Bilirəm, nə zamansa düşüncənin və sözün cəzalandırılması tarixin ən böyük ironiyası sayılacaq. Fikirlərin, ideyaların, xəyalların qarşısında sonsuz üfüqlər açılacaq. Nə zamansa insanlar bəşəri ideyaların, hüquqi dəyərlərin, ədalət prinsipinin hakim olduğu bir dünya uğrunda masaya oturmağın qaçılmaz olduğunu anlayacaq. Nə zamansa hər kəs dünyanın bir ucunda hüzurlu, təminatlı, işıqlı, sağlam cəmiyyətlər çiçəklənirkən, o biri ucunda insanları əzən qorxunc, qaranlıq, yoxsul, şikəst həyat şərtlərinin insanlıq qanunlarına sığmadığını qəbul edəcək. Nə zamansa mənim ölkəmdə də normal cəmiyyət qurmaq üçün hüquq və insan ləyaqətinin əsas prinsip olduğu etiraf olunacaq. O zaman çox uzaqda deyil, inanın. Mən bunu Kürdəxanıda oturduğum kameranın yarıqaranlıq köşəsində belə görə bilirəm…
Hansı məkanda və zamanda, hansı ailədə və cəmiyyətdə, hansı qitədə və ölkədə doğulmaq kimsənin əlində deyildi. Amma “düşüncənin quduz köpək kimi qovalandığı bir ölkədə düşüncə adamı olmaqdan”(Cəmil Meriç) peşmanammı? Azərbaycan kimi qanunları çeynənən, sərvətləri talanan, hakimiyyəti istismar alətinə çevrilən, insanları əzilən və boğulan bir ölkənin vətəndaşı olduğum üçün taleyimdən şikayətçiyəmmi? Bu sualı hər kəs kimi mən də dəfələrlə verdim özümə. Bir məqamda anladım ki, gözəl və işıqlı cəmiyyətlər göydən sehrli zənbildə enməyib yer üzündəki xalqların həyatına. Insanlar dişləri, dırnaqları ilə, uzun illərin mübarizə tarixi ilə, məhrumiyyətləri və qurbanları ilə qazanıblar o imkanları. Baxsanız, dünyanın ən demokratik cəmiyyətlərini qurmuş xalqların tarixində belə fikir və düşüncəsinə görə təqib olunan, sürgünlərə göndərilən, döyülən, asılan, öldürülən minlərlə insanın adı var. “Dava insanla tale arasında deyil artıq, insanla kəlmə arasında. Xəyalları o bayraqlaşdırır. Fikir yığınları onun üçün yaşayır, onun için döyüşür, onun üçün ölürlər…” Türk düşüncə adamı Cəmil Meriç deyirdi bunu. Bəli, bu gün silahların deyil, fikirlərin və zəkanın yarışdığı zamandır. Bu gün ağlın, məntiqin, yeni düşüncənin köhnə beyinlərə qarşı savaşdığı tarixdir. Bu yarışda, bu davada, bu savaşda var olmağı hər kəsin insanlıq borcu sayıram. Gözəl sabahlar, işıqlı günlər, qanunların şahlanması naminə…
Bu həbs mənim üçün sürpriz deyildi, şübhəsiz. Ölkəmi çox sevirəm. Bu etiraz, bu qəzəb, bu dava onun üçündür. Bu mübarizə vəzifəsindən, adından, inancından, dünyaya baxışından asılı olmayaraq, hər kəsin rahat, azad, güvənli yaşaya biləcəyi bir cəmiyyət üçündür. Bu etiraz təmsil olunduğum bir siyasi partiyanın təmsilçilərinə düşmən nəzərlərlə baxılmasına, onların susdurulması üçün amansız üsullara əl atılmasına qarşıdır. Bu qəzəb ölkəyə azadlıq gətirmiş həmin o təşkilatın 10 nəfər üzvünün, o sıradan onlarla başqa fikir adamının həbsxanaya salınıb cəzalandırılmasına qarşıdır. Bu barışmazlıq neft ölkəsində milyardları bir qrupun talamasına, böyük çoxluğun dilənçi kökünə salınmasına qarşıdır. Məni sosial şəbəkələrdə yazdığım fikirlərə görə ittiham edirlər, amma yalan və təhrif edilmiş şəkildə. Guya mən dövlət əleyhinə çağırışlar etmişəm, milli, irqi, sosial və dini düşmənçilik yayan fikirlər səsləndirmişəm. Buna yalnız gülürəm. Bizim davamız hüquqi, demokratik, dünyəvi dövlət davasıdır, yüzlərin, minlərin deyil, milyonların davasıdır. Ədalətsiz bir rejimin idarə etdiyi ölkədə yaşadığımı bilirəm. Amma mən heç bir halda rəqiblərimlə belə qaba və qisasçı tərzdə mübarizəaparmazdım. Mən fərqli düşüncə adamlarını ən amansız şəkildə şərləyib susdurmağa qalxmazdım. Mən ölkə insanının hüzurlu yaşamaq haqqını əlindən alıb, vahimə mühiti yaratmağı bir hökumət adına sığışdırmazdım. Mən heç bir halda həqiqəti və azad düşüncəni yalana və totalitar düşüncəyə dəyişməzdim. Çünki ən ağır zamanlarda belə inandım ki, həqiqət və azad düşüncə qalib gələcək. Buna siz də inanın, dostlar!