«Azərbaycanda hüququn deyil, hüquqsuzluğun üstünlüyü var; azadlıq adına heç nə qalmayıb, yalnız «ölmək azadlığı» var…»
Rüfət Səfərov istefasının səbəblərini “Azadlıq”a açıqladı; Atası Eldar Sabiroğlu ona sərt mesajlar göndərdi, o isə geri çəkilməyəcəyini bəyan etdi
İstefa verən müstəntiqin evinin nəzarətə götürüldüyü xəbəri yayıldı; YAP-dan onun bəyanatına reaksiya
Məşhur YAP-çı, «91-lər»in üzvü, keçmiş deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov prokurorluq orqanlarından istefa verib. Qərarı barədə ilk olaraq «Azadlıq» qəzetinə danışan Rüfət Səfərov sensasion açıqlamalar da verib.
«Pulu olan əxlaqsızların «namuslu» çıxması…»
R.Səfərov bildirib ki, ikinci dərəcəli hüquqşünas kimi 5 ildir Zərdab rayon prokurorluğunda müstəntiq vəzifəsini tutur. Dediyinə görə, bu illər ərzində heç kimlə şəxsi zəmində problemləri olmayıb. Bu gün istefa verməsi də sırf özünün istəyi ilə bağlıdır: «Ali təhsilimi başa vurduqdan sonra təxminən 6 il Kənd Təsərrüfatı Nazirliyində aqrar hüquq sahəsində hüquqşünas kimi çalışmışam. 2011-ci ildə üç mərhələli imtahandan sonra prokurorluq orqanlarına daxil olmuşam. 5 ilə yaxındır müstəntiq kimi fəaliyyət göstərirəm. Uzun müddətdir ölkədə tüğyan edən kütləvi namussuzluq, insanların haqq və hüquqlarının tapdanması, pulu olan əxlaqsızlıqların «namuslu» çıxması məni bu qərarı qəbul etməyə vadar etdi. Mən buna radikal yox, normal qərar deyirəm. «Azadlıq» qəzeti vasitəsi ilə xalqıma müraciət edirəm. Əvvəlcə xalqımdan dönə-dönə üzr istəyirəm ki, bu qərarı verməkdə bir qədər gecikmişəm. Bəlkə də bu addımı 2-3 il əvvəl atmalı idim. Xüsusi vurğulamaq istəyirəm ki, şəxsi müstəvidə heç kimlə heç bir problemim olmayıb. Aylıq maaşım, dolanışığım, evim, şəxsi avtomobilim var. Şəxsi planda heç kimdən şikayətim və ya narazılığım yoxdur. Lakin ictimai müstəvidə vəziyyət çox acınacaqlıdır. Millətimin taleyindən hədsiz narahatam. Bu gün oğrular, korrupsionerlər bayırda kefdə-damaqdadır, zərrə qədər günahı olmayan insanlar isə həbsxanalarda çürüyür. Onların yeganə günahı həqiqəti söyləmələridir».
«Atam məni övladlıqdan rədd etsə də…»
R.Səfərov bu açıqlamalarından sonra atasının ondan üz döndərəcəyini, hətta rəsmi səviyyədə imtina edəcəyini də istisna etmir: «Atam Eldar Sabiroğlu Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır. Bu gün də həmin partiyanın sıralarındadır. Atam zəng edib məni tənbeh etdi. Bəlkə də məhkəmə qaydası ilə məndən imtina da edəcək.
«Azadlıq» qəzeti vasitəsilə atama müraciət edirəm. Əziz atam Eldar Sabiroğlu. Qətiyyən narahat olma. Məni övladlıqdan rədd etsən də, məndən imtina etsən də bil ki, sən, anam və başqa doğmalarım nə qədər əziz olsanız da, mənim üçün millətimin müqəddəsliyi daha üstündür. Millətim rəzil gündədir. Görün, insanları nə günə salıblar ki, rayon prokurorluğunda vətəndaş gəlib müstəntiqdən borc istəyir.
Bu yaxınlarda Corc Oruellin «1984» əsərini təkrarən oxudum. Öz-özümə düşündüm ki, bu qərarı verməliyəm və qorxu hissimi məhv etməliyəm. Sonra gördüm ki, qorxu hissi arxa, cəsarət ön plana keçib».
«İnsanlar itdən betər gündə yaşayır»
İstefa ərizəsini rəsmən bazar ertəsi təqdim edəcəyini deyən R.Səfərov «Azadlıq» qəzeti vasitəsilə Baş prokuror Zakir Qaralova da müraciət edib: «İstefa ərizəmi faks yolu ilə Baş prokurora ünvanlayacam. Fürsətdən istifadə edib Zakir Qaralova təşəkkür etmək istəyirəm ki, nisbi də olsa şərait yaradılıb və insanlar imtahanlarda iştirak edib prokurorluq orqanlarında işə düzəlirlər. Lakin o da reallıqdır ki, heç bir savadı olmayanlar imkanları, pulları olduğuna görə şəhərin mərkəzində əyləşib istintaq aparır və inqsanların tayleyi ilə oynayırlar. Elə düşünməyin ki, Rüfət Səfərov bu gün Zərdabda əyləşib və nədənsə şikayətçidir. Namusuma and içirəm ki, Zərdabdan şikayətçi deyiləm. Həsən bəy Zərdabinin ruhu prokurorluq sisteminə nifrət edib ayrıldığımı bəyan emək cəsarəti verib. Mən bu fikrimi xüsusi qabartmaq istəyirəm ki, kimsə şəxsi problemimin olduğunu düşünməsin. Rüfət Səfərovun problemi şəxsi yox, ictimai müstəvidədir. Azərbaycanda insanlar itdən betər gündə yaşaırlar.
Mən buradan Ramiz Mehdiyevə, onun bəzi əlaltılarına da müraciət edirəm. Əgər bu addımıma görə atamı təhqir predmetinə çevirsələr, beşqat artıq cavab alacaqlar. Buradan elan edirəm, heç nədən də qorxmuram. 34 yaşım var, qoy, qanım bu millətə halal olsun».
«Ortaya faktlar qoyacam»
Rüfət Səfərov sonda onu da bildirib ki, Azərbaycan hüquq sisteminin nə qədər rəzil vəziyyətdə olduğunu yaxın günlərdə faktlarla ortaya qoyacaq: «Azərbaycanda hüququn deyil, hüquqsuzluğun üstünlüyü var. Ölkədə azadlıq adına heç nə qalmayıb. Yalnız «ölmək azadlığı» var. Xüsusi mülkiyyət qeyd-şərtsiz rəsmi və qeyri rəsmi harınlar tərəfindən qəsb edilir. Ölkə əhalisinin 90 faizi acdır. Bu və buna bənzər acı reallıq məni vadar etdi ki, qorxmadan xalqımın yanında olum».
“Ramiz Mehdiyev faktoru…”
Rüfət Səfərivun bu addımı atası Eldr Sabiroğlu ilə aralarında qiyabı polemikaya da səbəb olub. Atası Rüfəti atdığı addlma görə qınayıb, ona media üzərindən müraciət ünvanlayıb. R.Səfərov da atasına özünün feysbuk hesabından və ona suallar ünvanlayan jurnalistlər vasitəsilə cavablar verib.
E.Sabiroğlu əvvəlcə “AzPolitika.info”ya açıqlama verib. Bu açıqlamada o, oğlunun hərəkətindən məyus olduğunu bildirib. Onun fikrincə, oğlu dözümsüzlük edib. “O bu addımı məndən xəbərsiz atıb. Mənə deyirdi ki, yüksək balla prokurorluq orqanlarına işə qəbul olunmasına baxmayaraq, 5 ildir ki, Zərdab rayonundadır. Aşağı bal toplayanların isə il yarım, iki ildən sonra yerləri dəyişdirilib. Burada həqiqət var. Mən özüm də dəfələrlə prokurorluq orqanlarına müraciət etdim, bu gün-sabaha saldılar. Əslində mən Baş Prokurorluqda da bir günah görmürəm. Ramiz Mehdiyev faktoru onları çəkindirirdi. Mən bunu aydın hiss edirdim. Buna görə oğluma qarşı ayrıseçkilik edirdilər”, – deyə o qeyd edib.
E.Sabiroğlu deyib ki, oğlunun belə sərt qərarına son vaxtlar onun özünə qarşı hücumlar təşkil olunmasının da təsiri olub. “İkinci səbəb isə mənimlə bağlıdır. Oğlum özünü təhqir olunmuş hesab edirdi. Məlum yazılarla bağlı məni, ailəmi təhqir etdilər, aşağıladılar. Hətta ermənilərə işləməkdə suçladılar. Bu da gənc adamdır, dözə bilmədi. Lakin gərək belə yol tutmayaydı. Mənim üzərimə yeriyənlərin əlinə əlavə faktlar verməməli idi”.
Tanınmış YAP-çı bildirib ki, oğlunun qərarı onun siyasi mövqeyinə təsir etməyəcək. “Bütün bunlara baxmayaraq, mən yenə də öz mövqeyimdən – Heydər Əliyev və İlham Əliyev siyasətini dəstəkləməkdən geri çəkilmirəm. Oğlumun qərarına görə mənə qarşı yenə də hücumlar və mətbuatda təhqirlər olacaq. Eybi yoxdur…
Mən buradan cənab Prezident İlham Əliyevə müraciət etmək istəyirəm: Cənab Prezident! İndi nə yazsam və nə desəm də, məni qeyri-səmimilikdə ittiham edəcəklər. Ola bilsin ki, Siz də belə düşünəcəksiniz. Çünki oğlumun atdığı düzgün olmayan addım belə düşünməyə əsas verir. Sizi əmin edirəm ki, oğlum məndən xəbərsiz bu addımı atıb. Çox təəssüflənirəm. Ancaq bir sözüm və bir xahişim də var: Düşünən beyinlərin Sizin siyasətinizdən uzaqlaşdırılmasının qarşısını alın”.
“Mən bu rejimə nifrət etdiyimə görə bu addımı atmışam”
R.Səfərov atasının bu açıqlamasına feysbuk səhifəsində belə bir qeydlə cavab verib: “Atam qorxdu. Azpolitika.info-ya müsahibə verib. Müsahibədən belə məntiq çıxır ki, mən işə görə bu addımı atmışam. Əsla! Mən bu rejimə nifrət etdiyimə görə bu addımı atmışam. Ata, xəbərdarlıq edirəm! Mənim ləyaqətimlə oynama! Kimə zəng etmisən, kimə zəng etməmisən, özün bilərsən!”.
“Bu həqiqətdir ki, səni boğaza yığmışdılar”
E.Saburoğlu daha sonra “Moderator.az” vasitəsilə oğluna müracitə edib:
“Əziz Rüfət, tale elə gətirdi ki, sənə belə müraciət edəsi oldum. Həyatın keşməkeşlərini az görməmişdim, ancaq səndən belə bir zərbə alacağımı heç ağlıma gətirməzdim. Bağışlamaq çətindir, ancaq sən mənim övladımsan, səndən necə keçə bilərəm ki. Ata-bala kimi aramızda çox söhbətlərimiz olub. Sənə böyük ümidlərim var idi, qırdın…
Heç vaxt istəməzdim ki, belə olsun, amma məsləhət yenə Allahındır. Axı sən belə oğul deyildin. Bir neçə günün içində səni dəyişdirən nə oldu, əziz oğul? Rüfət, həm özünə, həm də ata-anana problemlər yaratdın. Sən axı bilirdin ki, mən kimlərlə mübarizə aparıram. Özün də duymadan onların məkrli və çirkli niyyətlərinə xidmət etmiş oldun. Hansı qara qüvvə səni bu yola çəkdi? Beş il birlikdə olmadıq, səndən uzaq qaldıq, ananla səni qoruya bilmədik.
Yazırsan ki, oğulluqdan imtina edə bilərsən, Ata. Səhv düşünürsən, oğlum!. Səni böyütmədim ki, səndən asanlıqla imtina edəm. Gəl razılaşaq ki, yanlışı seçdin, rəqiblərə, söyüş söyənlərə, təhqir yağdıranlara, atana amansız zərbə vuranlara fürsət verdin. Seçdiyin yolun səhv olduğunu dərk edib geri dön, oğlum, sənə məsləhətim budur.
Düzdür, bir həqiqətdir ki, səni boğaza yığmışdılar və bilirəm ki, buna dözmədin. Sən imtahan verərək yüksək göstəricilərlə prokurorluq orqanlarına qəbul olunmuşdun, ancaq buna baxmayaraq səni Zərdaba göndərdilər. Beş il orda əziyyət çəkəsi oldun, qalmağa yerin belə yox idi. Bunların hamısını yaxşı bilirəm. Səninlə bərabər imtahan verərək zəif nəticələr toplamışları bir ildən sonra daha yaxşı yerlərə göndərdilər, amma səni seçdilər, ayırdılar yoldaşlarının cərgəsindən. Və yaxşı bilirəm ki, bütün bunlar mənə görə idi. Prezident Administrasiyası rəhbəri haqqında yazdığım materiallardan, yazılardan qorxub, ehtiyyat edib sənə haqq etdiyini vermədilər. Sən də günlərin birində acığa düşüb tutduğun yolu atdın.
Oğlum Rüfət, məni neçə illər idi ki, boğaza yığırdılar, amma sənin naminə hər şeyə dözürdüm. Nə olardı ki, sən də bir az dözümlü olaydın. Sən də mənə görə dözməliydin. Ürəyim doludur, Rüfət, deyə bilmirəm!
Səni bu yola sövq edən səbəblər, kəslər, hədəflər neçə illərdir ki, atanın qarasınca düşmüşdülər. Lakin mən onlara görə seçdiyim yoldan dönmədim və hesab edirəm ki, düz etdim. Ancaq seçim sənindir, özün bilərsən oğlum. Ananın sənə çoxlu salamları var.
Oğlum, Allah sənin başının üstündə olsun, Allah səni bəd qüvvələrdən qorusun!”.
YAP-dan reaksiya
Gün ərzində Yeni Azərbaycan Partiyasından da R.Səfərovun bəyanatına münasibət bildirilib. Partiyanın Siyasi Şura üzvü, deputat Aydın Mirzəzadə “Modern.az” saytına deyib ki, prokurorluq orqanlarında çalışan şəxsin bu cür çıxış etməsinə təəssüflənir.
“Təəssüf edirəm ki, vaxtilə Yeni Azərbaycan Partiyasında mühüm vəzifə tutmuş şəxsin övladı belə fikirlər söyləyir. Hansısa işdən uzaqlaşmağı siyasiləşdirmək düzgün deyil. Bu gün hüquq-mühafizə orqanlarımızda şəffaflıq var, qanuna hörmət mühiti var. Bu baxımdan kimlərinsə işdən getməsini mütləq siyasətə bağlamağın və yaxud da nə iləsə ittiham etməyin özü də düzgün deyil. Hüquqşünas yaxşı bilməlidir ki, dediyi hər bir sözü təsdiqedici faktlarla ortaya qoymalıdır.
Ümumi şəkildə ittiham etməyin özü həmin ittihamın düzgün olmadığını göstərir. Çox istərdim ki, gənclərimiz hər bir məsələyə hüquqi, dövlətçilik baxımdan, özlərinin dövlətçiliyə verdiyi töhfə konteksindən baxaydılar”.
Müstəntiqin evini polis güdməyə başladı?
Günün sonuna yaxın belə məlumatlar yayılıb ki, R.Səfərovun evi artıq polis nəzarətinə göndərilib. R.Səfərov da “Meydan TV”yə müsahibəsində deyib ki, həyat yoldaşından belə bir məlumat alıb (bu məlumat yayılanda R.Səfərov, dediyinə görə, iş yerində, xidməti otağında oıub – red.). “Mən hazırda xidməti kabinetimdəyəm. Yoldaşımla danışdım. Yoldaşım evdə qorxur. Onun dediyinə görə, evin qarşısında polis var. Düzü, bunu özüm görməmişəm. Hüquqşünas olduğum üçün fakta əsaslanmalıyam. Evdəkilərin dediyinə görə, qapımızın ağzında polislər var. Mən bir azdan evimə gedəcəm. Yoldaşıma da dedim ki, əgər məndən imtina edirsənsə, atana zəng vur. Qaynatam da Yevlax Rayon İcra Hakimiyyətinin birinci müavinidir. Əgər qorxurlarsa, gəlib, səni götürsünlər. Yoldaşım mənə dedi ki, sən hardasan, mən də ordayam”, – deyə o bildirib.
“Fakt budur ki, millət məhv olur”
R.Səfərov müsahibəsində atasının ona müraciəti və YAP-ın reaksiyasına da münasibət bildirib:
– Atam məni təhqir edib. Sonuncu addımımı atam Zərdabla bağlayır. Buradan ölkənin prezidenti İlham Əliyev başda olmaqla, bütün xalqıma elan edirəm ki, Zərdab mənim ruhumdur, canımdır. Həsən bəy Zərdabidən ruh alıb, bu addımı atmışam. Amma bu, o demək deyil ki, bütün cəmiyyətin qarşısında atam məni təhqir etsin.
– Bu bəyanatı verməzdən əvvəl atanızla bu haqda hər hansı bir söhbətiniz olmuşdumu?
– Qətiyyən. Atam Heydər Əliyev və İlham Əliyev siyasətini yürüdən adam olub. Bunu sizə ədalət üçün söyləyirəm. Bilirsiniz ki, atam Yeni Azərbaycan Partiyasının yaradıcılarından olub. Mən bir şeyi demək istəyirəm. Lütfən, dediklərimi olduğu kimi yazın. 1992-ci ildən bəri, YAP-dan bəri, mən özüm işləyənə qədər atamın mənə verdiyi çörəyi özümə haram bilirəm. Atamın mənə verdiyi bu rejimin çörəyini özümə haram bilirəm.
– Bu bəyanatı verdikdən sonra baş verənləri hesablamışdınızmı?
– Mənim 34 yaşım var. Dərk edirəm ki, bundan sonra mənə qarşı hansısa həmlələr olacaq. Lakin hiss etsəm ki, mənə qarşı çox ciddi hücumlar var, ölkə vətəndaşlığından imtina edəcəm. Avropaya müraciət edəcəm. Yəqin ki, Avropada demokratiya varsa, mənim bu sözümü dinləyəcəklər.
– YAP-çı deputat Aydın Mirzəzadənin sizin bəyanata münasibəti ilə tanışsınızmı?
– Aydın Mirzəzadə YAP-da olan çox azsaylı ləyaqətli və şərəfli insanlardan biridir.
– Aydın Mirzəzadə bildirir ki, siz bir hüquqşunas kimi, ittihamlarınızda faktlara əsaslanmalı olduğunuzu bilməlisiniz. Bu haqda nə deyə bilərsiniz?
– Mən anlaya bilmirəm ümumi, yoxsa, xüsusi faktlar lazımdır? Bu boyda millət məhv olur. Ümumi fakt budur ki, millət məhv olur. Aydın müəllim əgər məndən xüsusi faktlar istəyirsə, çağırın onu, üzbəüz söhbət edək. Mən Aydın müəllimin qarşısında böyümüşəm. Bilirəm ki, partiyanın yaradıcılarından biridir. Atamın qarşısında böyümüşəm. Onlar bilir ki, mən kiməm… Bir şeyi də deyim sizə, bütün Azərbaycan xalqına elan edin. Əgər Eldar Sabiroğlu məndən imtina edərsə, təxminən 3-4 gün ərzində əgər atam ölərsə, atamın başdaşına bu rejimin anatomiyasını birbaşa hopduracam.
– “Atam ölərsə” deyəndə, nəyi nəzərdə tutursunuz?
– Atam xəstə insandır. Anam da xəstədir. Atam son dərəcə xəstədir. İki və ya üç dəfə mənə zəng vurub, söyüb, təhqir edib məni. Atama sizin vasitənizlə elan edirəm. Atam ölərsə, onun başdaşına bu rejimin hüquqi mahiyyətini, anatomiyasını əks etdirən bir yazını hopduracam.
– Yəni, valideynlərinizin xəstə olmasına rəğmən bu bəyanatı vermisiniz?
– Mən buradan valideynlərimə bir söz demək istəyirəm. Çox hörmətli Eldar Sabiroğlu, çox hörmətli Tahirə Tahirqızı, siz məni əkib-doğmusunuz, bu həyata gətirmisiniz. Sizə minnətdaram. Amma bu, o demək deyil ki, bütün həyatımı siz şərtləndirməlisiniz.
– İndiki vəziyyətdə özünüz üçün həbs təhlükəsi hiss edirsinizmi?
– Mən öz bəyanatımda da demişəm. Əgər həbsdən, hər hansı bir basqıdan qorxsaydım, təbii ki, bu addımı atmazdım.
azadliq.info