“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini (BMCMİ) daha iki iş üzrə məhkəməyə verib.
Bu barədə “Report”a C.Hacıyevin vəkili Aqil Layicov bildirib.
Belə ki, C.Hacıyev ona gətirilən sovqatın qəbul edilməsini, sovqatın qəbul edilməməsinin qanunsuz sayılmasını, həmçinin vəkillə özü arasındakı yazışmalarda konfedensiallığın pozulmasının qanunsuz hesab edilməsini istəyir.
Bundan başqa, C.Hacıyev BMCMİ-də saxlanılmasının qanunsuz sayılması barədə də məhkəmədə iddia qaldırıb.
Hər üç iddiaya sabah – dekabrın 17-də Nərimanov Rayon Məhkəməsində baxılacaq.
Vəkil onu da deyib ki, C.Hacıyevə verilən yeməklərin keyfiyyəti artırılıb, lakin yenə də yeməklər gündəlik qida rasionu standartlarına cavab vermir.