Misir Mərdanovla Abel Məhərrəmov liftdə qalıb

“Hilton-Baku” otelinin lifti xarab olub

Təhsil Naziri Misir Mərdanovla BDU-nun rektoru Abel Məhərrəmov liftdə qalıb. Hadisə “Hilton-Baku” otelində baş verib.
Oteldə “Minilliyin layihəsi”nin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin (AFC) 5 illik yubileyi və “Gələcək nəsillərlə üz-üzə” IV ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə təhsil naziri Misir Mərdanov və Bakı Dövlət Univeritetinin rektoru Abel Məhərrəmov da iştirak ediblər.
Tədbir başa çatmağa az qalmış Misir Mərdanov və Abel Məhərrəmov ikinci mərtəbədə konfrans zalını tərk ediblər. Onlar dəhlizin başına gələrək liftə daxil olublar və birinci mərtəbəyə enmək istəyiblər. Lakin yanlışlıqdan və ya texniki səbəblərdən, lift onları 13-cü mərtəbəyə qaldırıb. Burada isə liftin daxilində düymələr olmadığından M.Mərdanov və A.Məhərrəmov qapını açıb bayıra çıxa bilməyiblər. Bir müddət liftdə qalan yüksək vəzifəli şəxslər telefonla bayıra xəbər veriblər. Nəhayət, 15-20 dəqiqədən sonra onları birinci mərtəbəyə endirmək mümkün olub.
Hadisədən sonra təhsil naziri Misir Mərdanov liftdə bələdçinin olmamasından, diqqətsizlikdən şikayətlənib.