“Mənə qarşı məhkəmə qərarı «Qasid»ə yönəldilsin»

shirin-ceferli“Gündəm-Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərli onun üzərinə qoyulmuş təxminən 70 min manatlıq vergi borcunun bir hissəsinin “Qasid” yayım firmasına yönəldilməsini istəyir. Bu barədə o, dünən Yasamal Rayon Məhkəməsində keçirilən iclasda bildirib.

Xatırladaq ki, Şirin Cəfərli 2013-cü ilin mayında Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 213.2.2 (külli miqdarda gəlir əldə etməklə vergi ödəməkdən yayınma) ittihamı ilə iki il sınaq müddəti olmaqla, üç il şərti azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını təmin edərək, 71478 manat ödəməsi barədə qərar çıxarıb. Həmin hökmdən verilən apellyasiya şikayətinə baxılana qədər Şirin Cəfərli 540 manat ödəyib.

Şirin Cəfərli qalan məbləği ödəmədiyinə görə bu ilin fevralında 500 manat cərimələnib. Bundan sonra – martın 5-də isə Ədliyyə Nazirliyinin Istintaq Idarəsində ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını icra etməmə) maddəsilə cinayət işi başlanıb. Şirin Cəfərli müraciət edərək, Kəpəz Rayon Məhkəməsinin hökmündən Ali Məhkəməyə kassasiya şikayəti verdiyini, orada qərar çıxarılana qədər cinayət işinin icraatının dayandırılmasını istəyib. Ali Məhkəmənin qərarına qədər icraat dayandırılıb.

Oktyabrın 12-də Ali Məhkəmə kassasiya şikayətini təmin etməyərək, Kəpəz Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra Ədliyyə Nazirliyindəki cinayət işi üzrə istintaq davam etdirilib.

Şirin Cəfərliyə qarşı Cinayət Məcəlləsinin 306.2-ci maddəsilə ittiham üzrə işə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyilə baxılır.

Dünənki məhkəmə iclasında çıxış edən Şirin Cəfərli bildirib ki, Ali Məhkəmənin qərarını gözlədiyinə görə vəsaiti ödəməyib. O həmçinin “Qasid” yayım firmasının “Gündəm-Xəbər” qəzetinin satışından redaksiyaya təxminən 3000 manat borcu olduğunu bildirərək, Kəpəz Rayon Məhkəməsinin icrasının həm də “Qasid”ə yönləndirilməsini istəyib. Qalan vəsaiti isə hissə-hissə tədricən ödəyəcəyini deyib.

Bu iş üzrə şahidlərdən biri də məhkəmə icraçısıdır. O, məhkəməyə gəlmədiyindən proses təxirə salınıb.

Şirin Cəfərli “Azadlıq”a açıqlamasında bildirib ki, Kəpəz Rayon Məhkəməsinin qərarı qərəzli və ədalətsizdir: “Təsəvvür edin, ”Gündəm-Xəbər”in 8000 tirajla vurulub, hamısının da satılması fərziyyəsilə qərar çıxarılıb. Özü də xərclər nəzərə almadan. Qəzet satışından – 40 qəpikdən yalnız çap xərci kimi 7 qəpik çıxıb, qalanı gəlir kimi hesablayıblar. Hamı bilir ki, bu yalandır”.

Aytən Məmmədova