Etibar Pirverdiyevin işçiləri onu kütləvi tətillə hədələdi
“Azərenerji”nin adlarının açıqlanmasını istəməyən bir qrup işçisi “Azadlıq”a müraciət ünvanlayıb. Müraciətdə qurumda həyata keçirilən korrupsiya əməliyyatları barədə ilginc faktlar yer alıb.
Müraciət müəllifləri deyir ki, bu gün Azərbaycanın enerji sahəsində acınacaqlı vəziyyətin yaranmasında əsl təqsirkarlar “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevlə Məhərrəm Nəcəfov və “Azərenerjinəzarət” idarəsinin rəisi Saleh Məmmədlidir. Adıçəkilən bu şəxslər “Azərenerji”ni şəxsi təsərrüfatı kimi idarə edirlər: “Adi bir nümunə göstərək. ”Imişli Regional Elektrik Şəbəkəsi” MMC adlanan bir idarə var. Bu idarə Imişli, Beyləqan, Füzuli, Saatlı, Ağcabədi, Kürdəmir, Zərdab və Sabirabad rayonlarına xidmət göstərir. MMC-nin direktoru 32 yaşında savadsız, ədəb-ərkan bilməyən Rövşən Rəsulov adında bir uşaqdır. Onun arxası Etibar Pirverdiyevin köməkçisi Məhərrəm Nəcəfovdur.
Rövşən Rəsulovdan əvvəlki direktor Şəhadət Bayramov bunun yanında “toya getməli” idi. Ən azı qiymətlərdə bir qədər insaflı idi. Amma Rövşən Rəsulov Məhərrəm Nəcəfovun sayəsində heç nədən çəkinmədən “məhsuldar” işləyir.
Rövşən Rəsulov bir rayon şəbəkəsinin rəisindən 10-15 min, istismar üzrə müavinlərdən 7-9 min, adi mühəndislərdən 3-5 min manat pul tələb edir. Hətta katibələrə də güzəştə getmir. Bu vəzifənin qiyməti 1-2 min manatdır. “Azərenerjinəzarət” idarəsinin rəisi Saleh Məmmədli adi xırda bir obyektə texniki şərti, hətta qanuni verilməli olduğu halda belə, Məhərrəm Nəcəfovun təyin etdiyi qiymət əsasında verir. Qarabağ müharibəsi veteranı vəsiqəsi ilə pərdələnməyi çox ustalıqla bacaran Saleh Məmmədli qanunsuz əməllərini əksər hallarda müavini Amil Mürsəliyevin vasitəsilə görür. Obyekt sahibindən pul çıxmayanda isə texniki şərtə elə fantastik tələblər qoyur ki, 5 belə obyektin qiyməti bir texniki şərtin dəyərini ödəyə bilməz”.
Müraciətin sonunda bildirilir ki, Etibar Pirverdiyev və onun dəstəsi qanunsuz əməllərinə son qoymasa işçilər kütləvi tətilə başlayacaq.
Informasiya şöbəsi