Gənclərdən ordu generallarına sərt ittihamlar

Onlar itkilərə görə müdafiə naziri Səfər Əbiyevlə Baş Qərargah rəisi Nəcməddin Sadıqovu günahlandırır

Ölkənin bir qrup gənclər təşkilatları orduda əsgər ölümlərilə bağlı çərşənbə axşamı Təhlükəsizlik və Müdafiə Ictimai assosiasiyasının (ATMIA) ofisində dəyrimi masa keçirib. AXCP Gənclər təşkilatının sədr müavini Ilham Hüseyn ordudakı ölüm hallarının bütün cəmiyyətdə ciddi narahatlığa səbəb olduğunu deyib. 1994-cü ilin mayından bu yana atəşkəs dövründə Azərbaycanın 3 mindən çox hərbçi itirdiyi qeyd olunub. Indi isə orduda qeyri-nizamnamə münasibətlərinin nəticəsi olan ölümlərin artdığı, amma cəmiyyətdə bu ölümlərin sıradan ölümlər kimi adiləşdiyi vurğulanıb. 
ATMIA prezidenti Yaşar Cəfərli bu il orduda 90 əsgərin həyatını itirdiyini, 95 əsgərin yaralandığını deyib. 
Buna görə məsuliyyətin 19 ildir müdafiə naziri olan Səfər Əbiyevin, 17 ildir ki, Baş Qərargah rəisi Nəcməddin Sadıqovun üzərinə düşdüyünü qeyd edib. Siyasi rəhbərliyin bu ölümlərə biganə yanaşmaması, hadisələrə müdaxilə etməli olduğu nəzərə çatdırılıb. Eyni zamanda ölkədə 50-yə yaxın hərbiyönümlü ictimai qurum olmasına baxmayaraq, bu sahədə cəmi 4-5 belə qurumun tənqidçi mövqe tutduğu bildirilib. Tədbirdə orduda əsgər itkilərilə bağlı statistikanın 2003-cü ildən aparıldığı qeyd edilib. Buna qədərsə statistika olmadığı yada salınıb. Statistika aparılan son 9 ildə ordunun 1000-ə qədər əsgər itirdiyi deyilib. Bunlarin 600 nəfərə qədəri həyatını itirib, 400-ə qədərisə müxtəlif yaralar alıblar. 
Qeyri-nizamnamə münasibətləri nəticəsində övladlarını ordu sıralarında itirən valideynlər tədbirdə ordu sıralarında münasibətlərin qaydasında olmadığını deyiblər. Baş verən hadisələrin düzgün araşdırılmadığını, övladlarının həlak olmaları ilə bağlı aparılan istintaqların yalan üstə qurulduqlarını iddia ediblər(Turan).