Neçə məhkəmə hökmü olmalıdır ki…

avropa-mehkemesiAzərbaycan hakimiyyəti saxtakarlıqdan utansın

Azərbaycan hökuməti nə qədər şəffaflıqdan danışsa da, nəticədə saxtakarlığı etiraf etməli olur. Belə ki, hər dəfə Avropa Məhkəməsi Azərbaycandan olan şikayətlərə baxır və əksər hallarda da şikayətçilərin haqlı olduğu ortaya çıxır. Yəni hər dəfə sübut olunur ki, namizədlərin səsi oğurlanıb, adamlar haqsız yerə həbs olunub və s.

Hökumət də Avropa Məhkəməsinin qərarına uyğun olaraq adamlara təzminat ödəyir. Dekabrın 17-də isə Avropa Insan Haqları Məhkəməsi 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı 14 şikayət üzrə qərar çıxarıb. Qərara görə, Azərbaycan hakimiyyəti 12 iş üzrə dəymiş mənəvi zərərə görə 10 min, 2 iş üzrə isə 7500 avro məbləğində kompensasiya ödəməlidir.

Bəli, növbəti dəfə Avropa Məhkəməsi səviyyəsində təsdiqləndi ki, ölkədə şəffaf seçki keçirilmir. Bu fakt o deməkdir ki, 14 deputat seçilməyib, təyin olunub. Deməli, illərdi bu “ənənə” davam edir. Hökumət də bilir ki, Avropa Məhkəməsi qərar çıxardacaq və təzminat ödənilməsiylə məsələ həllini tapacaq. Əslində bu, hökumətə sərf edir. Qanunsuzluqları cüzi pul qarşılığında legitimləşdirə bilirlər.

Amma məsələnin başqa tərəfi də var. Belə ki, beynəlxalq təşkilatlar Azərbaycanda seçkilərin saxtalaşdırıldığını deyəndə, beynəlxalq tribunalardan Azərbaycan hakimiyyəti kəskin tənqid olunanda, dərhal hökumət cavab verir ki, bizə qarşı qərəzlidilər, Azərbaycanın inkişafına paxıllıq edirlər. Amma unudurlar ki, təkcə Avropa Məhkəməsinin qərarlarına istinad edilsə, Azərbaycanda seçki ənənəsinin dəfn olunduğu ortaya çıxır. Bu faktlar da təbii ki, hökumətin mahiyyətini üzə çıxarır. Hökumət isə elə bilir ki, cüzi miqdarda təzminat ödəməklə, saxtakarlığı unutdurmuş olur.

Digər tərəfdən, hər dəfə Avropa Məhkəməsinin saxtakarlığı üzə çıxarması dövlətin imicinə zərər vurur ki, heç bir normal hökumət bunu özünə sığışdırmaz.

Əslində, ABŞ-ın Helsinki Komissiyasının hakimiyyətə qarşı hazırladığı qanun layihəsi də bu kimi faktlara istinad edilərək hazırlanıb. Layihədə Azərbaycandakı məhkəmə ssiteminin cəza aparatına çevrilməsi, seçkilərin saxtalaşdırıldığı da öz əksini tapıb.

Görəsən, daha nə qədər məhkəmə hökmləri olmalıdır ki, hakimiyyət özünə gəlsin? Hər il hökumətin saxtakarlığını Avropa Məhkəməsi təsdiqləyir və hökumət də heç nə olmamış kimi bu qərarları icra edir. Hansıki, bu tendensiyadan dərs çıxarmaq lazımdır. Bu qədər maskaları cırılır, qanunsuz əməlləri başlarına çırpılır, amma bunlarda utanmaq hissi yoxdur.

Bəli, bunların bütün siyasəti özünüifşadan ibarətdir. Bütün dünyada özlərini biabır ediblər, amma mandat satmaqdan əl çəkmirlər.

Samir