Torpaq Məcəlləsinə dəyişikliklərin müzakirəsi mübahisələrlə yadda qaldı
Milli Məclisinin dünənki iclasında Torpaq Məcəlləsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deputatlar arasında mübahisə yaranıb. Qeyd edək ki, dəyişikliklərdə torpaq sahələrinin və dəniz sahili boyunca ərazilərin qanunsuz hasara alınmasına görə cərimələrin tətbiq olunması nəzərdə tutulur.
Deputat Fazil Mustafa dənizin hasarlanmasına diqqət çəkib: “Yayda da iş adamları çimərliklərdə dənizə girişi məhdudlaşdırır. Çox sayda adamlar dənizi hasarlayıblar, tikinti işləri aparıb, böyük vəsait xərcləyiblər, praktik cəhətdən qanunun icrası çətin olacaq. Məsələyə artıq prinsipial yanaşmaq lazımdır. Layihədə hündürlükdən bəhs olunur. Indi necə olacaq, 4 metrlik hasarlar 2 metrə endiriləcəkmi? Qaradağdan gələndə baxırıq ki, hasarlardan dəniz görünmür, Pirşağı tərəfdə də belədir. Nəhayət ki, bu məsələlərin qarşısı alınmalıdır”.
Deputat Elmira Axundova isə bildirib ki, hasarların birdəfəlik sökülməsi üçün müəyyən vaxt lazımdır: “Sahilboyu daş hasarlar tikilib, onlar artıq şəxsi mülkiyyətdir. Bu qanun onlara da şamil olunacaqmı? Xeyr. Deməli, ancaq bundan sonra tikilən sahilboyu hasarlara şamil olunacaq. Xəzər dənizinin əhəmiyyətli hissəsi artıq hasara alınıb. Deməli, bu qanunun vəziyyəti dəyişmək üçün elə bir əhəmiyyəti olmayacaq. Bilirəm, qanunun geriyə icrası yoxdur, amma icra hakimiyyəti bununla bağlı nəsə düşünməlidir”.
Deputat Fuad Muradov deyib ki, vaxtilə həmin hasarların və evlərin tikilməsi zamanı nöqsanlar olubsa, müvafiq qurumlar bunu araşdıra bilər: “Sizi əmin edirəm ki, bir çox hallarda həmin hasarların tikilməsi zamanı nöqsanlara yol verilib. Bu, çox ciddi məsələdir. Bu vəziyyət gənclərimizin istirahətinə çox böyük təsir göstərir. Şərait yaradılmalıdır ki, insanlar dənizdən istifadə etsin”.
Deputat həmçinin bildirib ki, avtomobillərin dəniz kənarında saxlanmasını məhdudlaşdırmaq lazımdır: “Başqa heç bir ölkədə belə vəziyyət yoxdur. Bizdə isə yayda nəqliyyat vasitələrini düz dənizin sahilində saxlayırlar”.
Deputat Eldar Ibrahimov deputatların iradlarına sərt reaksiya verib. O, həmkarlarını qanunun mahiyyətindən deyil, “ayrı məsələlərdən” danışmaqda ittiham edib.
Iclasa sədrlik edən Ziyafət Əsgərovun məsələyə münasibəti isə özünəməxsus şəkildə olub: “Mənim universitetdə bir müəllimim var idi. Bir mövzudan danışırdı, ancaq birdən mövzu yadından çıxırdı və ardınca nə yadına düşürdüsə, ondan danışırdı”.
Bundan sonra müzakirələrin dayandırılması təklifləri səslənib. Dakin deputat Fəzail Ağamalı israrla söz istəyib: “Icazə verin sözümüzü deyək. Burda çox ciddi məsələlərə toxunulur. Bunun üstünü niyə malalayırıq? Dəniz başdan-ayağa hasarlanıb, biz yayda ailə-uşağımızla gedib istirahət edə bilmirik”.
Ziyafət Əsgərovun Fəzail Ağamalıya cavabı belə olub: “Söhbət malalamaqdan getmir, bəli, belə problem var, insanları narahat edir, amma bu qanunun predmetinə aid deyil”.
Fəzail Ağamalı da cavabsız qalmayıb. “Ziyafət müəllim, sizə çox böyük hörmətim var, amma çox xahiş edirəm, bir-birimizə təmkinli yanaşaq” deyən deputat əlavə edib ki, ictimai maraqları nəzərə almaqla bu məsələyə xüsusi yanaşmaq olar: “Ona görə də mən təklif edirəm ki, Milli Məclis rəhbərliyi də insanların narahatlığını anlayışla qarşılasın və bununla bağlı tədbirlər görsün”.
Zahid Oruc da müzakirələrin yekunlaşdırılmasına qarşı çıxıb: “Ay yoldaşlar, cəmi 15 gün öncə ilk iclasımızı keçirmişik. Hara tələsirsiniz? Rica edirəm, siz də bizə hörmət edin! Kürəyimizin arxasından bizə nə qədər təzyiq edirsiniz? Bu nə yanaşmadır, bu, nə deməkdir? Hər dəfə eyni vəziyyət yaranır. Kim eşitmək istəmirsə, buyursun getsin. Heç kim burda dövlət əleyhinə fikir söyləmir. Hasar bütövlükdə ölkəni bürüyüb. Qaradağın daşını ölkəboyu daşımışıq. Bu hasarları Ermənistanla aramızda çəksəydik, Çin səddi yaranardı. Mən istərdim ki, biz təkcə dənizin ətrafında yox, həm də öz evimizin ətrafındakı hasarlara baxaq. Bəlkə bir qərar, sərəncam olsun, bu daş hasarlardan xilas olaq. Özümüzü qonşumuzdan qoruyuruq. 150 metrlik qadağanı qoymuşduq, işləmədi. Mahnılardan başqa dənizə nə həsr etmişik ki? Heç həyatını itirən neftçinin də bir abidəsi yoxdur ki, gedib qarşısında gül qoyaq, deyək əllərinizə qurban olaq”.