Hakimiyyətə qarşı daha bir beynəlxalq rüşvət ittihamı

Manatın çapı üçün Avstriya şirkətindən «haqq» alınıb

Nemət Əliyev: «Yayılan informasiyanı Azərbaycanın hüquq-mühafizə orqanları ciddi şəkildə araşdırmalıdır»

 

Azərbaycan iqtidarının adı yenə beynəlxalq qalmaqalda hallanır. “Yeni Müsavat” qəzeti dünənki sayında “Röyter” və Avstriya KIV-inə əsaslanaraq məlumat yayıb ki, milli valyutamızın çapını həyata keçirmiş şirkətin adı ilə bağlı ciddi ittihamlar var. Avstriyanın baş prokurorluğunun təmsilçisi ötən gün Vyanada elan edib ki, neçə vaxtdır davam edən beynəlxalq rüşvət qalmaqalı ilə bağlı aparılan araşdırmanın nəticələrinə görə 20 şübhəli şəxs saxlanılıb.
Şübhəlilər arasında isə Avstriya Mərkəzi Bankının 6 icraçı direktoru, o cümlədən bankın rəhbəri Evald Novotny da var. Cinayət işinin materiallarına görə isə, Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan “Oesterreishishe Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) Azərbaycan da daxil olmaqla, bəzi ölkələr üçün milli banknotların çapı ilə bağlı müqavilələr bağlamaq üçün yerli rəsmilərə rüşvət verib. Şirkətin bu cür “fəaliyyəti” isə 2000-ci ildən başlayıb. Müəyyən olunub ki, məsələn, Suriya hökumətindən milli banknotların çapına sifariş almaq üçün yerli rəsmilərə 17 milyon avro rüşvət verilib. Bu proyektin həyata keçirilməsi və Suriya tərəfinə rüşvətin çatdırılması üçün offşor zonada qeydiyyatdan keçmiş şirkətdən istifadə olunub.
Azərbaycanın Mərkəzi Bankının rəhbərliyinə də milli valyutamızın çapını reallaşdırmaq üçün rüşvətin verildiyi barədə məlumatlar var. Məsələn, 2010-cu il martın 24-də OeBS şirkətinin icraçı direktoru Mərkəzi Bankın Direktorlar Şurasına Azərbaycan üçün 150 milyon banknotun çapına dair müqavilədə 10 faizlik “komission haqqı” barədə məlumat verib. Azərbaycan tərəfinə milli valyutanın çapının tenderinin udulması üçün “ödənişlərin” isə Isveçrədəki nümayəndəliyimizə edildiyi vurğulanır. Ekspertlər bunun Mərkəzi Bankın rəhbərliyinin, konkret olaraq Elmar Rüstəmov və başqalarının bank hesabları ola biləcəyini istisna etmirlər. Hazırda cinayət işi ilə bağlı təhqiqat ilkin mərhələdədir və araşdırmalar davam edir. Onu da qeyd edək ki, rəsmi məlumatlara görə, Azərbaycan manatının çapı 2005-ci ildə OeBS şirkətinə verilib. Məhz bu şirkət Mərkəzi Bank tərəfindən elan olunmuş tender müsabiqəsinin qalibi olub.

Nemət Əliyev

Diqqəti çəkən bir məqam da ondan ibarətdir ki, şirkət bəzən rüşvətin verilməsində offşor zonada qeydiyyatdan keçmiş şirkətlərdən istifadə edib. “Azerfon”la bağlı bir müddət əvvəl aparılmış və böyük rezonansa səbəb olan araşdırma isə onu deməyə əsas verir ki, Azərbaycan rəhbərliyinin də bu tip şirkətlərin yaradılması ilə bağlı “təcrübəsi” var.
Mərkəzi Bankdan yayılan məlumatla bağlı əlavə məlumat almağa çalışdıq. Mərkəzi Bankın mətbuta xidmətindən bizə bildirdilər ki, yayılan informasiya ilə bağlı onlarda hər hansı məlumat yoxdur. Əgər gələcəkdə bu tip informasiyaya sahib olarlarsa, o zaman ictimaiyyəti bu barədə məlumatlandırarlar.
Bəs görəsən, Azərbaycanın Baş Prokurorluğu necə, Avstriyada başlayan və Azərbaycanın Mərkəzi Bankının rəhbərliyinin adı hallanan cinayət işini diqqətdə saxlayacaqmı? Mətbuat xidmətindən bu sualımıza cavab ala bilmədik. Xidmətdən əsaslandırmağa çalışdılar ki, ortaya çıxan informasiyada Azərbaycanın ünvanına konkret ittihamlar yoxdur.
AXCP Iqtisadiyyat Komissiyasının rəhbəri Nemət Əliyevin fikrincə, yayılan informasiya Azərbaycanın hüquq-mühafizə orqanları üçün ciddi araşdırma predmeti olmalıdır. Mərkəzi Bankla bağlı qalmaqalın ortaya çıxması ilə Azərbaycan hakimiyyətinin beynəlxalq rüşvət qalmaqallarında adının halanması sayının daha da artacağını deyən N.Əliyev vurğuladı ki, heç kim adı korrupsiya və rüşvətdə hallanan dövlətlərlə əməkdaşlığa meyil göstərmir: “Artıq neçənci dəfədir ki, yüksək tribunadan Azərbaycan hakimiyyətinin rüşvətxor mahiyyəti açıqlanır. Beynəlxalq təşkilatlar dəfələrlə Azərbaycanın adını korrupsiya siyahılarında ön yerlərdə çəkib. Azərbaycan tərəfinin ona rüşvət və korrupsiyaya qarşı mübarizədə edilən tövsiyələri də nəzərə almır. Bütün bu hallar Azərbaycanın gələcəyi üçün yaxşı heç nə vəd etmir”.
Rüşvət və korrupsiyanın Azərbaycanın milli təhlükəsizliyi üçün artıq təhdidə çevrildiyini deyən N.Əliyev vurğuladı ki, heç də təsadüfi deyil ki, son zamanlar Azərbaycana həm investisiya qoyuluşu azalıb, həm də xarici investorlar ölkəni tərk edib.

Hikmət