“Hələ neçə dəfə doğulacağam…”

Şeiri azad edən Əli Kərim

“Şair var ki, yüksəliş pillələrini dayana-dayana, tövşüyə-tövşüyə, yazdığını təkrarlaya-təkrarlaya qalxır. Şair də var ki, öz-özü ilə yarışdadır, hər əsərində bir pillə qalxır, özünü, özgəni təkrarlamaq faciəsindən uzaq olur. Əli Kərim ikincilərdəndi. O deyə bildiklərinin, demək istədiklərinin az, çox az bir hissəsini dedi. Bu az hissə də şair Əlinin çox böyük poetik imkanlarını aydın göstərir…”.
Bu sözləri vaxtilə şair Rəsul Rza Əli Kərim haqqında yazmışdı.
Hər könül istəyim,  könül harayım
Ellərin qədrinə  belə qalaydı.
Heç nə istəmirəm,  mənim Kür çayım,
Birÿ sənə bənzəyən  nəğməm olaydı.
Əli Kərimin ilk kitabının “Kür, sənə bənzəyən nəğməm olaydı…” adlı birinci şeiri bu idi.
“Əli Kərim poeziyamızda möhtəşəmlikdən adiliyə, pafosdan konkretliyə, patetikadan bədii dəqiqliyə keçidin ən parlaq nümayəndəsidir. Bu təmayülü o, hamıdan tez və parlaq ifadə edə bilmişdir. Məncə, Əli Kərimin ədəbiyyat tariximizdə mövqeyi bununla əlaqədardır”. Bu sözləri də vaxtilə görkəmli alim Asif Əfəndiyev demişdi.
Ötən əsrin 50-60-cı illərində Azərbaycan ədəbiyyatının poeziya mənzərəsini göz önünə gətirəndə bu keyfiyyətlər daha çox diqqəti çəkir. Bu səpkili şeirlər 30-cu illərdən bəri pafosun, patetikanın, ritorikanın məngəsinə keçən Azərbaycan şeirini “əsarətdən” qurtarmaq, ona yeni çalarlar gətirmək idi. Həyatda cəmi 38 il yaşamış Əli Kərim bunu bacardı. Ədəbiyyat  tariximizdə əsərlərinin bu xüsusiyyətinə görə qaldı. Azərbaycan ədəbiyyatı durduqca Əli Kərim poeziyamızın ən görkəmli nümayəndələrindən biri kimi qalacaq…
Kərimov Əli Paşa oğlu(Əli Kərim) 1931-ci il martın 22-də Göyçay şəhərində fəhlə ailəsində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan Dövlət Incəsənət Institutunun teatrşünaslıq fakültəsində üç il təhsil almışdır (1949-1951). Sonra Moskvada M.Qorki adına Ədəbiyyat Institutunda oxumağa göndərilmişdir. Buranı fərqlənmə diplomu ilə bitirmişdir (1951-1955).
“Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi kimi işə başlamışdır. Sonra ömrünün sonunadək poeziya şöbəsinə rəhbərlik etmişdir. Bədii yaradıcılığa 1948-ci ildən “Azərbaycan pioneri” qəzetində çap etdirdiyi “Təzə müəllim” şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1957-ci ildə Moskvada keçirilən gənclərin və tələbələrin VI ümumdünya festivalında “Ilk simfoniya” poeması mükafatına layiq görülmüşdür. 1969-cu il iyunun 30-da Bakıda vəfat etmiş, Göyçayda dəfn olunmuşdur. Orada büstü qoyulmuşdur.
“Unuda bilmədiyim şair”
Əli Kərim şeiri Əli Kərimin ölümündən sonra özünə yaşarılıq,  Azərbaycan poeziyasının mənzərəsində daha artıq görünmək və seçilmək imkanı əldə etdi. Əsl şeirin, poetik nümunənin yaşarılığını, hifz edən də məhz onun müasirliyidir. Şeir hansı dövrdə yazıldığından asılı olmayaraq bütün dövrlərdə öz bədii-estetik mükəmməlliyini, öz varlığını qoruyub saxlamalıdır.
Vaqif Yusiflinin “Unuda bilmədyim şair” yazısında oxuyuruq:
“Əli Kərim şeiri Əli Kərimin ölümündən sonra özünə yaşarlıq, Azərbaycan poeziyasının mənzərəsində daha artıq görünmək və seçilmək imkanı əldə etdi. Əsl şeirin, poetik nümunənin yaşarlığını, Füzuli demişkən, ”tabü-təravətini” saxlayan, hifz edən də məhz onun müasirliyidir. Yəni şeir hansı dövrdə yazıldığından asılı olmayaraq bütün dövrlərdə öz bədii-estetik mükəmməlliyini qoruyub saxlamalıdır. Zaman, dövr, mühit dəyişə bilər, cəmiyyətdə yeni mənəvi, sosial münasibətlər törənə bilər, amma şeir öz varlığını qorumalıdır. Elə bilirəm ki, Əli Kərim bu günlərdə yaşasaydı, şeirimizin axarı, istiqaməti çox-çox yad səmtlərə, küləklərə tuş gəlməzdi. Şeir bu qədər ucuzlaşmaz, hər yetənin əlində xırdalanmazdı. Heyf…”.
Cavanşir Yusiflinin “Əli Kərim üslubu” yazısında oxuyuruq:
“Əli Kərim Azərbaycan şeirində qəribə və izahı hələ də sürən hadisələr yaratdı. Və zahirən nə Səməd Vurğuna, nə də digər şairlərə bənzəməyən bu poetik sistemdə ənənə özünü tapdı, özünü tam potensiyası ilə ifadə etdi – Azərbaycan poeziyasında yeni mərhələ başladı: söz təkcə deyilmək, insanları həyəcanlandırmaq, onu başqa aləmlərə aparmaq… üçün yox, həm də dərinliyi göstərmək, zahirən nə qədər gözəl, göz oxşayan, mütəəssir edən olsa da, daxildə dünyanı, necə deyərlər, ”vurub-çıxmaq”, təhlil etmək, onunla oppozisiya yaratmaq üçün idi. Yəni üfüqi xətt – üfüq nə qədər gözəl və cazibəli olsa da, onu kəsən çarpaz “çağdaş Azərbaycan poeziyası” deyilən mətnin tam təsəvvürə gətirilməsi üçün zəruri idi. Əli Kərim böyük bir nəhrin, mürəkkəb bir vəziyyətin içində aydınlıq yaratmaq, bu vəziyyəti yerbəyer etmək üçün idi, yəni nəhrin içinə süzülən bir damla bəzən hər şeyi yerli-dibli dəyişdirir, onun taleyində müəyyənləşdirici rol oynayır…”.
Təvazökarlığı istedadı ilə əkiz doğuldu…
Görkəmli şair Məmməd Arazın hələ 1970-ci ilin iyul ayında yazdığı “Kürlə yarışan nəğmələr” adlı məqaləsində oxuyuruq:
“Hərdən mənə elə gəlir ki, Əli Kərim poeziyamızın çətin yoluna qəfil ÿvə gözlənilməzÿ tufan kimi birdən-birə, ən uzaq səfərə getməyə qadir köhlən at belində yaraqlı-yasaqlıÿ çıxdı. Onun nəğmələri qeyri-adi sürətlə qanadlandı, pərvazlandı. Sənətimizə böyük imkanlara malik, yetkin birÿ istedadın gəlişiniÿ xəbər verdi. O, poeziyanın mötəbərÿ kürsülərinə qalxıb sakit, təmkinli bir ürəyin coşqun və ehtiraslı şeirlərini oxumağa başladı.ÿ Lakin ilk görüşlərdənÿ belə mənəmlik ÿeləmək istəyən havalı ilhamının axınını cilovlamaq, bununla da onu vaxtsız aparmanın büdrəyiş aqibətindən qorumaq məqsədi ilə insan Əli Kərimdə təbii olaraq başıaşağılıq, az görünüb, az danışmaq mədəniyyəti yarandı.
Onun təvazökarlığı onun istedadı ÿilə əkiz doğuldu. Ona ən yaxın həmdəm, ən yaxın məsləhətçi oldu. Bu da faktdır ki,ÿ bu son dərəcə ÿtəvazökarlıq, ÿözündən qaçma, özündən narazıÿ xasiyyət sağlığında ÿşair Əli Kərimin lazımınca dərk olunmasına müəyyən mane törətdi.ÿ Onu onsuz daha dərindənÿ duyduq, daha ÿyaxşı dərk elədik. Daha o, araya söz qatıb, ondanÿ danışmaq ÿimkanımızıÿ əlimizdən ala bilmədi. Sağlığındaÿ görə bilmədiyimiz bəzi keyfiyyətlər onu bir qədər də böyütdü gözlərimizdə…”.
M.Araz həmin məqaləni belə bitirir:
Bir Əli var mənim qarşımda: başı aşağı, düşüncəli, üzündə-gözündəÿ uşaq təmizliyi…
Bir Əli var aramızda: elə ehtirasla şeir oxuyur, elə qeyri-adi bir ilhamla dinir ki, çox şairlər unudur şairliyini…
Bir Əli var məclisimizdə: məclisin duzu, hamıdan az gülən, hamıdan çox güldürən. Qədirli şeirlər yazan, öz qədrini az bilən.
Çoxumuzdan yaxşı yazan, çoxumuzdan az tərif ÿuman, heç ummayan…
Bir Əli var… həmişə ilhamı söykənən torpağa indi kürəyi söykənib… Elə bil son dəfə bu şeirini oxuyur: “Mənim ömrüm”…
Öz nakam taleyini sanki əvvəlcədən hiss edən unudulmaz və həmişəyaşar şair Əli Kərimə həsr olunan bu yazının sonluğunu biz də “Mənim ömrüm” şeiri ilə bitirdik…
Baxsan bu dünyanın  ha tərəfinə,
Bir yerdə qəbrim var,  on yerdə sağam.
Göy uçsa, yer qopsa  ölmərəm yenə,
Hələ neçə dəfə  doğulacağam…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir