Əli Nağıyevin müsahibəsi qalmaqal yaratdı

eli-nagiyevAxunddan məşhur YAP-çıya sərt cavab gəldi; «Belə şəxslərin Islamdan danışmağa haqqı yoxdur»

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, məşhur YAP-çı Əli Nağıyevin verdiyi müsahibə ictimaiyyətdə geniş rezonansa səbəb oldu.

Əli Nağıyev Imam Hüseyn, Imam Əli haqqında tənqidi fikirlər səsləndirib və deyib ki, şiəlik Islam dinini parçalayıb. Modern.az xəbər verir ki, Içərişəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli Əli Nağıyevə cavab verib. “Son günlərdə bəzi insanlar yenidən gündəmə gəlmək, özlərini bir daha yada salmaq məqsədi ilə dini hadisələrə, o cümlədən tarixi hadisələrə qeyri-dəqiq izahlar verir, hamımız, xüsusilə də inanclı insanlar üçün Allahın yer üzünə göndərdiyi hidayət çırağı və nicat gəmisi kimi önəmli olan peyğəmbər və imamlara iftira ataraq onların göstərdiyi fəaliyyətə dırnaqarası qiymət verirlər. Hətta Qurani Kərimdə nöqsansız və eyibsiz olduqları bildirilən (”Ey Əhlibeyt! Allah Sizdən çirkinliyi (günahı) yox etmək və Sizi pak etmək istər!” (Əhzab surəsi 33-cü ayə).

Əhlibeytin üzvlərindən biri olan Həzrəti Imam Hüseynin (ə) səhvi olduğunu bildirir və tökülən qanları hədər sayır.

Mənə belə gəlir ki, milli və mənəvi dəyərlərinə qiymət verən, öz millətinin şəhidlərinə hörməti olan hər bir kəs qeyri şərtsiz Imam Hüseyn (ə) və Kərbəla şəhidlərinə hörmət etməli onlara sayqıyla yanaşmalıdır. Ən azından bu hətta qeyri müsəlmanın insanlıq borcudur.

Imam Hüseyndə (ə) səhv axtaran şəxsə qısa bir məlumat vermək istərdim. Imam Hüseyn (ə) ilk öncə sözü Allahın sözü, münasibəti Allahın münasibəti və razılığı Allahın razılığı olan kəsin (“Onun danışdıqları boş boş sözlər deyil. O, yalnız vəhy ilə danışır? Nəcm surəsi 3-4-cü ayə), Həzrəti Məhəmmədin (s) əziz nəvəsi idi.

O, Həzrəti Imam Hüseyn(ə) haqqında buyurub: “Hüseyn məndəndir və mən də Hüseyndənəm”.

Həzrəti Hüseyndə (ə), yəni Allahın yer üzündə olan höccətində səhv axtaran şəxs elə birbaşa Uca Allahın naqis olduğunu hesab edir. Belə şəxslərin Islamdan danışmağa haqqı yoxdur.

Mərhum Raci hətta belə şəxslər üçün gözəl beyti özündən bizlərə yadigar qoyub.

Bu ada şəkk eyliyən

Zatında var billahi şəkk”.