Sabirabad müəllimləri maaşa həsrət qalıb

Müəllimlər 3 aydır naməlum səbəbdən cəzalandırılır

Sabirabad rayonunda təhsil işçiləri yeni dərs ili başlayandan əmək haqqı almağa həsrət qalıb. Rayon təhsil şöbəsi müəllimlərin israrına baxmayaraq onlara maaşların gecikməsi ilə bağlı heç bir ağlabatan izahôat vermir, heç bu yöndə maraqlı da görünmür. 3 aya yaxındır maaşların gecikdirilməsi isə rayonda müxtəlif söhbətlərə səbəb olub. Bəzi şayiələrdə hətta təhsil şöbəsinin müdiri Elman Qəmbərovun müəllimlərin maaşını futbol qumarında uduzduğu da söylənilir.

Rayon bürokratiyasında təmsil olunan bir şəxs isə “Azadlıq”a problemi iki məmur arasında şəxsi intriqanın nəticəsi kimi təqdim edib. Onun sözlərinə görə, müəllimlərin maaşının yubanmasına səbəbkar rayon maliyyə şöbəsinin rəisi Gülüşovdur. Bildirilir ki, Gülüşov bir qohumunu işə düzəltmək üçün Elman Qəmbərova tapşırıb, Qəmbərov isə həmin adama “daha müəllim tapşırıb da, ona görə min manat verərcəksiniz” deyib “endirim” etsə də bu, Gülüşovun xətrinə dəyib, və bütün müəllimlərə sanksiya ilə nəticələnib. Mənbənin sözlərinə görə, Gülüşov ziyafətlərdə bu olayı öz qəhrəmanlığı kimi bəyan etməkdən də çəkinmir.

Rayondakı başqa bir mənbə isə müəllimlərin maaşsız qoyulmasını daha iri hadisələrlə əlaqələndirir. Onun sözlərinə görə, yeni başçı gələnə qədər Sabirabad baş prokuror Z.Qaralovun kurasiyasında idi. Yeni başçı Nazim Ismayılov isə Paşayevlərin komandasına daxildir, yəni rayonun idarə olunmasını Şirvan qruplaşmasına veriblər. Yeni kurasiya isə maliyyə naziri Samir Şərifova tapşırılıb.  “Bununla da Ramiz Mehdiyevə yaxın olan kadrları rayonda vurmağa başladılar. Ilk olaraq başçı keçmiş birinci müavin Vəfadar Bağırovu rayondan uzaqlaşdırmağa nail oldu. Bağırov Mehdiyevə şəxsi sədaqəti ilə tanınan biridir. Amma sonra xeyli sakitçilik oldu. Son zamanlar R.Mehdiyevin xəstələnmə şayiəsi çıxandan sonra Bağırovun rayondakı kadrlarının vurulması prosesinə başlanılıb. Qeyri-peşəkarlığı və əyləncəyə aşırı meyli ilə seçilən rayon Təhsil şöbəsinin müdiri Elman Bünyadov ilk hədəflərdən biridir. Başçı Nazim Ismayılov dəfələrlə üstüörtülü onunla işləmək istəmədiyini bildirsə də, Bünyadov onu kəsinliklə ”başa düşmək istəmir”.

Bunun üçün başçı təhsil şöbəsinin müdiri barədə başqa tədbir tutur. Korrupsiyaya uğramış təhsil şöbəsi müxtəlif pul maxinasiyaları aparıb. Belə ki, Təhsil şöbəsinin mühasibat kollektivi əməkhaqqı cədvəlinə ağlasığmayan müdaxilə edib. Keçən yay məzuniyyət haqları verilərkən məlum oldu ki, müəllimlərin xəbəri olmadan onların hər birindən 10 manat məbləğində təyinatı bilinməyən sığorta pulu tutulub. Sığorta şirkətinin də adı bilinmirdi” – deyə mənbə “Azadlıq”a bildirib.

Natiq Güləhmədoğlu