«Akif Çovdarov dedi ki, Eldar Mahmudov 500 minə razı deyil, bazarı ver?»
Artıq ləğv edilmiş MTN-in keçmiş rəhbəriyinin formalaşdırdığı mütəşəkkil cinayətkar qruplaşmanın sahibkarların əmlakını, biznesini quldurcasına necə ələ keçirdiyinə dair yeni faktlar üzə çıxmaqda davam edir. Əmlakı qəsb edilmiş sahibkarlardan biri də Bakının xalq arasında “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr” bazarının ərazisində fəaliyyət göstərən topdansatış bazarının (ərazisi 1,2 hektardır) sahibi olan Səfərov qardaşlarıdır.
Bu bazarı hələ 2005-ci ildə Akif Çovdarovun şəxsən iştirakı ilə qəsb ediblər. Eldar Mahmudov işdən çıxarılandan və MTN-dəki qruplaşmanın zərərsizləşdirilməsindən sonra bazarın sahibləri əmlaklarının geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər. Ancaq deyirlər ki, hələlik onların müraciətinn təsiri yoxdur.
Vaxtilə bazarın sahibi olmuş sahibkar Salman Qürbət oğlu Səfərov virtualaz.org saytının redaksiyasına müraciət edərək əmlakının əlindən necə qəsb edilməsi haqda ətraflı danışıb.
Səfərov deyir ki, 2005-ci il, dekabrın 20-də özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən 3 nəfər onun bazardakı ofisinə daxil olub. Onlar heç bir səbəb göstərmədən Salman Səfərovun qardaşı Qəhrəman Səfərovun və Akif adlı mühasibin qoluna qandal vuraraq özləri ilə aparıblar.
Zərərçəkən danışır: “Sonra digər qardaşım Cəfər Səfərova zəng vuraraq qardaşının saxlanıldığını, birbaşa nazirliyə gəlməyi deyiblər. Hətta qardaşımın indi harada olduğunu da telefonla ona deyiblər, izləndiyi barədə xəbərdarlıq ediblər. Hər iki qardaşım gecə saat 12-dək Akif Çovdarovun kabinetində işgəncələrə məruz qalmışdı. Onları bir gün ərzində 500 min manat gətirmək şərti ilə azad etmişdilər”.
Şikayətçinin sözlərinə görə, qardaşlarının MTN-ə aparılmasından bir gün sonra – dekabrın 21-də Akif Çovdarov yenidən Cəfəri yanına çağırıb və nazirin 500 min manatla razılaşmadığını bildirib: “Dedi ki, nazir pula razı deyil, bazarın onlara verilməsini tələb edir. Həmin gün Cəfərə o qədər işgəncələr verilmişdi ki, Akif Çovdarovun tələbi ilə razılaşmaq məcburiyyətində qaldı”.
Salman Səfərovun dediyinə görə, onlar bazarı “Bank of Baku”da girov qoyaraq 125 min manat kredit götürmüşdülər. Həmin vəsaiti bazarın abadlaşdırmasına, anbarlar tikilməsinə xərcləmişdilər.
Səfərovun danışdıqlarından: “Banka 70 min manata qədər borcumuz qalmışdı. Akif Çovdarovla banka getdik, pulu ödəyib bazarın sənədlərini götürdük. Çovdarov Dövlət Əmlak Komitəsində bir nəfərlə əlaqə saxladı, bazarın girovluqdan çıxdığını təsdiq edən sənəd istədi. Həmin şəxs iş vaxtının sonu olmasına baxmayaraq sənədləri dərhal hazırlayaraq Çovdarova təqdim etdi. Ertəsi gün Akif Çovdarov qardaşımı özü ilə notariusa apararaq ondan bazarın mülkiyyət hüququnun Qulu Cəfərov adlı şəxsə keçdiyinə dair etibarnamə aldı. Bundan sonra bazara Çovdarovun yaxın qohumu Elşən Hüseynov nəzarət etməyə başladı”.
Salman Səfərov deyir ki, bazarı onların əlindən alandan sonra səhmlərini MTN-in rəhbərliyində yer alan şəxslər arasında bölüşdürüblər. Sahibkar o vaxt Akif Çovdarovun quldurluq əməlləri ilə bağlı nazir Eldar Mahmudova və digər qurumlara onlarla teleqram, şikayət göndərdiyini deyir. Ancaq bu şikayətlərin heç bir nəticəsi olmur, əksinə, onu və qardaşlarını MTN-ə çağıraraq hədələyirlər. “Hər dəfə teleqram vuranda Çovdarov məni və qardaşım Cəfəri nazirliyə çağırırdı. Çünki Akif Çovdarovdan hara şikayət yazırdımsa, onları MTN-ə göndərirdilər. Elə bil bütün nazirliklərdə Çovdarovun adamları vardı. Çovdarov məni çağıraraq dedi ki, sənə elə iynə vurduraram, ömür boyu iflic qalarsan, maşınından tank tapılar və heç kim də heç nə sübut edə bilməz. Deyirdi Allaha dua edin ki, evinizi də əlinizdən almıram, gedin başqa işdə çalışın”, – deyə Səfərov bildirir.
Şikayətçi deyir ki, Eldar Mahmudov nazir postundan azad edilən gün Baş Prokurorluğa və Daxili Işlər Nazirliyinə müraciət edib. Bundan sonra onu ifadə vermək üçün Baş Prokurorluğa çağırıblar.
Səfərov deyir: “Gedib ifadə verdim, bazarın sənədlərini təqdim etdim. Yeganə tələbimiz odur ki, araşdırma aparılsın, bazarın kimə məxsus olduğunu dəqiqləşdirsinlər. Biz ”Maral-Veqa” MMC kimi 2000-ci ildə bazarın 50 faizini, 2002-ci ildə isə qalan hissəsini almışıq. Bazar böyük qardaşım Cəfər Səfərovun adına rəsmiləşdirilib, elə buna görə də Akif Çovdarov daha çox ona işgəncə vermişdi”.
Sahibkarın sözlərinə görə, hüquq-mühafizə orqanlarında deyiblər ki, bazarın onların əlindən zorla alındığını bilirlər. Ancaq nədənsə bazarın mülkiyyət hüququnu hələ də onlara qaytarmayıblar. Başqa sözlə, bazara hələ də Akif Çovdarovun adamı nəzarət edir. Bu isə o deməkdir ki, bazardan yığılan yer haqları (söhbət hər il milyonlarla dollardan gedə bilər) hələ də Çovdarov və digərlərinin büdcəsinə axır.
Çovdarovun pomidorlarına görə iki rəis işdən çıxarıldı
Bu arada məlum olub ki, virtualaz.org saytının “Zaqatalanın talanan meşələri ilə Çovdarovun pomidorları arasında nə əlaqə…” adlı araşdırma yazısından sonra Zaqatala rayonunda iki vəzifəli şəxs cəzalandırılıb.
Bu yazının dərcindən sonra artıq fəaliyyətinə xitam verilmiş MTN-in Zaqatala rayon şöbəsinin rəisi Əliyənnaqi Isaqov sərəncama göndərilib. Zaqatala rayon Meşə Təsərrüfatı Idarəsinin direktoru Iqbal Əliyev isə işdən çıxmaq barədə ərizəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edib.
Həmin yazıda Akif Çovdarovun Bakının Masazır qəsəbəsində yerləşən nəhəng istixana kompleksinə pomidor yeşikləri hazırlamaq üçün taxtaların Göyçay rayonunda fəaliyyət göstərən sexdən göndərildiyi göstərilmişdi.
Həmin sexin sahibi Şamil Abdullayevin oğlu Vasif Abdullayev MTN-in Zaqatala rayon şöbəsinin əməkdaşı idi. Məlum olub ki, yazının dərcindən sonra həmin əməkdaş da işdən çıxarılıb.
Habelə yazıda deyilirdi ki, Zaqatala Meşə Təsərrüfatı Idarəsinin direktoru MTN-in rayon şöbəsinin qohumudur. MTN-in rayon şöbəsinin rəisi isə Akif Çovdarovun adamıdır, həmin vəzifəyə təyinatı onun köməyi ilə baş tutub.
Göyçaydakı taxta sexinin sahibi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin Inkişafı Departamentinin direktoru Şakir Ismayılovla yaxın münasibətlərə malikdir. Bu əlaqələr zəncirinin nəticəsi olaraq Zaqatala meşələrindən qanunsuz qırılan qiymətli ağaclar taxta olaraq Çovdarovun sexini təchiz edir.
Yazı dərc ediləndən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi də rayona xüsusi komissiya göndərib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbələri olmayacaq
Fəaliyyətinə xitam verilmiş MTN-in bazasında yeni yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) strukturunun necə olacağı barədə ilk rəsmi məlumat açıqlanıb.
DTX-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini icra edən Arif Babayev ANS telekanalına müsahibəsində bu barədə danışıb. Onun bildirdiyinə görə, DTX-nin strukturunda regional idarələr yaradılacaq. Bu isə o deməkdir ki, DTX-nin MTN kimi rayon şöbələri olmayacaq. “DTX-nin bütün istiqamətlərdə fəaliyyətinin optimallaşdırılması planlaşdırılır. Bununla əlaqədar olaraq struktur dəyişiklikləri aparılır. Regional idarələrin yaradılması nəzərdə tutulur. Xidmətin strukturu daha çevik və operativ olacaq”,- deyə Arif Babayev deyib.
Onun sözlərinə görə, paralel olaraq DTX-nin kadr potensialı məsələsi də həll edilir. “Xidmətə xarici dil bilən gənc əməkdaşlar işə götürüləcək. Bundan əlavə əvvəllər bəlli səbəblərə görə işdən kənarlaşdırılmış peşəkarlar yenidən işə cəlb olunacaq. Xidmətin ştat vahidi MTN-in ştat vahidindən az olacaq”, – Arif Babayev deyib.
Namiq Abbasov MTN-in ləğvindən danışdı
“Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğv edilməsi dövlət başçısının qərarıdır. Bu qərara hörmətlə yanaşıram”. Bunu isə modern.az saytına açıqlamasında 1995-2004-cü illərdə Azərbaycanın milli təhlükəsizlik naziri olmuş Namiq Abbasov deyib.
Namiq Abbasov həmçinin bildirib ki, zamanı qabaqlamaq lazım deyil. “Bilirsiniz, bu sahədə yeni addımlar atılır. Hələ yol gedilir. Bir ilə, iki ilə, üç ilə bilinəcək ki, hər şey yerində olubmu?! Ona görə də zamanı gözləmək lazımdır. Başqa rəy bildirməyə lüzum görmürəm”.
Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Nazir postundan azad ediləndən sonra o, 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxıb.





