Demokartik Qüvvələrin Milli Şurası Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.
Müzakirələrin gedişində Rusiyanın qanunvericilik orqanında uydurma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması ilə bağlı təşəbbüslərin irəli sürülməsi pislənilib. Qeyd olunub ki, bu təşəbbüslər Azərbaycan hakimiyyətinin rəsmi Moskva ilə qurduğu münasibətlərin və yürütdüyü siyasətin tam iflasa ugradığını bir daha göstərir.
Toplantıda BMT- nin İşgəncələr Əleyhinə Komitəsinin Azərbaycanda həbs yerlərində hökm sürən işgəncə halları ilə bağlı yaydığı sənəd müzakirə olunub. Vurgulanıb ki, bu sənəd ölkədəki real durumu əks etdirir. Azərbaycan höküməti sənəddə qeyd olunan problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
“Günəşli” platformasında çox sayda insan tələfatı ilə nəticələnən faciədən sonra həlak olan neftçilərlə bağlı aparılan axtarış tədbirlərinin nəticə verməməsi, aidiyyatı qurumların məsuliyyətsiz və səhlənkar hərəkətləri də Koordinasiya Mərkəzinin toplantısında müzakirə olunub və pislənilib.
Müzakirələr zamanı 3 həftə keçməsinə baxmayaraq Nardaran hadisələri zamanı həbs olunan Müsəlman Birliyi Hərəkatının sədri Hacı Taleh Bağırzadə və digərlərinin vəkilləri ilə görüşməsinə, ailə üzvləri ilə əlaqə saxlamasına imkan verilməməsi, eləcə də onların digər konstitusion hüquqlarının tapdanması pislənilib. Hakimiyyətdən tələb olunub ki, həbs olunan şəxslərin hüquqlarının qanun çərçivəsində müdafiə olunması təmin edilsin.
Koordinasiya Mərkəzinin üzvləri AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qanunsuz həbsinə etiraz əlaməti olaraq onun müdafiəsi ilə bağlı Facebook- da başlanan kampaniyaya dəstəklərini ifadə ediblər.
İclasda ölkədəki sosial-iqtisadi vəziyyətin pisləşməsi müzakirə olunub. Qeyd edilib ki, insanların sosial rifah halının yaxşılaşdırılması üçün hakimiyyətin konkret addımlar atmaq, islahatlar həyata keçirmək əvəzinə qanunvericilik aktlarını və cəzaları sərtləşdirməsi təəssüf və gülüş doğurur. Milli Şuranın Koordinasiya Mərkəzi xalqın sosial-iqtisadi durumunun yaxşılaşdırılması üçün hakimiyyətdən konkret addımlar atmağı tələb edib.