Həftənin hit paradı

1.Əli Həsənov, PA rəsmisi:  “ABŞ, Fransa, Almaniya, Ingiltərə ilə bağlı ”Amnesty International” tipli təşkilatların hesabatlarında, yəni həmin ölkələrdə insan hüquqlarının vəziyyəti ilə əlaqədar hesabatlarda yer alan məqamlara baxanda adama elə gəlir ki, həmin ölkələr ibtidai icma quruluşundan təzəcə çıxıblar”.

Əli Həsənovun çox qısa müddətdə, tarix elmləri doktoru, professor, Dövlət Idarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri olmasını nəzərə alıb ona bir sual vermək istəyirik: “Bəs biz hansı quruluşda yaşayırıq?”.
2.Çingiz Qənizadə, MM üzvü: “Bakının dünənki gecəsinə görə cinayət işi açılmalıdır. Qış Bakıya yaraşmadığı kimi, Hacıbala da Bakıya yaraşmır”.
Analoji fikirləri millət vəkili Qənirə Paşayeva da səsləndirdi. Adətən belə ittihamlar, sakitcə qarşılanır və sonradan onu söyləyən millət vəkilləri dediklərini təzkib edir. Çox güman ki, bu dəfə də belə olacaq, çünki mən dünən bu informasiyaların bir çox saytlardan silinməsinin şahidi oldum. Hacıbalanı belə “xırda”(6 ölüm, 27 xəsarət, 9 yol qəzası, nəqliyyatın 24 saat iflici, – təkcə 24 noyabrda!) məsələlərə görə yerindən tərpətmək mümkün deyil. Hacıbala müəllim, 2 aprel məhbusları deyil ki, asanlıqla bir sınan avtobus şüşəsinə görə zindana düşsün.
3.Hadı Rəcəbli MM üzvü: “Bilirsiniz ki, Sosial Siyasət Komitəsi yalnız xalqın rifahı naminə çalışır, indiyə qədər belə olub və bundan sonra da bu cür fəaliyyət göstərəcək. Komitə ən maraqlı layihələri – uşaq və gənclər idmanı haqqında qanun, alkaqollu içkilərə, siqaretə qarşı paralel mübarizənin aparılması, eləcə də, sağlamlığın qorunması üçün idman proqramlarının əsaslı təşkili təşəbbüsü ilə çıxış edib. Məgər bunları əhalinin sosial güzəranının yaxşılaşması yolunda komitənin fəaliyyəti kimi dəyərləndirmək olmazmı?”.
Olmaz, Hadı müəllim, vallah olmaz! Yaxşı olardı ki, hərdən susasınız, kasıb camaatla da az məzələnəsiniz, ağsaqqal adamsınız. Sizi və iqtidar “Bıdı”larını 174 manatla bir ay dolanmağa məcbur etsələr, ah-nalənizdən yer-göy titrəyər. 
4.Fuad Ələsgərov PA rəsmisi: “Nəzərə alsaq ki, elektron xidmət dövlət orqanı əməkdaşları ilə vətəndaş arasında birbaşa təması minimuma endirir, bu xidmətlərin geniş miqyasda həyata keçirilməsi korrupsiyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir”.
Qəribədir, hüquq siyasəti şöbəsinin müdiri rüşvəti inkar etmir, digər şöbə müdiri Əli Həsənov isə, bunu öz hesabatlarında göstərən təşkilatları ermənipərəst adlandırır. Belə çıxır ki, Fuad Ələsgərov da “dəyirmana su tökür?”.
5.Kamran Əliyev, Baş Dövlət Yol Polisi Idarəsinin şöbə rəisi:  “Bakı-Şamaxı-Ağsu yolunda avtomobillərin hərəkəti tam bərpa edilib”.
Analoji məlumatı 26 noyabrda “Azəryolservis” rəsmiləri də verdilər, amma bunu onların əvəzinə edən Allaha və Günəşə təşəkkür etməyi dilə gətirmədilər.
6. Misir Mərdanov, təhsil naziri: “Hazırda orta məktəblərdə 150 minə yaxın müəllim çalışır, bu say isə normadan artıqdır. Bu gün Azərbaycan məktəblərində 1 milyon 300 min şagird təhsil alır. Əslində biz 1 müəllim, 12-13 şagird nisbətinə keçmək istəyirik”.
Bu islahatın faydasının necə olacağını zaman göstərəcək, amma burası dəqiqdir ki, YAP-ın sıraları düz 50 min nəfər azalacaq.
7. Hidayət Orucov (böyük ehtimalla..), dini qurumlarla iş komitəsinin sədri: “Cümə günlərində bu məsciddə(Şəhidlər xiyabanındakı türk cümə məscidi nəzərdə tutulur) nədənsə çox adam olur, elə etmək lazımdır ki, bu insanları, həftənin o biri günlərinə səpələyək ki, çox görsənməsinlər”.
Bu sözləri eşidən Türkiyə böyükelçisi, heyrətdən donmasın neyləsin?! Nəzərinizə çatdırım ki, Hidayət müəllim əməkdar incəsənət xadimidir.
8. Aqil Abbas, MM üzvü: “Bu yaxınlarda Vilnüsdə şəhər meri hamıya görk eləmək üçün tankla şəhərə çıxıb qanunsuz yerdə saxlanmış ”Mersedes”in belindən keçdi, tıxac bizim beynimizdədir”.
…Aqil müəllim, tıxac problemini birdəfəlik o qaydada həll etmək olar, o zaman evakuatorlar işsiz və cərimə meydançaları boş qalacaq. O boyda strateji gəlir mənbəyindən imtina ediləcəyini ağlınıza belə gətirməyin.
Bura Vilnüs deyil, Hacıbalamızın Bakısıdır, burda bir sot torpaq 500 min manata satılır, sənəddə 2500 manata “oformit” olunur. Tıxac o beş yüz mini mənimsəyənlərin beynindədir, bizim yox.  
9. Fərəc Quliyev, MM üzvü: “Təbii ki, ordumuzda çatışmazlıqlar da var. Və bunları aradan qaldırma səyləri də göz qabağındadır. Amma gəlin, Ermənistandakı paradla Azərbaycandakı hərbi paradı müqayisə edək”.
Zənnimizcə, nə şərhə, nə də Fərəc bəyin müxalifətdə olmasına ehtiyac var, bir neçə belə paradla biz məsələni həll edəcəyik.