Avropalı səfirlər İrandan geri çağırılır

Böyük Britaniyanın Tehrandakı səfirliyinin tutulmasına etiraz olaraq üç Avropa ölkəsi – Almaniya, Fransa və Hollandiya İrandakı səfirlərini geri çağırdıqlarını bildiriblər.

“Media forum” saytının məlumatına görə, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü noyabrın 30-da bəyanat yayaraq ölkənin İrandakı səfirini geri çağırdıqlarını bildirib: “Xarici işlər naziri Gido Vestervelle hazırkı gərgin vəziyyəti nəzərə alaraq Almaniyanın İrandakı səfərini vəziyyətlə bağlı məşvərət üçün geri çağırmaq qərarına gəldi”.

Almaniya Xarici İşlər Nazirliyi yaydığı digər bir bəyanatda Böyük Britaniyanın İrandakı səfirliyinə hücumu və onun tutulmasını kəskin pisləyib: “Bu, beynəlxalq diplomatik qanunları açıq-aşkar pozmaqdır və yolverilməzdir”.

Fransa və Hollandiyanın Xarici İşlər nazirlikləri isə yaydıqları ayrıca bəyanatlarda Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücuma etiraz olaraq İrandakı səfirlərini məşvərət üçün geri çağırdıqlarını bildiriblər.

İtaliyanın xarici işlər naziri isə jurnalistlərə açıqlamasında Tehranda xarici diplomatik korpuslara qarşı təzyiq və təhdidi nəzərə alaraq İrandakı səfirliklərini bağlamağı müzakirəyə çıxardıqlarını və vəziyyəti dəyərləndirməyə başladıqlarını bildirib.