Azərbaycan korrupsiyada yenə liderdir

Hakimiyyət ölkəmizi Uqanda, Nigeriya, Mavritaniya ilə eyni sıraya salıb

Dünyada korrupsiya ilə mübarizə sahəsində ixtisaslaşmış nüfuzlu “Transparency International” (Beynəlxalq Şəffaflıq) təşkilatı müxtəlif ölkələrdə korrupsiyanın səviyyəsilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabatdan görünür ki, bu ilin əvvəlində hakimiyyət Azərbaycanda korrupsiyaya qarşı mübarizə kampaniyası elan etsə də, ölkə bu sahədə ötən illə müqayisədə xeyli geriləyib. Azərbaycan 183 ölkə arasında 143-cü sıradadır. Ötən il isə ölkəmiz 134-cü pillədə qərarlaşmışdı.
Qeyd edək ki, siyahı ən az korrupsiyalaşmış ölkələrlə başlayır. “Azadlıq” radiosunun məlumatına görə, 183 ölkəni əhatə edən hesabatda korrupsiya sahəsində ən ən yaxşı vəziyyətdə olan dövlət kimi Yeni Zelandiya göstərilib. Ondan sonrakı yerlərdə Danimarka, Finlandiya, Isveç, Sinqapur, Norveç kimi ölkələr gəlir.
Ən sonda isə Somali qərarlaşıb. Türkmənistan, Özbəkistan, Əfqanıstan, Şimali Koreya kimi ölkələr də hesabatda son pillələrdə yer alıb.
Qafqazda ən az korrupsiyalaşmış ölkə kimi Gürcüstan göstərilib. Hesabatda onun yeri 64-cüdür. Ermənistan isə 129-cu sırada qərarlaşıb.
Artıq bir neçə ildir ki, “Transparency International”ın hesabatında Qafqazın ən korrupsiyalaşmış ölkəsi kimi Azərbaycan göstərilir. Azərbaycan özünün sərhəd qonşuları arasında korrpsiyanın səviyyəsinə görə yalnız Türkmənistanı qabaqlayır, Rusiya ilə eyni səviyyədədir. Amma Rusiya keçənilki 154-cü yerini 10 pillə yaxşılaşdıraraq 143-cü olub.
Ümumiyyətlə, builki hesabatda Azərbaycanla eyni balla eyni yerləri bölüşən ölkələr sırasında Rusiyadan başqa Uqanda, Nigeriya, Mavritaniya və Belarusu görmək olar.
Amma “Transparency International” qeyd edir ki, ölkələrin vəziyyətini illər üzrə müqayisə etmək mümkün deyil. Çünki dövlətlərin sırası hər il keçirilən müxtəlif məzmunda və müxtəlif sayda sorğular əsasında müəyyən edilir. 2011-ci ilə aid olan hesabatda da dövlətlərin sırası 20-yə yaxın sorğu və qiymətləndirmə əsasında tərtib edilib.
Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan hökuməti bu ilin əvvəlindən ölkədə korrupsiyaya qarşı ciddi tədbirlər görüldüyünü bildirir. Bu kampaniya başlayarkən ilk aylarda onun rüşvətin səviyyəsini nisbətən azaltması barədə hətta ictimai təşkilatlar da danışırdılar. Amma bir neçə ay sonra rüşvətxorluğun əvvəlki səviyyəyə qayıtdığı barədə tənqidlər gücləndi.
“Transparency International” xəbərdarlıq edir
“Transparency International” hesabatında qeyd edir ki, korrupsiya vəba kimi olduqca çox sayda ölkəyə yayılıb. Təşkilat xəbərdarlıq edir ki, hazırda dünyanı bürüyən etiraz dalğaları əksər hallarda korrupsiya və iqtisadi qeyri-sabitliyə görə alovlanır. Etirazlara qoşulan vətəndaşlar açıq-aşkar liderlərinin və dövlət qurumlarının şəffaf və məsuliyyətli olduğuna inanmadıqlarını deyirlər. Ona görə də liderlər daha səmərəli hökumət barədə tələbləri diqqətlə nəzərdən keçirməlidirlər.