İqtisadçıdan versiyalar və proqnoz
Xəbər verildiyi kimi, Milli Bankın valyuta rezrevləri son 8 gündə daha 748 milyon dollar azalıb. İqtisadçı Məhəmməd Talıblı bu barədə feysbuk səhifəsində yazaraq, belə templə valyuta ehtiyatlarının may ayına qədər tam tükənə biləcəyini qeyd edib.
“Mərkəzi Bank bir ay ərzində ortalama olaraq 1,2 mlrd. manat milli valyutanın dəyərinin qorunub-saxlanması üçün pul xərcləyib. Bu 1 gün ərzində 40 mln. manatın intervensiya üçün sərf olunduğunu göstərir. Bu, 8 gün ərzində 320 mln. manat edir. Amma MB son 8 gün ərzində 750 mln. manat xərclədi. Düşünülə bilər ki, ola bilsin, bir həftə daha çox, digər həftə ondan daha az vəsait xərclənə bilər. Burada qeyri-adi nə var ki? Əsla, qərar verməyə tələsməyin. Əgər iqtisadiyyat özünün təbii axarı ilə gedirsə, onda valyuta dalğalanmaları sərt amplitudalarla getməli deyil. Əgər o varsa, iqtisadiyyatda kənar impulslar və ya bazar iştirakçılarının davranışlarında hansısa tendensiyalar müşahidə olunur. Bunu dərindən təhlil edib monetar proseslərə yön vermək haqqında düşünməyə ehtiyac yaranır. Nə baş verdi, valyuta bazarında bu qədər dollar yığımı həyata keçirildi ki, MB nəzərdə tutulduğundan artıq məbləğdə vəsaitin intervensiyası üçün qərar verdi? Burada bir neçə ağlabatan versiyanı istisna etmirəm.
Birinci versiya, Dövlət Neft Fondunun valyutanın satışını dayandırmağa qərar verəndən sonra Mərkəzi Bankın əməliyyatlara artıq vəsaitə tələbin formalaşması ilə bağlılığı var. Valyutanın satış kanalının daralması digər birində satış həcminin artımını bu səviyyədə şərtləndirməli deyildi. Amma bu oldu.
İkinci versiya, FED-in uçot stavkasının yüksəldilməsi dollara tələbi artıracaq ki, bu da hələ ki, daha çox bahalaşmayan dollarla yığımların edilməsi və ya onun bahalı bir valyuta kimi saxlanmasını zəruri etdi. Buna görə, “süni tənəffüz sisteminə qoşulmuş” manatla yığımdansa, əməliyyatları və yığımları dollarla həyata keçirmək daha çox tərcih olunur.
Üçüncü versiya, “ABŞ-ın Demokrataiya Aktı” layihəsinin müzakirəyə çıxarılacağı və onun təsirinə düşən sanksiyaların əhatə etdiyi oliqarxiyanın hazırlıq tədbirlərinə başlaması ilə bağlı ola bilər. Bu ölkədən xaricə pul axınının güclənməsi üçün əsas ola bilər.
Hər bir halda may ayına qədər MB-ın ehtiyatlarının tam əriyəcəyini proqnozlaşdırdığımız halda, deyəsən, o vaxta orada bir şey qalmayacaq. Belə ki, MB-ın yalnız bir həftə ərzində 750 milyon manatın intervensiyasından sonra bankın ehtiyatları 6,2 mlrd. manatdan 5,5 mlrd. manat düşdü”, – deyə M.Talıblı yazıb.