elnurastanbeyli@gmail.com
Bir neçə gün əvvəl Milli Arxiv Idarəsində aparılan yoxlamaların nəticələri açıqlandı. Təsəvvür edin, orada belə, korrupsiya varmış!
Yoxlamanı aparan Hesablama Palatasının sədri Vasif Gülməmmədovun açıqlamasından: “Milli Arxiv Idarəsində bir sıra hallarda vəsaitlərin Vahid Büdcə Təsnifatı ilə təsdiq edilmiş iqtisadi təsnifat kodunun dəyişdirilməsi ilə icra edildiyi məlum olub. Eyni zamanda, işçilərin mükafatlandırılması, maddi yardımların və məzuniyyətlə bağlı vəsaitlərin ödənilməsi zamanı bir sıra nöqsanların müəyyən edildiyi, malların (işlərin və xidmətlərin) satın alınması zamanı zərurət olmadan satınalma metodunun dəyişdirilməsi hallarının aşkar olunduğu, büdcə vəsaiti hesabına zəruri olmayan və tələbatdan artıq mal-materiallar alınmaqla səmərəsiz xərcə yol verildiyi üzə çıxıb” (açıqlamada sözügedən idarədəki korrupsiya hallarına dair başqa məqamlar da sadalanır, amma onların hamısını sadalamağa nə hacət? Hansısa dənizin suyunun dadını bilmək üçün onu bütün içməyə ehtiyac yoxdur, bir ovuc içmək kifayətdir).
Indi kimsə deyə bilər ki, yazı müəllifi bundan niyə təəccüblənir, ya da nə üçün bu kiçik fakta xüsusi diqqət göstərir. Sadə səbəbdən: bir ölkənin keçmişinin sənədləşdirildiyi idarədə də yeyinti, mənimsəmə varsa, artıq o ölkədə heç bir mənəvi dəyərdən danışmaq mümkün deyil. Nəqliyyat Nazirliyində korrupsiyanın miqyası daha geniş ola bilər və şübhəsiz ki, hazırda Azərbaycanda məhz belədir. Ancaq inanın ki, oradakı yeyintidən həcmcə hər nə qədər az olsa belə, Milli Arxiv Idarəsindəki korrupsiya daha dəhşətlidir. Çünki məsələnin başqa – mənəvi, əxlaqi tərəfi var. Bir millətin və məmləkətin tarixindən cavabdehlik daşıyanlar da harama bulaşırsa, artıq heç nə qeyri-adi, gözlənilməz, heyrətamiz deyil: nə Rəsulzadənin və Xalq Cümhuriyyətinin həqarət obyektinə çevrilməsi, nə də hansısa klanın “dahi rəhbəri”nin dövlətçilik banisi elan olunması! Heç tarix dərsliklərinin bəlli bir siyasi kultun, siyasi biətçiliyin diqtəsi ilə saxtalaşdırılmasını da təəccüblə qarşılamamaq lazımdır.
Unudanlar üçün xatırladım: hardasa iki ay əvvəl Xalça Muzeyində korrupsiya şübhəsi ilə yoxlamalara başlanıldığı rəsmən açıqlandı. Daha sonra isə şübhələrin haqlı olduğu təsdiqləndi. Əlbəttə, təmiz biabırçılıqdır. Belə məlum olurdu ki, xalçanı milli dəyər, mənəvi kimlik faktı kimi hər addımda gözümüzə soxanlar əslində ona bağlı muzeydə dövlət vəsaitlərini xımır-xımır yeməklə məşğul imişlər. Xalça bir sənət hadisəsindən korrupsiya hadisəsinə çevrilibmiş əslində! Inanın, ağlı başında olan hər kəs anlayır ki, bu hansısa Əmək və Əhavlinin Sosial Müdafiəsi Nazirliyindəki, ya da Əmlak Məsələləri Dövlət Komitəsindəki korrupsiyadan məbləğcə, miqyasca nə qədər az və kiçik olsa da, mahiyyətcə qat-qat böyük və dözülməzdir.
Bəli, bunlar ölkədə heç bir mənəvi dəyər saxlamadılar. Hər şeyi harama, əliəyriliyə uyğunlaşdırdılar. Məsələnin ən iyrənc və idbar tərəfi məhz budur!
Biz Mirzə Cəlilin məşhur “Poçt qutusu” hekayəsinin qəhrəmanı Novruzəliyə, onun cahilliyinə hələ də gülürük, hələ də Novruzəlini geridəqalmışlığın, köhnəliyin ümumiləşdirilmiş obrazı kimi qəbul edir, Novruzəliliyi az qala bütün bəlaların baiskarı kimi göstəririk.
Novruzəli nə etmişdi? Poçt qutusuna məktub atdıqdan sonra nə edəcəyini bilməyərək oturub gözləmiş, elə ki, poçt qutusunu boşaldıb getmək istəyən məmuru görmüş, onun məktubu oğurladığını zənn edərək əzişdirmək istəmişdi.
Bu hekayətin üstündən 100 il keçdikdən sonra, təqvim 21-ci əsri – 2015-ci ili göstərərkən nə baş verdi? “Azərpoçt”un baş direktoru həbs olundu (bu ilin noyabrında), o hazırda korrupsiyada – oğurluqda, mənimsəmədə günahlandırılır.
Novruzəlinin vaxtilə poçt qutusuna keşik çəkmək istəməsi nə qədər cahilcəsinə görünürdüsə, bu gün yapçıların ölkəni saldıqları vəziyyətə baxanda o, bir o qədər haqlı, hətta müdrik, uzaqgörən təsiri bağışlayır. Bəs necə? Artıq bu ölkənin baş poçtalyonu da əyri işlərlə məşğuldursa, yazıq Novruzəli poçt qutusundan muğayat olmaq istəməsin neyləsin?!