Rusiyada böhran: Bu, istehlak erasının sonudurmu?

kremlBazar ertəsi məlum olub ki, Yaponiyanın elektronika və maşınqayırma texnikası istehsal edən məşhur Toshiba şirkəti Rusiya istehlak bazarında fəaliyyətini dayandırır.

Xəbər verilir ki, korporasiya bu addımı Rusiyadakı qeyri-sabit iqtisadi vəziyyət və Rusiya bazarına əsasən televozorlar çıxaran Koreya şirkətləri ilə rəqabətə dözməməsi ucbatından atıb.

Rusiyada böhran başlanandan buranı bir çox xarici şirkət tərk edib. Bu, Yeni il bayramı ərəfəsində pərakəndə satış ticarətində özünü xüsusilə büruzə verir.

Finlandiyanın Stockmann şirkəti də noyabrın axırlarında özünün Rusiyadakı bütün ticarət mərkəzlərini satacağı barədə elan verib.

Habelə, pal-paltar satışı ilə məşğul olan Esprit, River Island, New Look və American Eagle Outfitters şəbəkələri də Rusiyadakı bizneslərini dayandırıb.

Bundan başqa 2015-ci ilin noyabrında Rusiyada avtomobil satışında rekord azalma qeydə alınıb. Təkcə bir ayın nəticələrinə görə, satış 43 faiz azalıb. Opel brendi Rusiya bazarını tərk edib, Chevrolet markasından olan avtomobillərin model çeşidi daralıb.

Rusiyalılar faktiki olaraq Türkiyə və Misirin qış çimərliyi istirahətindən məhrum ediliblər.

Avropa İttifaqına, indi isə Türkiyəyə qarşı sanksiyalar ərzaq məhsullarının qiymət artımına səbəb olacaq.

Bəs görəsən, ölkədəki geosiyasi və iqtisadi vəziiyyətin təsiri altında rusiyalıların istehlak vərdişləri necə dəyişib?

Rusiyada istehlak erasının başa çatdığını söyləmək olarmı? BBC-nin Rus xidməti bu barədə ekspertlərin nə düşündüyü ilə maraqlanıb.

Vladimir Rojanovski, “Okey Broker” investisiya qrupunun analitika departamentinin direktoru

İndi nəzərə çarpan budur ki, ilk növbədə turizm sənayesinə zərbə dəyib. Çox sayda rusiyalı Yeni il bayramında isti ölkələrə səfər edirdi. Bu, bir növ ənənəyə çevrilmişdi. İndi isə Misir və Türkiyə bizim üzümüzə bağlıdır.

Turizm sənayesi, heç şübhəsiz, Yeni il qabağı istehlaka mənfi impuls verəcək. Avropa ilə mürəkkəb münasibətlər də bu qitəyə bayram turist səfərlərini azaldacaq. Nəticədə rusiyalıların əksəriyyəti evlərində qalacaq. Ola bilsin ki, ölkədaxili turizmdə kiçik canlanma yaranacaq.

Bu, pərakəndə sənaye üçün müəyyən müsbət amil sayıla bilər, beləki gündəlik tələbat mallarının alınmasının göstəricisi olacaq. Lakin bayramların ardınca əczaçılıq sahəsi üzərinə də təzyiq düşəcək.

Bu iki sənayedə yüksəliş olacaq, çünki adamlar heç yerə getməyəcəklər və daxili malları istehlak edəcəklər.

Başqa sahələrdə nəzərə çarpacaq ciddi mövsüm dəyişikliyi yoxdur. Çünki daha uzun müddətdə istifadə üçün alınan mallar – elektronika, avtomobillər və sairin satışı sikllər üzrə dəyişmir.

Rusiyada Yeni il münasibətilə avtomobil, televizor kimi iri malları hədiyyə etmək ənənəsi yoxdur. Ən çox geyim və ətriyyat məhsullarını bağışlayırlar.

Buradaca qeyd etmək lazımdır ki, ümumi çekin məbləği ciddi şəkildə azalıb.

Demək olar ki, əvvəllər Yeni il bayramında “daha sanballı” hədiyyələr edər, məsələn kostyumlar, kürklər bağışlayardılar. Bu o deməkdir ki, devalvasiyadan əvvəl çekin dəyəri daha yüksək idi.

Satışçılar gileylənirlər ki, noyabr-oktyabrla müqayisədə alıcı axını iki dəfə artsa da, alınan malların orta qəbz – çek dəyəri qalxmayıb.

İndi söhbət daha çox qalstuklardan, qol düymələrindən, uzaqbaşı köynəklərdən gedir. Məsələn, pencəklər hətta endirimlə də yaxşı satılmır.

Satışçılar deyirlər ki, inişil də trafik elə belə olub, lakin o vaxt dollar çeki, məbləğinə görə indikindən üç dəfə baha olub.

Yəni dollarla hesablayanda həcmlər əlbəttə, azalır. Dolların güclənməsinə gəlincə isə, burada proses dövri xarakter daşıyır.

Adətən dekabrda dollar möhkəmlənir. Çünki bütün planet boyunca insanlar Amazon, Ebay kimi beynəlxalq “bazar meydanları” da daxil hədiyyələr alırlar. Qiymətlər isə dollarla müəyyən edildiyindən onun dəyəri qalxır.

Dollara olan sinxron tələbata görə sanki yeni meyl yaranır – az qala şaquli artım baş verir. Lakin sonra, hardasa yanvarın ortalarında bu xətt qırılır və dollar ucuzlaşmağa başlayır.

Kirill Roqov, Rusiya iqtisadçısı və politoloqu

İstehlak modelinin yüksəlişi erası başa çatır. İstehlak yüksəlişi zamanı daxili tələbatın daim artması iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilir. Bu era ötən il rublun devalvasiyası ilə başa çatıb.

İndi biz daxili fərdi istehlakın ixtisarını müşahidə edirik. Satış 10 faiz, maaş 10-11 faiz və elə bu qədər də real gəlirlər azalıb.

Əlbəttə, adamlar bayram bazarlığı edəcəklər, lakin ümumi dəyişiklik hər halda baş verib.

İctimai rəy sorğularına görə, noyabr ayında əhval-ruhiyyə düşüb. Doğrudur, ilin əvvəlində də ruh düşkünlüyü vardı, lakin o sonradan, may-iyun aylarında bir qədər yüksəlmişdi. Sonra bir müddət nisbi nikbinlik oldu. Adamlar hələ də böhranın yüngül və qısamüddətli olacağına ümid bəsləyirdilər.

Lakin payızda, ələlxüsus da noyabr ayında iqtisadi göstəricələrin və əhval-ruhiyyənin yeni pisləşməsi baş verdi.

Bundan sonra, bu böhranın 1998-ci və 2008-ci illərdəki böhrandan daha ağır olduğu dərk ediləcək. 1998 və 2008-də kəskin pisləşmədən sonra kəskin yaxşılaşma qeydə alınmışdı.

Əgər neft qiymətlərinin düşməkdə olması nəzərə alınarsa, heç şübhəsiz istehlakın daha bir ixtisarı dalğası gözlənilir, çünki daxili istehlakda idxalın payı daha böyük yer tutur. Belə olan şəraitdə qiymətlərin qalxması qaçılmaz olacaq.

Bunun isə uzunmüddətli siyasi nəticələrə səbəb olacağı gözləniləndir və əslində, bu proses artıq başlanıb. Ötməkdə olan il göstərir ki, Rusiya cəmiyyəti çox qeyri-sabit siyasi situasiyada yaşayır.

Bir tərəfdən tez-tez, əhalini daim səfərbər ruhda saxlamalı olan xarici siyasət təşəbbüsləri ortaya çıxır, digər tərəfdən daxildə sosial etirazlar baş qaldırır. Uzaq məsafələrə yük daşıyan sürücülərin gözlənilməz aksiyası buna misal ola bilər.

Burada iki cəhət xarakterikdir: bəzi sosial qruplarda vəziyyət, ümumən ölkə miqyasında olduğundan daha pisdir.

Bunlar əsasən bazarla bağlı, istehlak bazarının qalxma-enmələrindən asılı olan qruplardır. Yenə də sürücülərin aksiyası buna nümunədir.

İkinci mühüm cəhətsə budur ki, belə aksiyalar hər yerdə rəğbət qazanmağa başlayır və bu da ümumilikdə siyasi sistem üçün problem yaradır.

 

(bbc azəri)