«Zakir Nəsirovla bağlı ikipilləli əfv verilə bilər»

eyyub-kerimov2Hüquqşünas generalın azadlığa çıxmasını mümkün sayır 

Milli Təhlükəsizlik Nazirliyində (MTN) oktyabrın 17-də baş tutan və dövlət başçısının sərəncamı ilə nazir də daxil olmaqla nazirliyin bir sıra yüksək vəzifəli şəxslərinin istefası ilə nəticələnən xüsusi əməliyyatdan sonra “Qara Kəmər” işinin yenidən araşdırılması gündəmə gəlib.

Mətbuata açıqlama verən Hacı Məmmədovun bacısı artıq qardaşının yeni vəkil tutduğunu və yenidən ifadə vermək istədiyini bildirib. Hacı Məmmədov həmçinin eks-nazir Eldar Mahmudovun dövründə ona hədə-qorxu və təzyiqlər edildiyi üçün məhkəmədə həqiqəti deyə bilmədiyini, DIN-in Baş Cinayət-Axtarış Idarəsinin sabiq rəisi, general Zakir Nəsirovun bu işlə heç bir əlaqəsi olmadığını etiraf edib. Onun sözlərinə görə, Zakir Nəsirov süni olaraq bu işə cəlb edilmişdi.

“Zakir Nəsirov o cinayətlərin iştirakçısı olmayıb”

Ömürlük azadlıqdan məhrum edilən general Zakir Nəsirovun işinə yenidən baxılması və azadlığa çıxması ehtimallarını dəyərləndirən generalın vəkili Adil Ismayılov bildirib: “Zakir Nəsirov ailəsi ilə görüşə bilir, saxlanma şəraiti və səhhəti iləbağlı heç bir problemi yoxdur. Özünü yaxşı hiss etdiyini bildirib. Hacı Məmmədovun açıqlamalarından da xəbəri var. Ümid edir ki, iş yenidən araşdırılacaq və ədalət zəfər çalacaq. O, etmədiyi bir cinayətə görə məhkum olunub, bəraət alıb azadlığa çıxacağı günü gözləyir. Nəsirov 8 iyun 2005-ci ildə həbs edilib, istintaqda və 2006-cı ildən 2008-ci ilə qədər davam edən bütün məhkəmə proseslərində müdafiə etdiyim şəxs Hacı Məmmədovun onun haqqında yalan ifadələr verdiyini bildirib. Hazırda onun həbsdə olmasının yeganə səbəbi də, məhz Hacı Məmmədovun qərəzli və ziddiyyətli ifadələridir. Onun bu ifadələrindən başqa, nə istintaqa, nə də məhkəməyə Nəsirov barəsində heç bir sübut təqdim olunmamışdı. Məmmədov ifadəsini dəyişdikdən sonra isə şərait dəyişir və Zakir Nəsirov haqq etdiyi azadlığa çıxa bilər.

Hacı Məmmədov yaxınları vasitəsi ilə mətbuata xəbər çatdırdı ki, mən o dövrdə Zakir Nəsirovun əlehinə təzyiq altında ifadə vermişəm. Zakir Nəsirov o cinayətlərin iştirakçısı olmayıb”.

Zakir Nəsirova verilən cəza ədalətsizdir

Tanınmış hüquqşünas Əyyub Kərimov məsələ ilə bağlı münasibətini belə ifadə edib: “Mən də həmkarım Adil Ismayılovla razıyam. Bu məsələdə Zakir Nəsirova ittiham irəli sürə bilərdilər ki, cinayəti bilib məlumat verməmək. Qətllə əlaqədar Zakir Nəsirova ittiham irəli sürmək sözsüz ki, Hacı Məmmədoun quru ifadəsinə əsaslanır. Ona görə də Zakir Nəsirov həmin ifadə əsasında həbs olundu və ömürlük həbs cəzasına məhkum edildi. Mən demirəm ki, Zakir Nəsirovun hansısa bir təqsiri yoxdur. Zakir Nəsirov tutduğu vəzifə ilə əlaqədar müəyyən təqsirli əməllər törədib. Bu realdır. Onun bu məsələdə səhlənkarlığı ola bilər. Amma bunun müqabilində ömürlük azadlıqdan məhrum etmə cəzası sözsüz ki, ədalətsizdir. Ona görə də Adil Ismayılov o proseduru da göstərir ki, nə baş verə bilər. Mən də sizin qəzetə verdiyim müsahibədə göstərmişdim ki, burda ən yaxşı variant prezidentin Zakir Nəsirovu əfv etməsidir. Əfv iki pilləli olmalıdır. Birinci pillədə Zakir Nəsirovun ömürlük həbs cəzası 20, ya da 15 ilə qədər endirilir. Ikinci pillədə isə cəzanın çəkilmiş hissəsi ilə kifayətlənib Zakir Nəsirovu azadlığa buraxırlar. Belə nümunələr Azərbaycan tarixində olub. Nəriman Imranov 1994-cü ilin sentyabrında MTN-dən qaçmağa görə ömürlük həbs cəzasına məhkum olunub. Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev də ömürlük həbs cəzasına məhkum edilmişdi. Mərhum prezident Heydər Əliyev hər iki naziri iki pilləli əfvlə azadlığa buraxdı. Eləcə də, Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş hərbçimiz Ramin Səfərovla bağlı prezident Ilham Əliyevin əfv sərəncamı olub. Bu gün artıq 70 yaşı olan Zakir Nəsirov əfvə düşə bilər və əfv olunmalıdır. Sonra isə onun təqsirsizliyi, bəraət məsələsinə baxıla bilər”.

“Hacı Məmmədov təkcə Zakir Nəsirov haqqında danışmayacaq”

Əyyub Kərimov bildirib ki, Zakir Nəsirovun ifadəsi əsasında həbs olunub: “Əsas ittiham Hacıdan gəlir. Hacının ifadəsi əsasında Zakir Nəsirovu 2005-ci ilin iyunun 8-də həbs ediblər.

Hacı Məmmədov artıq “mən danışmaq” istəyirəm fikrini bildirib və bu ictimailəşib. Güman edirəm ki, o, təkcə Zakir Nəsirov haqqında danışmayacaq. Hacı Məmmədov həm də nələri deməyibsə, onlar haqqında danışacaq. Bunun üçün ona imkan yaradılmalıdır. Mən belə düşünürəm ki, onun dediklərinə inanıb inanmamaq sonrakı məsələdir. Gərək adam danışsın ki, biz onu görək. Yenə də Zakir Nəsirov məsələsinə qayıdanda Hacı Məmmədov barəsində ittiham hökmünü çıxarmaq üçün mütləq bir general həbs olunmalı idi. O da Zakir Nəsirov seçildi. Zakir Nəsirov Daxili Işlər Nazirliyində Baş Cinayət-Axtarış idarəsinin rəisi vəzifəsində 10 il çalışıb. Deyək ki, o vəzifə səlahiyyətlərini aşıb, səhlənkarlıq edib, lapən pisi rüşvət alma halları olubsa belə, onun etdiyi bu əməllər ömürlük həbs cəzasına məhkum edilməsinə aparıb çıxarmır. Sözsüz ki, onun ömürlük həbs cəzası almasına qətllərlə bağlı maddələr aparıb çıxarıb. Hacı Məmmədov birmənalı olaraq göstərirdi ki, qətllərdə Zakir Nəsirovun iştirakı böyükdür. Indi isə o deyir ki, mən bu ifadələri təzyiq altında vermişəm. Adil Ismayılov o dövrdə açıq-aşkar bildirdi ki, MTN Zakir Nəsirovdan ölkənin daxili işlər naziri Ramil Usubovunəleyhinə ifadə almaq istəyib. Sözsüz ki, müstəntiq bu ifadəni səthi ala bilməzdi, onun təşəbbüsçüsü ola bilməzdi. Təşəbbüs rəhbərlikdən gəlib. Eldar Mahmudov 2 dəfə Daxili Işlər Nazirliyindən qovulub. Ondan sonra heç kimin gözləmədiyi halda gəlib birdən-birə ölkənin Milli Təhlükəsizlik naziri olmuşdu. Sözsüz ki, o, özünün keçmiş rəhbərindən müəyyən mənalarda qisas almaq mövqeyində dayanırdı. Mən hesab edirəm ki, Zakir Nəsirovun ömürlük həbs cəzası almasının bir səbəbi də nazirin üzünə durmaması, onun əleyhinə ifadə verməməsi, hətta şifahi şəkildə belə “Ramil Usubovun da bu cinayətlərdən xəbəri var” deməməsi idi. Mənim fikrimcə, bunu Hacı Məmmədov deyə bilərdi, ancaq plan belə olub ki, Zakir Nəsirov tutulmalı və məcbur edilməlidir ki, nazirə qarşı ifadə versin. Belə bir ifadə olmadı”.

Qeyd edək ki, Zakir Nəsirovun ailəsi işin yenidən araşdırılması üçün dövlət başçısına və prokurorluğa müraciət edib.

Zakir Nəsirov 2005-ci ildə “Hacı Məmmədov olayı”na görə həbs olunaraq ömürlük azadlıqdan məhrum edilib.