Məmməd İbrahimin məhkəməsi başladı
«Burada bir zərərçəkmiş var, o da mənəm…»
AXCP sədrinin müşaviri, üç aya yaxındır ki, həbsdə olan Məmməd Ibrahim işi üzrə ilk məhkəmə iclasında bəyan edib ki, ona qarşı ittihamların heç bir əsası yoxdur. Həbsinin səbəbi isə ictimai-siyasi fəaliyyəti, xüsusən “facebook” səhifəsində hakimiyyəti tənqid edən statuslarıdır. “Burada bir zərərçəkmiş var, o da mənəm. Bu iş üzrə zərərçəkmiş qismində tanınanlar isə dırnaqarası zərərçəkmişlərdi”, – deyə Məmməd Ibrahim dünən məhkəmənin hazırlıq iclasında bildirib.
Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə ittiham olunan Məmməd Ibrahimin işinə Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyilə baxılır.

“Onlar dırnaqarası zərərçəkmişlərdi”
AXCP funksioneri saxlanılan gündən onun hüquqlarını vəkil Yalçın Imanov müdafiə edir. Buna baxmayaraq, hazırlıq iclasında məhkəmə ona dövlət hesabına təyin olunmuş vəkil kimi Tahir Qurbanovu təqdim edib. Lakin Məmməd Ibrahim adıçəkilən vəkilin xidmətindən yazılı şəkildə imtina edib.
Daha sonra məlum olub ki, iş üzrə zərərçəkmiş qismində tanınmış üç nəfərin heç biri məhkəmənin hazırlıq iclasında iştirak etmir. Hakim zərərçəkmişlərin iştirakı olmadan prosesin keçirilməsilə bağlı tərəflərin fikirlərini soruşub.
Vəkil Yalçın Imanov prosesin davam etdirilməsinə etiraz eləməsə də, zərərçəkmişlərlə bağlı məhkəməyə arayış verərək bildirib ki, Məmməd Ibrahim məhz onlardan biri olan Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə həbs olunub. Bir müddət sonra isə digər iki nəfər də peyda olub: “O iki nəfərin üzünü Məmməd Ibrahim ilk dəfə üzləşmədə gördü. Ifadəsində də bunu dedi. Əslində, biz onların da zərərçəkmiş kimi cəlb olunmasının hüquqi əsasını bilirik. Məqsəd Məmməd Ibrahimin vəziyyətini ağırlaşdırmaq, ona veriləcək cəzanın müddətini artırmaqdır. Bir halda ki, bu üç nəfər Məmməd Ibrahimin onlara fiziki güc tətbiq etdiyini, hüquqlarını pozduğunu iddia edir, bəs niyə məhkəməyə gəlib hüquqlarını müdafiə etmirlər? Yox, əgər onların hüquqları pozulmayıbsa, bəs onda Məmməd Ibrahim niyə burada dəmir barmaqlıqlar arasındadır? Bu iş tamamilə saxtadır və Məmməd Ibrahim ictimai-siyasi fəaliyyətinə görə cəzalandırılıb. Amma prosesin əbəs yerə uzadılmaması üçün hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsinə etiraz etmirəm”.
Məmməd Ibrahim də onlar olmadan məhkəmənin keçirilməsinə etiraz etməyib: “Bu işdə bir zərərçəkmiş var, o da mənəm. Mən də buradayam. Məhkəməni keçirə bilərik, onlar dırnaqarası zərərçəkmişlərdi…”
Məmməd İbrahimə qarşı ayrı-seçkiliyin səbəbi
Daha sonra Yalçın Imanov bir neçə vəsatət qaldırıb. Vəkilin ilk vəsatəti Məmməd Ibrahimin əməlində cinayət tərkibi olmaması səbəbilə onun barəsində cinayət işinə xitam verilməsi haqda olub: “Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində göstərilən əməlin Məmməd Ibrahim tərəfindən törədilməsini təsdiqləyən heç bir mötəbər sübut yoxdur. Işin içində zərərçəkmişlərin bir-birini inkar edən, ziddiyyətli ifadələrindən başqa sübut tapmaq mümkün deyil”.
Yalçın Imanovun sözlərinə görə, Məmməd Ibrahim bəlkə də yeganə şəxsdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə ittiham üzrə onun barəsində həbs-qətimkan tədbiri seçilib: “Elə bu Nərimanov Rayon Məhkəməsində özüm dəfələrlə şahidi olmuşam ki, Cinayət Məcəlləsinin 221-ci maddəsinin, hətta 3-cü bəndi ilə ittiham olunan şəxslərin barəsində həbs-qətimkan tədbiri seçilmir. Məmməd Ibrahimə qarşı bu ayrı-seçkiliyin səbəbi hakim siyasi düşüncəyə müxalif olan Xalq Cəbhəsi partiyasının üzvü olmasıdır. Təsəvvür edin ki, Məmməd Ibrahimin barəsində həbs qərarı vermək üçün məhkəmə oktyabrın 2-də başladı, 3-də bitdi. Bir qərara gələ bilmirdilər”.
Vəsatətə münasibət bildirən Məmməd Ibrahim həbsini, ona elan olunmuş ittihamı qərəz və qisas kimi qiymətləndirib.
“Müstəntiq dedi ki, bir dənə də kapron butılka tapıb, ittihamı ağırlaşdıraram”
Vəkilin ikinci vəsatəti müvəkkili barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək, ev dustaqlığı ilə əvəzlənməsi haqda olub: “Qeyd etdiyim kimi, uzun sürən, ağır məşəqqətli məhkəmə prosesindən sonra Məmməd Ibrahim barəsində iki aylıq həbs-qətimkan tədbiri seçildi, sonra müddət daha bir ay artırıldı. Məmməd Ibrahim polis idarəsinə öz ayağı ilə gedib həbs olunub. Yəni bu adamın gizlənmək fikri olmayıb və indi də yoxdur. Üstəlik, onun pasportu da alınıb, ölkədən çıxmaq imkanı yoxdur…”
Məmməd Ibrahim bu vəsatətə münasibət bildirərkən müstəntiqlə aralarında olan maraqlı bir söhbəti danışıb: “Mənim maddəmi ağırlaşdıranda müstəntiq gəlib dedi ki, vəkilin 221.1-ci maddə ilə həbsdə saxlanmanın yolverilməzliyi barədə ora-bura çox şikayət elədiyinə görə maddəni dəyişməli oldum. Məcbur eləsələr, bir dənə də kapron butılka tapıb 221.3-cü maddəni də verəcəm”.
Yalçın Imanov üçüncü vəsatətində isə müvəkkilinin dəmir qəfəsdən çıxarılaraq, məhkəmə zalında onunla yanaşı əyləşməsinə icazə verilməsini istəyib. Vəkil bildirib ki, həm tərəflərin bərabərliyi prinsipi, həm də müdafiə hüququnun təmin olunması baxımından bu vacibdir.
Digər vəsatət isə məhkəmə prosesinin audio və video çəkilişinin aparılmasına imkan verilməsi haqda olub. Bir çox məhkəmə proseslərində protokolların təhrif olunduğunu vurğulayan vəkil bunun qarşısının alınması üçün vəsatətin təmin olunmasını xahiş edib: “Gələcəkdə məhkəmə iclas protokolları ilə bağlı şübhə və narazılıqların yaranmaması üçün xahiş edirəm, bu vəsatət təmin olunsun”.
İstintaqdakı saxtakarlıqlar
Yalçın Imanovun hazırlıq iclasında qaldırdığı sonuncu vəsatət isə yolverilməz sübutların işdən xaric edilməsi haqda olub. Vəkilin yolverilməz sübutlar kimi işdən çıxarılmasını istədiyi sənədlər ekspertiza rəyləri və Məmməd Ibrahimə qarşı irəli sürülmüş ittihamın CM-nin 221.1-ci maddəsindən 221.2.2-ci maddəsinə tövsifi barədə qərardı: “Təkbaşına ekspertiza təyin olunduğu halda, komisyon ekspertiza keçirilirib. Üstəlik, komisyon ekspertiza rəy verdiyi halda, yalnız bir ekspertin adı yazılıb.
Ümumiyyətlə, bu cinayət işi qərəz üzərində qurulub. Məmməd Ibrahimin vəziyyətini ağırlaşdırmaq üçün əlavə sübut axtarışına çıxdılar, iki standart şəxs tapdılar. Təsəvvür edin, oktyabrın 5-də tövsif qərarı qəbul olunub, oktyabrın 6-da isə müstəntiq tövsif qərarının çıxarılmasına əsas ola biləcək materialların qeydə alınması və araşdırılması ilə bağlı Nərimanov Rayon Polis Idarəsinin rəisinə raport verib. Bu necə ola bilər ki, materiallar qeydə alınmamışdan bir gün əvvəl artıq tövsif qərarı verilib? Üstəlik, tövsif qərarından bizim xəbərimiz olmayıb, bizə bu barədə 15 gün sonra – oktyabrın 20-də məlumat verilib. Qanun pozuntusu ilə əldə olunduğuna görə işdən çıxarılmasını istədiyimiz bu sənəd elə belə sənəd deyil, hüquqlarını müdafiə etdiyim şəxsin vəziyyətini ağırlaşdıran sənəddir”.
Prokuror ancaq “hesab edir”…
Prokurorun vəsatətlərin hamısına “hesab edirəm ki, təmin olunmasına ehtiyac yoxdur” şəklində münasibət bildirməsi vəkilin etirazına səbəb olub. Yalçın Imanov bildirib ki, müdafiə tərəfi bütün vəsatətlərini əsaslandırdığı kimi, dövlət ittihamçısı da “hesab edirəm ki, ehtiyac yoxdur” şəklində münasibət bildirməməli, fikrini əsaslandırmalıdır.
Vəsatətlərdən yalnız Məmməd Ibrahimin dəmir qəfəsdən çıxarılması təmin olunub. Iş məhkəmə baxışına verilib. Məhkəmə baxışı isə dekabrın 28-nə təyin olunub.
Xatırladaq ki, Məmməd Ibrahim bir müddət əvvəl AXCP-dən çıxarılan Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Təxminən bir ay sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov də pyeda olaraq, insident zamanı Məmməd Ibrahimin onları da vurduğunu iddia edib. Bundan sonra Məmməd Ibrahimə ittiham verilən maddə ağırlaşdırılıb. Qeyd edək ki, CM-nin 221.2.2-ci maddəsinin sanksiyasında iki ilədək islah işləri və ya beş ilə qədər həbs cəzası nəzərdə tutulub.
Aytən Məmmədova



