“Neft Fondu dövlət büdcəsi qarşısında öhdəliyini icra edə bilmir”

neft fonduEkspertlərə görə, əvvəllər, büdcəsinin “təhlükəsizlik” yastığı olan Neft Fondunun, indi belə bir “yastığa” ehtiyacı var

Dolların dünya bazarında qiymətinin enməsi, ABŞ Mərkəzi Bankının qəbul etdiyi qərar milli valyutalara təsirini göstərməkdədir. Bu təsir özünü daha çox neft ixrac edən ölkələrin valyutasında göstərir.

Araşdırmalara görə,  Neft Fondu son 2 ayda 1 milyard, ilin əvvəlindən isə 2.4 milyard dollar vəsait itirib. Nəticədə Neft Fondunun ehtiyatları son 2 ayda yenidən 1 milyard dollara qədər azalıb. Bu faktı Fondun icraçı direktoru Şahmar Mövsümovun mediaya verdiyi açıqlama təsdiq edir. O bildirib ki, 10 dekabr 2015-ci il tarixə Fondun ümumi yığım səviyyəsi 33.8 milyard dollar olub.
Halbuki bu il oktyabrın 1-nə ehtiyatlar 34.738 milyard dollar olmuşdu. 2015-c il yanvarın 1-nə isə ümumi yığım 37.1 milyard dollar olmuşdu. Göründüyü kimi, hələ ilin bitməsinə 20 gün qalmış 2.4 milyard dollara yaxın ərimə var”.

İqtisadçılar hesab edir ki, FES-in qərarı neftin qiymətinin enməsinə də müəyyən mənada təsir göstrəcək. Neftin qiymətinin aşağı düşməsi resursla zəngin ölkələrdə, o cümlədən Azərbaycanda neft pullarının dollar həcminin azalmasına gətirib çıxaracaq. Bu ölkəyə daxil olan əsas 3 kanaldan biri olan Neft Fondunun aktivlərinin azalmasına səbəb olacaq. Onu da nəzərə almaq lazımdır ki, onsuz da bu il Neft Fondu dövlət büdcəsi qarşısında nəzərdə tutulan 10,3 mlrd. manat maliyyə transfertinin ödənməsində problemlər yaratmışdı.

İl yekunlaşır, hələ də nəzərdə tutulan transfert ödənməsində ciddi kəsr riski yaranıb. Nəzərə alaq ki, bu ilin neft qiymətləri daha çox ehtimal etmək olar ki, gələn ilin neftin ortalama qiymət səviyyəsindən aşağı olacaq. Bu zaman Neft Fondunun yığımlarına neqativ təsir göstərəcək. Digər tərəfdən isə Neft Fondunun özünün aktivlərinin idarəedilməsində müəyyən çətinliklər yaranıb. Bunun biri fondun aldığı təxminən 450 mln. dollarlıq daşınmaz əmlakın dəyərinin aşağı düşməsində və icarə qiymətlərinin aşağı düşməsində özünü göstərdi. Digər tərəfdən Neft Fondunun valyuta səbətindəki dollar-avroda çəkisinin demək olar ki, 4-dən 3-ü təşkil etdiyi dəyərlərdə itkilər də müşahidə olundu. Neft Fondu əvvəllər, dövlət büdcəsinin “təhlükəsizlik” yastığı hesab olunurdusa, indi onun özünün belə bir “yastığa” ehtiyacı var. Dövlət büdcəsinin əsas donoru olan fondun gəlirlərinin azalması isə büdcənin xərclərində müəyyən korreksiyaların edilməsini zəruri edir. İnvestisiya xərcləri az qala 40 faiz azalıb, sosial ödəmələrdə müəyyən problemlərin yaranma ehtimalı bu ilin büdcənin çətinlikləri üçün xarakterikdir. Gəlir hissəsi 25 və xərcləri 22 faiz azalan dövlət büdcəsinin hələ məhdud büdcə ehtiyaclarının təmin etmə çətinliyi postneft dövrünün çox tez ciddi çətinliklər yaratdığını söyləməyə əsas verir.

Xəyal