Nardaranda növbəti əməliyyat: 5 nəfər saxlanılıb; Taleh Bağırzadədən xəbər var

nardaran-blokadaBakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirib. Trend-in məlumatına görə, dünən səhər saatlarında Daxili Işlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi, Bakı Şəhər Baş Polis Idarəsi və Sabunçu rayon Polis Idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindən silah-sursat, narkotik maddələr aşkar edilib. Əməliyyat zamanı hadisədə təqsirli bilinən daha 5 nəfərin saxlanıldığı bildirilir. Sabunçu rayon Polis Idarəsindən faktı təsdiqləyiblər.

Nardaranda sakinlərin saxlanılması davam edir”

Nardaranda sakinlərin saxlanılması davam edir, amma biz hələ də bilmirik ki, konkret nə qədər adam saxlanılıb”. Bunu isə Nardaran kəndinin ağsaqqalı Natiq Kərimov Turan-a bildirib.

Onun sözlərinə görə, 4 nəfər saxlanılıb. Saxlanılanlardan biri sərbəst buraxılıb, iki nəfərin taleyindən xəbər yoxdur. Saxlanılanlardan biri də Azərbaycan Islam Partiyasının (AIP) ilk sədri Əlikram Əliyevin oğlu Hüseyn Əliyevdir. Hüseyn Əliyevə bir aylıq inzibati cəza verilib. “Bu adam evə çörək gətirən yeganə şəxs idi, indi ailənin güzəranı necə olacaq onu bilmirik?”,- deyə kənd ağsaqqalı ailənin ağır durumda olduğunu nəzərə çatdırıb.

Evlərdə axtarışların davam etdiyini deyən Natiq Kərimov ev axtarışlarına hüquq-mühafizə nümayəndələrilə yanaşı şahid kimi qonşuların, bələdiyyə təmsilçilərinın qatıldıqlarını, axtarış aparılan evlərdə çəkilişlərin aparıldığını da vurğulayıb. “Biz axtarışların əleyhinə deyilik, amma hər şey qanun çərçivəsində olmalıdır”, – deyə o qeyd edib. O, dünən kənd sakinlərindən bir nəfərin izahat vermək üçün çağırıldığını deyərək nəticənin necə olacağını gözlədiklərini söyləyib.

Natiq Kərimov Dini Komitənin sədri Mübariz Qurbanlının Nardaranda məscidlərin fəaliyyətinə bu məscidlərdə dini icmaların yaradılandan sonra icazə veriləcəyi barədə bəyanatına münasibətini də ifadə edib: “Mübariz Qurbanlı düz deyir, əgər məscid yeni fəaliyyətə başlayırsa qeydiyyata alınmalı, icması yaradılmalıdır, amma Nardaranda yaşı 800 ili ötən məscidlər var, dədə-babalarımız, əcdadmımız bu məscidlərdə ibadət ediblər. Bu kənddə ən cavan məscidin 150 yaşı var. Amma başa düşə bilmirəm ki, namaz qılmaq, mərasimlər keçirmək üçün niyə qeydiyyat lazımdır? Mən məscidə namaz qılmağa gəlirəm, buna nə qeydiyyat? Görünür, Mübariz Qurbanlı özü namaz qılmadığı üçün bu məsələni bilmir. Odur ki, icma olmadan məscidin fəaliyyət göstərməsinə icazə verilməməsi haqda onun mövqeyi əsaslı və qanuni deyil”.

Kəndə elektrik enerjisinin verildiyini deyən ağsaqqal hər 10 evdən 8-də işıq yandığını nəzərə çatdırıb. Qaz verilməsinə gəlincə, hələ qaz verilmədiyini söyləyib.

O, “Nardaran hadisələri”lə bağlı məhz bu kəndin sakinləri olan 7 nəfərin işdən azad edildiyini bildirib: “Onsuz da bu kəndin sakinlərinin 95 faizi işləmirdi, bu adamların da işdən azad olunmaları, özü də məhz nardaranlı olduqlarına görə azad edilmələri həm insan haqlarının, həm də vətəndaşın əmək hüququnun pozulması deməkdir”.

Taleh Bağırzadənin üzərində çox ciddi xəsarətlər var idi”

Müsəlman Birliyi” hərəkatının sədri, Nardaranda həbs olunmuş Taleh Bağırzadə özünü təqsirli bilmir. Bu barədə isə ilahiyyatçının vəkili Cavad Cavadov məlumat yayıb. O, bildirib ki, Taleh Bağırzadə hələ də DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində (“Bandotdel”) saxlanılır. Bu isə həbs olunan şəxslərin saxlanma qaydalarını tənzimləyən qanunların pozulmasıdır.

Vəkilin sözlərinə görə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun, eləcə də Cinayət Prosessual Məcəlləsi məhkəmə qərarı ilə həbs olunmuş şəxsin müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanılmasını qadağan edir.

Bir aya yaxındır ki, “Bandotdel”də saxlanılan Taleh Bağırzadənin vəkili ilə görüşməsinə də imkan verilmir.

Qeyd edək ki, Cavad Cavadov vəkil kimi, ilahiyyatçının hüquqlarının müdafiəsi üçün onun qardaşı ilə müqavilə bağlayıb. Dekabrın 1-də vəkil orderini, vəsiqəsinin surətini Nardaran hadisələrilə bağlı istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə təqdim edib. Buna baxmayaraq, o, hələ də hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilmir.

Cavad Cavadov Taleh Bağırzadənin barəsində həbs-qətimkan tədbiri seçilməsinə dair Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2015-ci il tarixli qərarından apelyasiya şikayəti verilmişdi. Dekabrın 2-də Bakı Apelyasiya Məhkəməsində həmin şikayətə baxılmış və təmin olunmamışdı. Vəkil müvəkkilini də həmin məhkəmədə görüb və onun üzərində ciddi xəsarətlər müşahidə edib: “Məhkəməyə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsindən gətirilmişdi. Onunla konfidensial ünsiyyət saxlamaq mümkün olmadı. Üzərində görünən çox ciddi xəsarətlər var idi, halsız idi. Ona elan olunmuş ittihamda özünü təqsirli hesab etmir. Hal hazırkı vaxtadək onunla vəkil kimi görüşmək imkanı yaradılmır. Ailəsinin ona göndərdiyi paltar, digər zəruri ləvazimatlar qəbul edilmir”.

Media vasitəsilə Baş prokuror Zakir Qaralova müraciət edən vəkil təqsirləndirilən şəxs kimi Taleh Bağırzadənin hüquqlarının təmin edilməsi, mümkün işgəncə hallarının araşdırılmasını xahiş edir.

Vəkil əlavə edir ki, müdafiəçi kimi hüquqlarının təmin olunması üçün məhkəmə nəzarəti qaydasında şikayət verəcək.

Xatırladaq ki, Taleh Bağırzadə noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı həbs olunub. Əməliyyat nəticəsində ikisi polis, dördü qəsəbə sakini olmaqla, 6 nəfər dünyasını dəyişib. Iyirmi dörd nəfərin barəsində isə həbs-qətimkan tədbiri seçilib.