Bu barədə artıq rəsmi müzakirələr aparılır
Xəbər verildiyi kimi, Azərbaycanın “Terrorizmə qarşı Islam koalisiyası”na qoşulmasıyla bağlı rəsmi müzakirələr aparılır. Məsələylə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub. Bildirilir ki, Azərbaycan qanunlarına uyğun olaraq, bu qəbildən olan hər hansı strukturlarda iştirakımız ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə Terrorizmə Qarşı Islam Hərbi Koalisiyası yaradıb və onun ümumi qərargahı Ər-Riyad şəhərində yerləşəcək.
Səudiyyə Ərəbistanının müdafiə naziri Muhammed ibn Salman al-Saud isə bildirib ki, hərbi koalisiya öz fəaliyyətini böyük dövlətlərlə və beynəlxalq təşkilatlarla sıx əlaqədə quracaq. Koalisiyaya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, Yəmən, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Komor adaları, Kot-d’Ivuar, Liviya, Mali, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya, Iordaniya, Fələstin, Livan, Türkiyə, Pakistan, Banqladeş, Maldiv adaları, Malayziya daxil olub.
Bu arada Səudiyyə Ərəbistanı dövlət xəbər agentliyi 34 ölkənin daxil olduğu antiterror koalisiyasının birgə bəyanatını yayıb.
Koalisiyaya Yaxın Şərq və Fars körfəzi ölkələri, habelə Malayziya, Pakistan, Türkiyə və bir sıra Afrika ölkələrinin daxil olduğu bildirilib. Iran bu siyahıda yoxdur.
Yeni hərbi alyansın üzvləri bəyan edib ki, koalisiyanın lideri Səudiyyə Ərəbistanıdır və ər-Riyadda birgə operatv hərbi qərargah yaradılır. Qərargah terrora qarşı birgə mübarizəni koordinasya etməli və dəstəkləməlidir.
Koalisiya “Islam xalqlarını terror bəlasından” müdafiə etmək üçün tam qətiyyətli olduqlarını, islam adından istifadə edən terrorçuların ölüm saçdığını, günahsız insanları qətlə yetirdiyini, insanların əmlakını taladıqlarını bildirir. Koalisiya təkcə “Islam Dövləti”inə qarşı deyil, istənilən terror qruplaşmasına qarşı döyüşəcəyini bəyan edir.
Politoloq Hikmət Hacızadə sözügedən məsələni şərh edərək “Azadlıq”a açıqlama verib. Hikmət bəy Azərbaycanın bu koalisiyaya qoşulacağını mümkün hesab edib:
“Həmin koalisiyaya niyə qoşulmayaq ki?! O koalisiyanın xeyli üzvü var. Biz də ora qoşulsaq çox yaxşı olar”.
Nigar



