Firma rəhbəri: «Mənə qarşı təzyiqlərin arxasında Ramiz Mehdiyevin kürəkəni, deputat olan Ilham Əliyev durur»
“Yasavul” Hüquq Şirkətinin direktoru Əliabbas Rüstəmov RATI-də keçirdiyi mətbuat konfransında peşə fəaliyyətinə görə təqib olunduğunu bildirib. Rüstəmov məhkəmələrdəki özbaşınalıqlar, qanunsuzluqlar və rüşvətxorluq halları ilə bağlı bir sıra faktları açıqlayıb. Məhkəmə sistemindəki acınacaqlı vəziyyətə görə o, Ali Məhkəmənin sədri Ramiz Rzayevi günahlandırıb. Onun sözlərinə görə, mülki işlərlə bağlı qərarlar xüsusilə dözülməz olub.
“Əvvəllər məhkəmələrdə mülki işlərdə sifarişlər yüksək vəzifəli şəxslərdən gəlirdisə, Ramiz Rzayevin dövründə kimin pulu çoxdursa, o işi udur”, deyə vəkil əlavə edib.
Rüstəmov əmlakı əllərindən alınmış şəxslərin hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə təzyiqə məruz qaldığını iddia edir. Belə ki, müxtəlif vaxtlarda ona qarşı CM-in 311 (rüşvət tələb etmə), 178 (dələduzluq) və 213-cü (vergidən yayınma) maddələri ilə cinayət işləri qaldırılıb.
Bunun arxasında hakim elitanın nüfuzlu şəxsləri, o cümlədən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni, deputat olan Ilham Əliyev dururdu. Hazırda Vergilər Nazirliyi Rüstəmova qarşı 213-cü maddə (vergidən yayınma) ilə iş aparır. Rüstəmova məxsus digər “Çənlibel” firması 30 min manat vergidən yayınmada ittiham olunur və buna görə Rüstəmov 3 ildən 7 ilədək həbs oluna bilər. Rüstəmovun fikrincə, o, bir sıra tikinti şirkətlərini müdafiə edərək, onlara qarşı vergi hüquqpozmaları ittihamlarının əsassız olduğunu sübut etdiyinə görə təqib olunur. Hüquqşünas iddia edir ki, indi Vergilər Nazirliyi onunla hesablaşır.


