İran İngiltərəyə hücum etdi (FOTO/VİDEO)

Britaniyanın Tehrandakı səfirliyi dağıdıldı; 6 diplomat əsir alındı

İranın xarici işlər naziri Niderlanda buraxılmadı; Isfahanda nüvə obyekti partladıldı

Iranla Ingiltərə arasındakı gərginlik müharibə vəziyyətinə çatdı. Bir qrup iranlı tələbə Ingiltərənin Tehranda yerləşən səfirliyinə hücum edib. Səfirlik binasının önündə aksiya keçirən qrup diplomatik korpusun fəaliyyət göstərdiyi binaya daş və molotof kokteyli atıblar. Vəziyyətin gərginləşdiyini görən səfirlik əməkdaşları binanın arxa qapısından səfirlik ərazisini tərk ediblər.
“Mehr” xəbər agentliyi tələbələrin səfirlik binasının qapısına dırmaşdığını, Ingilis bayrağını endirərək yandırdıqlarını və yerinə Iran bayrağının taxıldığını bildirib. Hadisə yerindən xəbər verən “AFP” agentliyi Ingiltərə bayrağının endirilərək yandırıldığını təsdiqləyib.
Nümayişçilər səfirlik bağçasındakı ofis binalarına daxil olaraq diplomatik sənədləri pəncərələrdən bayıra atıblar. Bəzi sənədlər isə yandırılıb.
Səfirlik binasına soxulan qrup “Ingiltərəyə ölüm” şüarları səsləndiriblər. Etirazçılardan bəziləri səfirlik otaqlarında asılmış Ingiltərə kraliçası ikinci Yelizavetanın portretlərini yerə salaraq tapdalayıblar. “Ingiltərəyə ölüm” şüarları səsləndirən etirazçılar Ingiltərənin səfirinin dərhal Iran ərazisindən çıxmasını tələb ediblər.
Iranın ingiliscə yayımlanan “Press TV” kanalı təhlükəsizlik qüvvələrinin etirazçıların binaya daxil olmasına imkan vermədiklərini bildirib. Xəbərdə səfirlik ərazisinə daxil olan qrupun isə ərazidən uzaqlaşdırıldığı vurğulanıb.

Bayraq yandırıldı, gizli sənədlər ələ keçirildi

Yerli xəbər agentlikləri nümayişçilərin Ingiltərə səfirliyinə aid ikinci binaya da hücum etdiyini açıqlayıb. Səfirlik əməkdaşları arxa qapıdan ərazini tərk ediblər. Tələbələrin 6 səfirlik əməkdaşını girov götürdüyünə dair xəbərlər yayılıb. Lakin bu informasiyalar sonradan heç bir mötəbər mənbədə öz təsdiqini tapmayıb. Etirazçılar səfirliyə məxsus mühüm və gizli qrifli sənədləri ələ keçiriblər. Onlardan bəziləri isə yandırılıb.

London “çox qəzəbliyik” dedi

Hadisəylə bağlı açıqlama verən Iran rəsmisi səfirliyə hücumda Tehran rejiminin heç bir əlaqəsinin olmadığını bildirib. Ingiltərə Xarici Işlər Nazirliyindən yayılan açıqlamada isə deyilir: “Səfirlik binamıza hücum hadisəsi bizi çox təəssüfləndirdi. Hadisənin detalları hələ məlum deyil. Ancaq bəyan edirik ki, hadisənin baş verməsi bizi çox qəzəbləndirib. Hücum aktı qəbuledilməzdir”.
Açıqlamada Iran hökumətinin Vyana Konvensiyasına uyğun olaraq ölkədəki diplomatları və səfirlikləri qorumaq öhdəliyi götürdüyü vurğulanıb: “Iran hakimiyyətindən dərhal hərəkətə keçərək vəziyyəti nəzarət altına almaları, işçilərimizin təhlükəsizliyini və mülkiyyətimizin təhlükəsizliyini təmin etmələrini gözləyirik”.
Əlavə edək ki, noyabrın 14-də ABŞ və Kanadayla birlikdə Ingiltərənin Iranın nüvə proqramının inkişafını önləmək məqsədiylə yeni bir sanksiya paketinin tətbiqi barədə qərar verməsi Tehran rejiminin qəzəbinə səbəb olmuşdu. Noyabrın 27-də Iran parlamentində Ingiltərə ilə diplomatik əlaqələrin səviyyəsinin aşağı endirilməsi və ingilis səfirin ölkədən çıxarılması haqda qərar qəbul olunmuşdu.

Iranlı deputat Ingiltərəni basqınla hədələmişdi

Məlum qərarın müzakirəsi zamanı Iran parlamentinin bir üzvü Ingiltərəni 1979-cu ildə Tehranda yerləşən ABŞ səfirliyinə hücumun təkrarlana biləcəyiylə təhdid etmişdi.
Islam Inqilabının baş verdiyi 1979-ci ildə bir qrup iranlı tələbə ABŞ səfirliyinə hücum edərək diplomatik korpusun əməkdaşlarını 444 gün əsir saxlamışdı.

Macarıstan iranlı nazirin təyyarəsini hava məkanına buraxmadı

Bu arada gündüz saatlarında yayılan xəbərlərə görə, Iranın xarici işlər naziri Əli Əkbər Salehinin Niderlanda səfəri təxirə salınıb. Səfərin təxirə salınmasına səbəb Salehinin təyyarəsinin Macarıstanın hava məkanından keçməsinə bu ölkənin razılıq verməməsi olub. Artıq Macarıstanın Tehrandakı səfirliyindən izahat tələb olunub. Iran XIN-i səfər öncəsi hava nəqliyyatına dair iki ölkə arasında bütün razılaşmaların əldə olunmasına baxmayaraq, Macarıstanın bu addımının anlaşılmaz olduğunu bəyan edib.

Nüvə obyektindəki partlayış gizli saxlanılır

Noyabrın 28-də axşam saatlarında isə Iranın Isfahan şəhərində sınaq xarakterli atom reaktoru və infrastrukturu yerləşən ərazidə güclü partlayış baş verib. Iran mətbuatı öncə yanacaqdoldurma məntəqəsində partlayış baş verdiyi barədə məlumat yayıb. Az sonra Islam Inqilabını Mühafizə Korpusunun təmsilçisi silah daşınması zamanı partlayış baş verdiyini bildirib. Isfahan meri isə hərbi təlimlər zamanı partlayış olduğunu söyləyib. Ümumiyyətlə, partlayışla bağlı vahid versiya yoxdur. Xəsarət alanlarla bağlı da məlumat verilməyib.

Avropa Birliyi Tehrana yeni zərbə hazırlayır

Vaşinqtonda keçirilən ABŞ-Avropa Birliyi toplantısından sonra jurnalistlərə açıqlama verən Avropa Birliyinin prezidenti Herman Van Rompey bildirib ki, rəhbərlik etdiyi təşkilat Tehranın nüvə proqramıyla bağlı Irana qarşı yeni qadağalar paketinin qəbuluna hazırlaşır. Rompey Ağ evdə prezident Barak Obama və ABŞ-ın başqa yüksək vəzifəli rəsmiləriylə birlikdə jurnalistlər qarşısında çıxışı zamanı Irana qarşı məhz hansı sanksiyaların tətbiq ediləcəyi haqda geniş açıqlama verməyib. Avropa rəsmisinin ABŞ-da keçirdiyi görüşdən sonra yayılan birgə bəyanatda deyilir ki, ABŞ və Avropa Birliyi Tehranın nüvə proqramının mümkün hərbi komponentləri barədə ortaq “dərin narahatlıq” keçirirlər.

Elxan