliyinin tələblərində dövlətin və millətin maraqlarına zidd olan heç nə yoxdur. Əks halda bu hakimiyyət həmin faktları gecə-gündüz reklam edərdi. İndiki halda isə sadəcə yalanı çeynəmklə məşğuldular.
Hakimiyyət üçün nəinki vətəndaşın sərbəst şəkildə Avropa ölkələrinə getməsi, ölkə daxilində sərbəst gəzməsi də təhlükə sayılır. Amma artıq zaman dəyişib və belə arqumentlər ironik qarşılanır.
İlham