Yaxşı xəbərlərə təşnəyik. Ictimai həyatımızda, demək olar, gözəl heç nə baş vermir. Adama elə gəlir ki, 22 ildir düşdüyümüz “uğursuzluq zolağı” heç vaxt bitməyəcək. Sanki sabah bu gündən yaxşı olmayacaq, gözlədiyimiz işıqlı gələcək gəlməyəcək.
Son aylarda Arif və Leyla Yunusların haqsız həbsdən buraxılmasından qeyri üzümüzü güldürəcək nə baş verib? Sizi bilmirəm, indi bu sətirləri yazarkən mən ikinci bir ürəkaçan hadisə xatırlamıram.
Qulaqlarımız yaxşı xəbərlərə təşnədir: ya ləyaqətli insanların həbsi haqqında eşidirik, ya da onların ölümü barədə.
Dünən də istisna olmadı. Dəyərli vəkil və gözəl insan Elton Quliyevin ölüm xəbəri gözlənilən olduğu qədər də qəfil idi, ürəyimizi sızlatdı. Gözlənilən idi – çünki ağır xəstəliklə mücadilə etdiyini bilirdik, içimizdə bir ümid vardı ki, o bu mücadilədən qalib çıxa biləcək. Amma olmadı. Nə deyə bilərik. Ölüm utansın!
Təzəlikcə başqa bir vicdanlı dostumuzu – Həsən Kərimovu da torpağa tapşırdıq. Onun itkisinin acısı soyumamış yeni bir ölüm acısını dadmaq ikiqat ağırdır.
***
Hər bir belə ağır itkinin ardından yazılanlara, söylənilənlərə isə ayrıca toxunmaq gərəkdir. Dünən Elton bəylə, ondan öncə Həsən bəylə bağlı sosial şəbəkələr üzərindən yüzlərlə insanın düşüncələrini oxumaq imkanımız oldu. Bu insanların bir çoxu onları şəxsən tanımayanlar, ya da yaxın münasibətləri olmayanlardır. Amma üzüntülərini o qədər səmimi ifadə edirlər ki! Sanki ən doğma insanlarını itirmiş kimi ağrıyırlar, kədərlənirlər.
Bunun səbəbi çox açıqdır: itkisinə üzüldükləri, ölümündən sarsıldıqları adamların ictimai mövqeyi! Onların ölkənin bu günü və gələcəyi ilə bağlı vətəndaş mövqeyi! Onların ədalət və azadlıq uğrunda mübarizə əzmləri, Azərbaycanın layiq olduğu gələcəyə qovuşması adına fədakarlıqları!
Bəli, ləyaqətli, vicdanlı ömür yaşamağın bir üstünlüyü də budur. O səni adını heç vaxt eşitmədiyin, üzünü heç vaxt görmədiyin, varlığından belə xəbərsiz olduğun insanlara sevdirir, səni onlara doğmalaşdırır. Səni onların bir parçasına, səni onların bir yaxınına, əzizinə çevirir.
Nə Elton bəyin, nə Həsən bəyin, nə əbədi itirdiyimiz digər ləyaqətli, vicdanlı adamların arxalarınca söylənilən gözəl sözlərdən xəbərləri olmaya bilər, bu sözlər artıq onlar üçün heç bir anlam ifadə etməyə də bilər, amma hər cür şablondan, pafosdan uzaq şəkildə, içdənliklə yazıram: hansı üzünə çevirirsiniz çevirin, bir insanın özündən sonra qoya biləcəyi ən qiymətli sərvət, ən tükənməz, ən zəngin xəzinə onun təmiz adıdır.
Heç bir maddi nemət, heç bir dünya malı insan mənəviyyatından daha qiymətli, daha üstün deyil. Ölümlər bizə bir az da bunu xatırladır. Hər işıqlı, hər vicdanlı, hər ləyaqətli insanın ölümü ilə biz bir daha anlayırıq ki: nə dəbdəbəli villalar, nəbank hesabları, nə təmtəraqlı həyat insanı ölümdən sığortalamır. Ölüm qaçılmaz sonluqdur, kim istəyirsən ol. Amma öldükdən sonra gözəl, təmiz bir ad, işıqlı bir xatirə, bir millət və vətən adına heç vaxt unudulmayacaq, zamanla dəyəri daha yaxşı anlaşılacaq əməllər qoyub getmək də önəmlidir. O zaman ölüm yalnız fiziki, bioloji hadisə olaraq qalır. Sənin üçün yeni – mənəvi bir ömür başlanır. Xatirələrdə, yaddaşlarda, ürəklərdə, tarixin heç vaxt toz basmayacaq səhifələrində!
Elton bəy, Həsən bəy kimi insanları itirməyin acısı həm də ona görə çox böyükdür ki, Şərin qarşısında çox deyilik. Sıralarımızın ölümlərlə bir az da seyrəlməsi qəlbimizi qana döndərir.
Amma bizim üçün nə qədər ağrılı, nə qədər inanılması və dözülməsi mümkünsüz olsa da, həmin ölümlərdən də çıxaracağımız dərs, alacağımız ibrət var. Ləyaqətlə, vicdanla, şərəflə yaşamış insanlar qarşısında ölüm acizdir. Ölüm onların bədənlərinə qalib gələ bilər, amma əməllərinə – əsla!
Bu yazıya Elton bəyin, Həsən bəyin, digər vicdanlı insanların, dava dostlarımızın uyuduqları torpağa Azərbaycanın hüquqi-demokratik dövlətə, azad, ədalətli ölkəyə çevrildiyi günün müjdəsini aparmaq ümidi ilə nöqtə qoyuram.
***
Düzünə qalsa, sonda “Onları heç vaxt unutmayacağıq” yazmaq istəyirdim, amma biz unutsaq, nə dəyişir. Tarix unutmayacaq!