Hökumətin ssenarisi bu dəfə də uğur qazanmadı. Bu dəfə də filmdə rol alanlar süni, şit, qeyri-peşəkar göründülər. Çünki, ssenari reallıqdan çox uzaq idi və tamaşaçılar “fantastik” filmləri artıq qəbul etmirlər.
Bəli, Fuad Qəhrəmanlının həbsini nə cəmiyyətə, nə də dünya ictimaiyyətinə qəbul etdirə bildilər. Hamı baş düşdü ki, AXCP-yə qarşı növbəti repressiya dalğası başlayıb və Fuad da budəfəki dalğanın “apardığıdır”. Hərçənd, bu dalğa da böyük qaya parçalarına çırpılıb dağılası oldu. Fuadı isə sanki şərti həbs etdilər və o, yenə də hakimiyyətin ifşası ilə məşğul olurmuş kimidir. Bəli, Fuadın fəaliyyətinə dözüm gətirə bilməyən rejim, onu həbs etməklə, qarşısında birdən-birə yüzlərlə Fuad gördü. Sosial şəbəkədə yüzlərlə insan “mən Fuadam” mesajını verdi. Adamlar həm də Fuadın əvəzindən (#Fuadinevezinden) yazmağa başladı, “Fuadı tutdunuz, amma biz varıq” mesajı verildi.
Əgər Fuadı sərt tənqidlərinə, hökuməti ifşa edən yazılarına görə həbs etmisinizsə, “biz Fuadıq” deyənlərə də eyni maddələrlə cinayət işi açın. Müşahidə etdiyiniz virtual aksiya təkcə etiraz əlaməti deyil, həm də Fuadın əsl vətəndaş olmasının nümayişidir. Bəli, sizin cinayətkar kimi həbs etdiyiniz adama, yüzlərlə insan nümunə kimi baxır. Tanınmış ictimai-siyasi xadimlər Fuadla bağlı qələmə aldıqları təriflərlə onun kimliyini göstərmiş olurlar.
Fuadı həbs etməkdə məqsədlərdən biri də sosial şəbəkələrdə (konkret facebook-da) istifadəçiləri avtosenzuraya məcbur etmək, bu fenomeni də lal-kar informasiya resurslarından birinə çevirməkdir. Amma sosial şəbəkələrdəki ilk reaksiyalar bu niyyətin puça çıxdığını göstərir. Fuadın həbsi qətiyyən qorxu yarada bilmədi. Əksinə, ictimai hiddəti və buna adekvat olaraq cəsarətli çıxışları artırdı. Başqa sözlə, Fuadın həbsi seyrəklik yox, tünlük yaratdı.
Bu həbslə AXCP komandasını pərən-pərən salacaqlarını da düşünürdülər yəqin. Belədirsə, yenə yanılırlar. Bu komanda elə formalaşıb ki, itkilər bütövlük yaradır. Bir halqa oratdan çıxanda, digərləri daha sıx birləşir. Əks halda bu günə qədər davam edən repressiyalar nəticəsində AXCP tarixin arxivində olmalıydı. Amma AXCP tozlu arxivə çevrilməyib, tozlanmışları arxivə göndərməklə məşğuldur.
Biz arzularımıza görə hədəf seçilirik. Fuad Qəhrəmanlı da arzuladığı ölkədə yaşamaq istədiyinə görə həbs olundu. Bəli, o ədalət arzuladığına görə ədalətsizliklə qarşılaşdı. Dövləti sevdiyinə görə “dövlət əleyhinə çağırışlar etmə” ittihamı ilə üz-üzə gəldi.
Amma nəticə göz qabağındadır heç bir ədalətsizlik bu arzulara qalib gələ bilməz. Məhz bunun göstəricisidir ki, Fuadların sayı çoxalıb. Onun yazdığı statuslardan qorxanlar, onun kimi yazan yüzlərlə başqası ilə qarşılaşıb.
İndi Fuadlardan biri Kürdəxanıda, 1001-i isə kompyuter arxasında oturub. Biri şərəfli mübarizədə şərin kəsdiyi cəzanı çəkir, 100-i isə o mübarizəni şərəflə davam etdirir.
Aradan keçən bu bir neçə gün də deməyə imkan verir ki, Fuadın həbsi hakimiyyətə rahatlıq gətirməyəcək, əksinə, əlavə baş ağrısı olacaq. Bu həbs nə AXCP-ni heydən salacaq, nə demokratiya uğrunda mübarizəni səngidəcək, nə də dünyada və ölkədə hakimiyyət üçün getdikcə çətinləşən vəziyyəti aradan qaldıracaq. Amma əvəzində hakimiyyətə basıqları, hiddəti və nifrəti, AXCP-yə, demokratik düşərgəyə isə sayğı və rəğbəti artıracaq. Bu mənada hakimiyyət baltanı əslində öz ayağına vurub. Ağrısını bir az sonra hiss edəcək…