Pul yığmağa macal tapmamış onları polis idarəsinə apardılar
Azad Gənclik Təşkilatının üzvləri gediş haqqının artırılmasına etiraz olaraq ötən gün metronun “Elmlər Akademiyası” stansiyasının girişində səssiz aksiya keçirdilər. Əllərində “Tağı Əhmədov üçün dilənirəm”, “Tələbəyəm, metroya minmək istəyirəm, 5 qəpik çatmır” şüarları tutmuş gənclər ətrafdakı insanları dekabrın 2 və 3-də metronu boykot etməyə səsləyiblər.
Hadisə yerinə gələn Yasamal rayon Polis Idarəsinin əməkdaşları aksiyaçıları ərazidən uzaqlaşdırıblar. Polisin qanunsuz müdaxiləsinə etiraz edən gənclərdən ikisi – Nərmin Həsənli və Ənvər Cəfərov saxlanılaraq idarəyə aparılıb. Polis idarəsində 3 saata yaxın saxlandıqdan sonra gəncləri xəbərdarlıq edərək sərbəst buraxıblar. “Azadlıq”a açıqlamasında Nərmin Həsənli idarədə onlarla “profilaktik” söhbət edildiyini söyləyib: “Bizdən aksiyanın niyə keçirilməsini soruşdular. Məqsədimizi onlara dedik. Uzun söhbətdən sonra xəbərdarlıq etdilər”.
Xatırladaq ki, dekabrın 1-dən metroda gediş haqqı 20 qəpiyə qaldırılıb. Gediş haqqının 15 qəpikdən 20 qəpiyə qaldırılması haqda qərarı Tarif (qiymət) Şurası noyabrın 28-də verib.
Ramin DEKO