Həmişəki kimi prezidentin nəzarətə götürdüyü iş nəticəsiz qaldı
2015-ci ildə ölkədə xeyli hadisələr baş verdi. Xüsusən də bu il faciələrlə zəngin oldu. Amma söhbət təbii faciələrdən getmir, məsuliyyətsizliyin, harınlığın, qanunsuzluğun yaratdığı faciələrdən gedir. Bu il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi baş verdi və 15 nəfər həyatını itirdi.
Bu hadisəyə görə ölkədə qeyri-rəsmi matəm elan olundu, insanlar yanan binanın ətrafını ziyarətgaha çevirdilər. Bu hadisə o qədər təsirli oldu ki, prezident təcili müşavirə keçirdi və günahkarların cəzalandırılacağını bildirdi. Yəni prezident yanğın hadisəsini öz nəzarətinə götürdü. Bildiyiniz kimi, yanğına səbəb binaların penoplast materiallarla üzlənməsi olmuşdu. Hələ Binəqədidəki yanğına qədər bir neçə dəfə belə yanğın hadisələri olmuşdu və hökumətə siqnal verilmişdi. Amma həmişəki kimi kimlərinsə külli miqdarda pul qazanması daha vacib oldu və nəticədə 15 insan həyatını itirdi.
Bütün bunları ona görə xatırlatdıq ki, Binqədidəki yanğınla bağlı istintaq işi yekunlaşıb. Deməli, bu miqyasda faciənin baş verməsinə görə “Poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov günahkar bilinib və həbs olunub.
Hələ aylar öncə yazmışdıq ki, bu hadisəyə görə 10-cu dərəcəli adamları həbs edəcəklər. Çünki, məsələnin obyektiv araşdırılması yüksək vəzifəli şəxslərin həbsi ilə nəticələnərdi. Indi camaata inandırmaq istəyirlər ki, bu faciəyə görə hansısa JEK müdiri, icra başçısının keçmiş müavini günahkar imiş. Ancaq balaca uşaq da bilir ki, bu ölkədə böyük biznesləri kiçik adamlar idarə edə bilməz. Xüsusən də ölkə boyu binaların üzlənməsi hansısa icra başçısının müavini, JEK müdiri səviyyəsində təşkil oluna bilməz.
Absurdlar bununla da bitmir. Axı penoplast üzlüklü binalar təkcə Binəqədi ərazisində olmayıb. Ölkənin bütün rayonlarında olub və bu yanğın hər yerdə ola bilərdi. Onda belə çıxır ki, bütün rayonlarda icra başçılarının müavinləri və JEK müdürləri həbs olunmalıdır. Yaxud məntiqlə belə qənaətə gəlmək olar ki, ölkədəki bütün binaları Binəqədinin JEK müdiri üzləyir.
Göründüyü kimi, uzun müddət keçəndən sonra əsl günahkarlar yenə də kənarda qaldı. Bu üzlüklərin vurulmasına sertifikat verən Standartlaşdırma idarəsi, möhür vuran Fövqəladə Hallar Nazirliyi, nəzarət edən BŞIH və digər qurumlar narahat edilmədi.
Ümumiyyətlə, prezidentin nəzarətə götürdüyü bütün işlərin axırı belə olur. Vaxt uzandı, hadisə unuduldu və faciənin məsuliyyəti 1-2 nəfərin üzərinə yükləndi.
Beləliklə, həqiqi günahkarlar yanğından “quru” çıxdı. Bu ölkədə yandıranlar uzun illərdir sığortalanıblar.
Samir