Polis kapitanından Usubova şikayət edildi

ramil_usubovZərəçəkmiş qadın nazirdən təhlükəsizliyinə təminat istəyir

“Azadlıq”ın 30 oktyabr 2015-ci il sayında “Polisin zorladığı qadın generaldan imdad dilədi” başlıqlı material dərc edilib. Məqalədə Səbail Rayon Polis Idarəsinin 39-cu polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Zaur Zeynalovun fiziki zor tətbiq etməklə Aliyə Ismayılovaya təcavüz etməsindən bəhs edilib.

Aliyə Ismayılova redaksiyamıza bugünlərdə yenidən müraciət edib. Müraciətdə deyilir: “Mən Daxili Işlər Nazirliyinin Daxili Təhqiqatlar Idarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin imzasıyla 25 noyabr 2015-ci il tarixli cavab məktubu almışam. Məktubda polis kapitanı Zaur Zeynalovun mənimlə yaxın əlaqədə olması faktının təsdiqini tapması qeyd olunsa da, onun işdən azad edilməsi ilə kifayətlənildiyi göstərilir. O, polis sıralarında qalmaqda davam edir, Zaurun anası Esmiranın 19 noyabrda Apelyasiya məhkəməsində mənə deməsinə görə, Zaur cənab Ramil Usubovun qohumu, Səbail RPI-nin 39-cu polis bölməsinin rəisi Ürfanın köməyilə yaxınlarda daha yüksək vəzifəyə təyin ediləcək. Həmin söhbətdə iştirak edən Zaurun atası Vasif dedi ki, yaxınlarda Ürfan qonaq dəvət etdiyi Zaurun yeni vəzifəyə təyin ediləcəyini şəxsən deyib. Onlar belə deməklə Zaurun kifayət qədər dayağı olduğunu, şikayətlərimizin təsdiqini tapmayacağını bildirdilər. Zaurun valideynləri məni orada döydülər. Mən 103 xidmətinə zəng edəndən sonra təcili tibbi yardım maşınıyla ”Bakı Sağlamlıq” müəssisəsinə apardılar.

Zaur Zeynalov ən azı daxili işlər orqanlarından xaric edilməliydi. Çünki cinayət xarakterli oxşar hərəkətlərə yol verən şəxsin polis orqanlarında fəaliyyət göstərməsinə mənəvi haqqı yoxdur. Polis kapitanı Zaur Zeynalov əmisi qızıyla rəsmi nikahda olduğu halda, mənə qarşı bu əməlləri törədib. Əmisi qızıyla 5 ay nikahsız yaşayıb, nikahlarını qeyd etdirəndən bir ay sonra da əmisi qızını evdən qovub və onunla nikahını pozmaq üçün məhkəmədə iddia qaldırıb.

Cəzasızlığın nəticəsidir ki, mən indiyədək onun hədələrinə məruz qalmaqdayam. Mənim və dünyaya yeni göz açan körpəmin həyatı, sağlamlığı polis kapitanı Zaur tərəfindən təhlükə qarşısındadır. Mən 1 dekabr 2015-ci il tarixdə doğum evinə Lamiyə Mədətova adıyla daxil olmuşam və Zaurdan qorxduğum üçün bir gün sonra ərizəmlə evə gəlmişəm. Harda görünüb ki, cərrahiyyə əməliyyatıyla doğuş keçirən qadın bir gün sonra evə çıxsın və özünün, körpəsinin həyatını risqə atsın. Bütün bunları uşağımın atası, asayişimizi qorumalı olan polis kapitanı Zaur Zeynalovun məni və uşağımı öldürə biləcəyindən qorxaraq, məcburiyyət qarşısında etmişəm.

Belə bir adamın polis orqanlarında işləməyə haqqı yoxdur. Polis öz vəzifə imkanlarından cinayətkarlığa qarşı mübarizə aparmalı olduğu halda, Zaur Zeynalov bu imkanlarından mənə və körpəsinə qarşı istifadə etmək istəyir.

Hazırda anamın, mənim və uşaqlarımın həyatı təhlükə qarşısındadır. Zaur Zeynalov bizi özünün dostları və tanışları vasitəsilə hədələməsi səngimək bilmir.

Zaur Zeynalov barəsində ciddi tədbir görməyinizi xahiş edirəm”.

Sosial şöbə